Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4310/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdehdən 1.381,63 manat və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh ilə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 26 yanvar 2018-ci il tarixli 037-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 30 oktyabr 2019-cu il tarixli 480-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixlərdə Oba-Qarayev 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4.421,45 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından da məlum olduğu kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 3039,82 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, cavabdehin yekun olaraq qalıq borcu 1.381,63 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh ilə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 26 yanvar 2018-ci il tarixli 037-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 30 oktyabr 2019-cu il tarixli 480-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixlərdə Oba-Qarayev 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4.421,45 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından da məlum olduğu kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 3.039,82 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, cavabdehin yekun olaraq qalıq borcu 1.381,63 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirərək, hazırkı işə iddia müddətini tətbiq edib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsinə qiymət verərək hesab edir ki, cavabdehin müddətin ötürülməsi ilə bağlı dəlili əsaslıdır. Belə ki, iş üzrə iddiaçı hazırkı iddia tələbi ilə bağlı 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixlərdə aparılmış inventarizasiya sənədlərinə əsaslanır, həmin vaxt maddi ziyanın aşkar edildiyini qeyd edir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Belə ki, iddiaçı hazırkı halda işçisini ona vurduğu maddi zərəri tələb edir və bildirir ki, bu fakt ona 25 mart 2019-cu il və 29 aprel 2019-cu il tarixlərdə aparılmış inventarizasiya zamanı məlum olmuşdur. Buna baxmayaraq, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 08 iyun 2022-ci il tarixdə tarixdə müraciət etmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.5-ci maddəsində bu cür tələb üçün nəzərdə tutulmuş bir illik müddət hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Mülki-Proessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, hazırkı iddia tələbi məhkəməyə iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verildiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mediasiya xərcinin alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı -İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdehdən 1.381,63 manat və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4310/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4310/2022
29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver