Məhkəmə qərarları › İş №2(011)-4304/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4304/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4304/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması üsulunun dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə “21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi” qismində müəyyən olunmuş aliment öhdəliyinin “21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi”nə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdehla 19.02.2002-ci ildə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan 2 övladı: 30.11.2002-ci il təvəllüdlü X4 və 21.05.2008-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir, ailə münasibətləri əvvəlcə yaxşı olsa da, bir müddət sonra pisləşmiş və ayrılmışlar, Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, Cavabdeh 30.11.2002-ci il təvəllüdlü X4 və 21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 30.04.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, qızları Firəngizin artıq 18 yaşı tamam olduğundan Cavabdeh valideyn olaraq öz vəzifələrini yerinə yetirmiş hesab edir və xərclərin ödənilməsində iştirak etmir, halbuki, o, yüksək peşəkar kvalifikasiyaya malik uroloqdur, “Stimul.S Hospital” və Ağdaş rayon Mərkəzi Xəstəxanasında çalışmaqla yüksək əmək haqqı və gəlirə malikdir, hətta cərrahiyyə əməliyyatlarından klinikanın büdcəsinə daxil olan vəsaitlərdən də bonuslar şəklində əlavə gəlir əldə edir, lakin Cavabdeh sabit pul məbləğinin arxasında gizlənməklə öz övladına maddi köməklik göstərməkdən yayınır, bu səbəbdən o, İddiaçı hazırda tələb edəcəyi aliment miqdarını ödəmək iqtidarındadır, bununla belə, uşaqları tək başına saxlamaq İddiaçı çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, onlar böyüdükcə xərcləri də xeyli artmışdır, cavabdehin uşaqların saxlanması üçün verdiyi aliment halhazırkı vəziyyətə görə azdır, uşaqların maddi ehtiyaclarını ödəmək ilk növbədə onun valideynlik borcudur, o isə öz gəlirlərinin məbləğini ciddi cəhdlə gizlətməyə çalışır, onun əmək haqqısı və ona əlavə, digər gəlirlərinin məbləğinin müəyyən edilməsi üçün İddiaçı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X7 Xidmətinə sorğu göndərsə də, sorğuların bəzisinə cavab verilməmiş, verilən cavablar da qənaətbəxş olmamışdır, bu səbəbdən, İddiaçı Cavabdeh uroloq-cərrah qismində əmək fəaliyyəti ilə məşğul olduğu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”ndan və “Stimul.S Hospital”dan qazandığı əmək haqqı və digər gəlirlərinin məbləğləri barədə sorğu verilməsinin təmin edilməsi ilə sübutların toplanmasına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1019/2018 saylı 30.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 19.02.2002-ci il tarixdə Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 204 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 30.11.2002-ci il təvəllüdlü X2 və 21.05.2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, Cavabdeh 30.11.2002-ci il təvəllüdlü X2 və 21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30.04.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, X5 21.05.2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh uroloqhəkim qismində əmək fəaliyyəti ilə məşğul olduğu “Stimul.S Hospital” və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”ndakı əmək haqqı miqdarı və digər gəlirlərinin razılaşdırıldığı əmək müqavilələrinin qeydiyyatına dair arayışın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh uroloq-həkim qismində əmək fəaliyyəti ilə məşğul olduğu “Stimul.S Hospital” və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”ndakı əmək haqqı miqdarı və digər gəlirləri nəzərə alınmaqla İcbari Sosial Sığorta ödənişi qismində keçirdiyi aylıq ödənişlərin miqdarına dair arayışın təqdim olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 09.03.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Cavabdeh razılığı olmadan onun haqqındakı fərdi məlumatların verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 26 fevral 2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” və “Stimul.S Hospital”da əmək fəaliyyəti ilə məşğuldur, həmçinin, əmək haqqı barədə məlumatların əldə edilməsi üçün işəgötürənə müraciət etmək məqsədəuyğundur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 30.11.2002-ci il təvəllüdlü X4 və 21.05.2008-ci il təvəllüdlü X5 doğulmuşdur, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadırlar, onların saxlanması üçün məhkəmə qətnaməsi əsasında təyin olunmuş alimentin məbləği hər ay hər uşağa görə 154 manatdır, uşaqlardan biri yetkinlik yaşına çatmışdır, iddia tələbi yetkinlik yaşına çatmayan digər uşaq- X1 üçün məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş sabit pul məbləği formasında deyil, cavabdehin əmək haqqına uyğun olaraq tutulması barədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nəzərə alınmaqla, alimentin cavabdehin aylıq əmək haqqı və digər gəlirlərinə uyğun məbləğdə tutulması mümkündür. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1019/2018 saylı 30.04.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin təyin olunması üsulunun dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları və iddiaçının alimentin müəyyən olunması barədə dəlillərini nəzərə alaraq cavabdehdən hər ay uşağa görə onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Həmin Məcəllənin 104.2-ci maddəsinə görə, aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə 21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tərəfindən ödənilməli olan 154 manat sabit pul məbləğində alimentin məbləğinin təyin olunması üsulu dəyişdirilərək, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay Cavabdeh qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar