Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-432/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 49 saylı 3 otaqdan ibarət 83 saylı mənzilə həmin binanın 86 saylı mənzilindən çirkab sularının axıdılması nəticəsində mənzilə dəymiş 2.000 manat zərərin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya ödənilməsi və məhkəmə xərclərinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı binanın 83 saylı mənzili 6-cı mərtəbədə yerləşir. Həmin mənzilin hamam tualetinə eyvanına 7-ci mərtəbədə yerləşən 85 saylı mənzilin hamam tualetindən çirkablı sular axıdılır. Mənzilin mülkiyyətçisi X3r. Hazırda Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı binanın 7-ci mərtəbəsində yerləşən 85 saylı mənzildə kirayənişinlər yaşayır. Onlar mənzilin hamam tualetindən çirkab suyu axıdırlar, eyni zamanda 85 saylı mənzildə yaşayan kirayənişinlər tərəfindən hamamda xalça və yun yuyaraq eyvanda sərirlər, həmin sular süzülərək iddiaçının mənzilinin eyvanına axıdılır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, cavabdeh əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, 83 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, 85 saylı mənzilin mülkiyyətçisidir. Məhkəmə tərəfindən sözügedən ünvanda yerləşən binaya keçirilmiş yerli müayinə zamanı binaya xaricdən baxış keçirilərkən mərtəbələrin kəsişməsində yuxarıdan aşağıya su sızması nəticəsində yaranmış izlər aşkarlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 85 saylı mənzildən su axıdıldığı və nəticədə 83 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 85 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 83 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 83 saylı mənzilə su sızması 85 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 85 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri 891 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 83 saylı mənzilinə həmin evin cavabdehə məxsus olan 85 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 891 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə 2000 manat maddi ziyanın dəyməsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə ziyanın vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır, məhkəmə mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 891 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə dəymiş 891 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizalarının dəyəri 100 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, cavabdehdən qalan 20 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manatın 50 manatı İddiaçı, qalan 50 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının mənzilinə dəymiş 891 (səkkiz yüz doxsan bir) manat maddi ziyan və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qalan 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-432/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-432/2022
29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver