Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4303/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Yusifov Şəfahət Əli oğlunun, Cavabdeh Əliyev Vəliyəddin Şahmar oğlunun iştirakı ilə, Yusifov Şəfahət Əli oğlunun Əliyev Vəliyəddin Şahmar oğluna qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yusifov Şəfahət Əli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Vəliyəddin Şahmar oğlundan borclu olduğu 8000 manat pulun birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ş.Ə.Yusifov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə bacısıoğlunun vasitəsi ilə tanış olmuşdurlar, tanışlıqdan sonra cavabdehə 2018-ci ilin fevral ayının 5-də birdəfəlik 12.000 manat pul vermişdir, cavabdeh həmin borcu ilin sonuna qədər qaytaracağını bildirmişdir, lakin həmin məbləğin bir qismini, cəmi 4000 manat məbləğində pulu hissə-hissə ödəmişdir, həmin pul kart vasitəsilə göndərilmişdir, belə ki cavabdeh bildirmişdir ki, pulu poçtla göndərdikdə pul çıxır, bu səbəbdən ona kart nömrəsi vermiş, pulun həmin hesaba göndərilməsini bildirmişdir, hazırda cavabdehin qaytarılmamış 8000 manat məbləğində borcu qalmışdır, bununla yanaşı cavabdehə başqa məsələyə görə 2017-ci ildə də əlbəəl borc vermiş, lakin cavabdeh problem yaratmışdır, bu səbəbdən 2018-ci ildə borc pul verdikdə ondan öz yazısı ilə sadə formada qəbz almışdır, ondan pulunu istədikdə dəfələrlə yaxın vaxtlarda ödəyəcəyinə onu inandırmağa çalışmışdır, ona çox güzəştlər etmişdir, arada vasitəçilər də olmuşdur, lakin ödəməmişdir, cavabdeh tərəfindən aldadıldığını anladıqdan sonra polis idarəsinə şikayət ilə müraciət etmişdir, istintaq şöbəsində borc müqaviləsinin olduğu əsas götürülərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda iddiaçı Ş.Ə.Yusifov qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh V.Ş.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri olmuş, 2018-ci ildə restoran işlətmiş, ehtiyac olduğundan iddiaçıdan 12000 manat borc pul almışdır, lakin həmin pulun hamısını qaytarmışdır, onun iddiaçıya borcu yoxdur, pulu həm iddiaçının özünün, həm yoldaşının kartına, həm poçtla, həm də əlbəəl olmaqla hissə-hissə qaytarmışdır, borc bağlanmışdır, bundan iddiaçının bacısıoğlunun da xəbəri vardır, belə ki, iddiaçı, iddiaçının bacısıoğlu və özü söhbət etmiş, lakin sonda iddiaçı borcun bağlandığını qəbul etməmişdir, özü iddiaçıya təklif etmişdir ki, “1000 manat verim, söhbət bağlansın”, lakin iddiaçı bununla razı olmamışdır, 2018-ci ildən əvvəl iddiaçıdan pul götürməmişdir. Sonda cavabdeh V.Ş.Əliyev qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Əliyev Vəliyəddin Şahmar oğlu Yusifov Şəfahət Əli oğlundan 12000 (on iki min) manat pul almış və söz vermişdir ki, həmin pulun 2018-ci ilin aprel ayından etibarən 2018-ci ilin sentyabr ayına qədər qaytarılmasını öz üzərinə götürür. İş materiallarında olan Səbail rayon Polis İdarəsi tərəfindən Yusifov Şəfahət Əli oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səbail RPİ-nin istintaq şöbəsində toplanmış material üzrə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Yusifov Şəfahət Əli oğluna məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Yusifov Şəfahət Əli oğluna qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2000-ci il tarixində verilmiş 030866 nömrəli vəsiqənin surətindən görünür ki, Yusifov Şəfahət Əli oğlu xx.xx.1950-ci ildə Xocavənddə doğulmuşdur, onun hazırda məskunlaşdığı ünvan Ağcabədidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkündür, cavabdeh V.Ş.Əliyev iddiaçı Ş.Ə.Yusifovdan 12.000 manat məbləğində borc pul almış, borcun 2018-ci ilin sentyabr ayına qədər qaytarılmasını öhdəsinə götürmüşdür, bu barədə xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmişdir, həmin borcdan 4000 manat cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır, Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Ş.Ə.Yusifovun müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir, hazırda mübahisə 8000 manat borcun qaytarılması barədədir, iddaçı borcunu dəfələrlə tələb etmişdir. Bununla belə, cavabdehin borc öhdəliklərini istisna edən, habelə 8000 manat borc məbləğinin iddiaçıya qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzin mövcudluğu və bu qəbzin iddiaçı Ş.Yusifov tərəfindən məhkəməyə təqdim edilməsi, borcun ödənilməsini təsdiq edən sübutların olmaması, həmçinin cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən halların məhkəmə tərəfindən müəyyən olunmaması, ikincisi, cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda, onun borcun ödənilməsi barədə kreditora - iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutlarının olmaması, iddia tələbinin əsaslılığını təmin edir. Məhkəmə, cavabdehin “iddiaçıya olan 12.000 manat məbləğində borcu ödəməsi, ona borcunun olmaması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 8000 manat məbləğində pul Əliyev Vəliyəddin Şahmar oğlundan alınaraq Yusifov Şəfahət Əli oğluna ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ondan 100 manat məbləğində pul alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əliyev Vəliyəddin Şahmar oğlundan ümumilikdə 8000 (səkkiz min) manat pul alınaraq iddiaçı Yusifov Şəfahət Əli oğluna ödənilsin. Əliyev Vəliyəddin Şahmar oğlundan 100 (yüz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4303/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4303/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver