Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4318/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1 Cavabdeh qarşı “borcun və ona hesablanmış dəbbə pulunun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32.700 manat borc məbləğinin və ona hesablanmış 2.065 manat dəbbə pulunun, cəmi 34.765 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən müxtəlif vaxtlarda müxtəlif səbəblərlə cavabdehə pul vəsaiti verilmişdir. Cavabdeh pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. İddiaçılar tərəfindən şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət edilmişdir. Abşeron rayon Polis İdarəsinin 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında tərəflər arasında yaranan münasibətlər mülki münasibət olduğundan məhkəməyə müraciət etməli olduqları qeyd olunmuşdur. Cavabdeh İddiaçı1 borc və onu işə düzəltmək adı ilə 19.200 manat, İddiaçı2 2.750 manat, İddiaçı3 4.600 manat, İddiaçı5 3.500 manat, Sevinc Abbasovadan 2.100 manat, İddiaçı4 64.50 qr. qızıl və 550 manat, cəmi 32.700 manat məbləğində pul vəsaitini alaraq geri qaytarmamışdır. Daha sonra iddiaçılar Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 41.300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq İddiaçı4 4.550 manat, iddiaçı X2 2.100 manat, İddiaçı5 3.500 manat, İddiaçı2 2.750 manat, iddiaçı X4 4.600 manat, İddiaçı1 23.800 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında İddiaçı4 4.550 manat, Sevinc Abbasovaya 2.100 manat, İddiaçı5 3.500 manat, İddiaçı2 2.750 manat, İddiaçı3 4.600 manat, İddiaçı1 23.800 manat, cəmi 41.300 manat pul vəsaitinin ondan tutularaq iddiaçılara ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi razılaşmalar əsasında borc münasibətləri mövcud olmuşdur. Qeyd edilən razılaşmalara əsasən cavabdeh iddiaçılardan müxtəlif məbləğlərdə pul almış, lakin pul vəsaitini onlara geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddianın bir hissəsini qəbul etmiş və bununla bağlı ərizə təqdim etmişdir. Belə ki, iş materiallarında olan ərizədən və tərəflərin izahatlarından görünür ki, cavabdeh İddiaçı4 4.550 manat, Sevinc Abbasovaya 2.100 manat, İddiaçı5 3.500 manat, İddiaçı2 2.750 manat, İddiaçı3 4.600 manat, İddiaçı1 23.800 manat, cəmi 41.300 manat pul borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh X5 iddiaçılara olan borcu etiraf etdiyindən, cavabdehdən İddiaçı4 4.550 manat, Sevinc Abbasovaya 2.100 manat, İddiaçı5 3.500 manat, İddiaçı2 2.750 manat, İddiaçı3 4.600 manat, İddiaçı1 23.800 manat, cəmi 41.300 manat pul vəsaiti alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iddia tələbinin 2.065 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında iddiaçı tərəf cəriməni hansı hesablama qaydaları ilə apardığını, qeyd olunan məbləğlərin hansı tarixdən və hansı müddətə hesablanmasını göstərməmiş, o cümlədən tələb olunan dəbbə pulunun mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı4 4.550 manat, Sevinc Abbasovaya 2.100 manat, İddiaçı5 3.500 manat, İddiaçı2 2.750 manat, İddiaçı3 4.600 manat, İddiaçı1 23.800 manat, cəmi 41.300 manat pul vəsaiti alınaraq iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh cəmi 41.300 (qırx bir min üç yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı4 4.550 (dörd min beş yüz əlli) manat, iddiaçı X2 2.100 (iki min yüz) manat, İddiaçı5 3.500 (üç min beş yüz) manat, İddiaçı2 2.750 (iki min yeddi yüz əlli) manat, iddiaçı X4 4.600 (dörd min altı yüz) manat, İddiaçı1 23.800 (iyirmi üç min səkkiz yüz) manat ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4318/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4318/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver