Məhkəmə qərarları › İş №2(011)-430/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-430/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-430/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində xadimə işləyən vaxt cavabdehi tanımış və aralarında tanışlıq münasibəti yranmışdır. Cavabdeh iddiaçıdan yazılı borc müqaviləsi bağlanmadan, hissəhissə olmaqla, ayrı-ayrı vaxtlarda dəflərlə borc məqsədilə pul almışdır.

2. Cavabdeh aldığı pulları iddiaçıya qaytarmamışdır. İddiaçının şikayəti əsasında Bakı şəhəru Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılmış və PB-nin təhqiqatçısı polis kapitanı Vasif Calalov tərəfrindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü tarixdə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, iddiaçı izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə iki dəfə 150 manat olmaqla 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 70 manat olamqla, cavabdehə 470 mamat pul vermişdir.

3. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi barədə sözügedən qərarda təhqiqatçı iddiaçının 470 manat pulunun naməlum şəxs tərəfindən ələ keçirilməsi qənaətinə gəlsə də, talanmış əmlakın həcminə görə əməlin CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibini yaratmadığıdan cinayət işinin başlanmasının rədd edilməsi barədə nəticəyə gəlmiş, eyni zamanda iddiaçının pulunu talamış naməlum şəxsin gələcəkdə tapılaraq AR İXM-nin 227-ci maddəsi ilə barəsində inziati tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti əmakdaşlara həvalə edilməsini qərarında göstərmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 4000 manat məbləğində pulun və ödənilmiş 61 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində xadimə işləyərkən orada fəaliyyət göstərən kafeyə mütəmadi çay içməyə gələn vaxt cavabdehi tanımış və aralarında dostluq münasibəti yaranmışdır. Cavabdeh 2022-ci ilin oktyabr ayında 10 günə qaytarmaq şərtilə ondan 100 manat borc pul almışdır. Bir müddət keçdikdən sonra yenidən kafeyə gələrkən borc aldığı pulu nə vaxt qaytaracağını soruşmuş, eyni zamanda qızına iş axtardığını bildirdikdə, cavabdeh ondan 470 manat pul istəyərək qızını işə düzəldəcəyini demişdir. O, həmin pulu da cavabdehə nağd qaydada vermişdir. Sonrakı görüşlərində cavabdeh bildirmişdir ki, sosial evlərdən ona ev düzəldə bilər, bunun üçün 4000 manat pul tələb olunur. Onda olan 570 manat pulu nəzərə alaraq əlavə 3430 manat pul verərsə 4000 manat tamamlanır. O, inanaraq 3430 manat pulu hissə-hissə nağd, yaxud ödəmə terminalları vasitəsilə cavabdehə vermişdir. Sonradan cavabdehə zəng edərək sosial ev barədə soruşduqda müxtəlif bəhanələr danışaraq onu aldadırdı. Bir müddət sonra anlamışdır ki, cavabdeh onu aldadır. Dəflərlə pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu 1 il 6 müddət ötməsinə baxmayaraq qaytarmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehə məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan hissə-hissə müxtəlif vaxtlarda təxminən 2000 manata qədər pul almışdır. Aldığı pulun hamsını iddiaçıya qaytaracaqdır. Əvvəllər maddi sıxıntısı olduğundan, sonradan isə həbs olunduğundan iddiaçının pullarını qaytarmamışdır. İddiaçıdan 4000 manat pul almamışdır. Bununla bağlı iddiaçının sübutu varsa məhkəmyə təqdim etsin. İddiaçıdan sosilal evin sənədləşdirilməsi üçün bir dəfə 150 manat, sonra da 100 manat olmaqla, cəmi 250 manat pul aımışdır. Həmçinin, iddiaçının qızının aptekə işə düzəltmək üçün ondan nağd şəkildə 380 manat pul almışdır. İddiaçıdan qalan pulları borc məqsədilə almışdır. Aldığı bütün pulların məbləği isə təxminən 2000 manata qədərdir. Aldığı pulları tam olaraq qaytaracaqdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Məhkəmə iddia tələbinin xarakterini nəzərə alaraq hesab edir ki, mübahisəyə iki aspekt üzrə qiymət verilməlidir: birincisi, tərəflər arasında bağlanmaış şifahi borc müqaviləsi üzrə; ikincisi, iddiaçıya vurulmuş maddi zərər üzrə (iddiaçının qızının işə düzəlməsi və sosial evin sənədləşdirilməsi məqsədilə alınmış puı vəsaitləri).

27. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müxtəlif vaxtlarda və arı-ayrı mələğlərdə iddiaçı tərəfindən pul verilməsi ilə bağlı şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan dəfələrlə borc məqsədilə pul aldığını və həmin pulları ona qaytaracağını da bildirmişdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə müəyyən edilir ki, 2022-ci ilin centyabr ayından başlayaraq 2023-cü ilin yanvar ayınadək müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə məxsus bank kartı hesabına 1398,08 manat pul ödənilmişdir. Həmçinin, məhkəmənin qərarı əsasında "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda 288,4 manat pul ödənilmişdir. Yəni, ümumi halda iddiaçının cavabdehə köçürmə yolu ilə ödənilən pul vəsaiti 1686,48 manat edir. Lakin məhkəmə baxışı zamanı cavabdeh bildirmişdir ki, həmin vəsaitin 250 manat hissəsini o, (iki dəfə - 150 manat və 100 manat olmaqla) iddiaçıya sosial evin sənədləşdirlməsi məqsədilə almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə şifahi borc müqaviləsi çərçivəsində verdiyi pul vəsaiti (iddiaçının sosial evin sənədləşdirlməsi məqsədilə verdiyi 250 manat çıxılmaqla) 1436,48 manat olmuşdur.

28. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin məhəkəmə araşdırması və işdə olan sübutlar əsasında tərəflər arasında şifahi qaydada borc müqaviləsinin bağlanması öz təsdiqini tapmışdır.

29. Borc müqaviləsinin anlayışı verilmiş MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı 2022-ci ilin centyabr ayından başlayaraq 2023-cü ilin yanvar ayınadək müxtəlif vaxtlarda 1436,48 manat pulu (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılmasına dair öhdəlik götürsə də öhdəliyini yerinə yetirməmiş və həmin pulu iddiaçıya qaytarmamışdır.

30. Odur ki, iddiaçı cavabdehə verdiyi borc pul vəsaitini tələb etməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

31. İkinci aspektlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh yenə də məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, iddiaçıdan ayrı-ayrı vaxtlarda sosial evin sənədləşdirilməsi üçün kart hesabına köçürülməklə 250 manat, qızının işə düzəltməsi üçün isə nağd şəkildə 380 manat pul almış, lakin həmin pul vəsaitlərini də iddiaçıya qaytarmamışdır. İddiaçı, ümumilikdə 630 manat pulu müxtəlif məqsədlərlə verməklə əmlakından məhrum olmuş, cavabdeh isə həmin pulu iddiaçıya qaytarmamaqla ona maddi zərər vurmuşdur.

32. Mülki Məcəllənin 21.2-ci maddəsində maddi zərərə verilən anlayışdan da görünür ki, zərər digər əsaslarla yanaşı həm də şəxsin öz əmlakından məhrum olması ilə nətəcələnən hüquq pozuntusunu ehtiva edir. Əvvəldə də şərh edildiyi kimi, iddiaçı həm sosial evin sənədləşdirilməsi, həm də qızını işə düzəltməsi adı altında cavabdehə verdiyi pul vəsaiti həddində (630 manat) maddi zərər çəkmişdir ki, ona vurduğu həmin zərəri də cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə də təmin edilməlidir.

33. Məhkəmə həm də onu qeyd edir ki, iddiaçı cavabdehdən 4000 manat pul tələb etsə də, iddianın ümumilikdə təmin olunmuş 2066,48 manat hissəsindən əlavə 1933,52 manat (4000 manat – 2066,48 manat = 1933,52 manat) hissəsi ilə bağlı məhkəmə mötəbər sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

34. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (iddia tələbi təxminən 52% nisbətdə təmin edilmişdir) tərəflərə aid edilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 2066,48 manat pul və ödənilmiş 31,72 manat dövlət rüsumu manat məbləğində pul vəsaiti və 133 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsmunun 29,29 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar