Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4332/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək birgə nikahdan doğulmuş övladlarının xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə ailə həyatı qurmuş, nikah xx.xx.2010-cu il tarixində Ağcabədi rayon Nəcəfqulubəyli kənd icra nümayəndəliyində bağlanmış 14 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011 -ci il təvəllüdlü X6, xx.xx.2012-cil il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı üç övladı dünyaya gəlmişdir. İddiaçı bildirir ki, ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonradan cavabdehin iddiaçıya qarşı laqeydliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri korlanmışdır. Nikah Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1290/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü X4, xx.xx.2012-cil il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa 70 manat olmaqla ümumilikdə 210 manat sabit pul məbləğində alimentin Cavabdeh tutlaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İstehlak malların qiymətlərində baş vermiş kəskin artım nəticəsində uşaqların xərcləri də artmışdır. Buna görə də Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların minimum dolanacaq xərclərinin ödənilməsinə kifayət etmir. Bu hal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddia tələbinə etiraz edərək, 448 manat əmək haqqından əlavə gəlirinin olmamasını, hər uşağa 80 manat aliment ödəmək imkanının olmasını nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1290/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Ağcabədi rayon Nəcəfqulubəyli kənd icra nümayəndəliyində bağlanmış, 14 nömrəli nikah akt qeydinin pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh hər uşağa görə 70 manat məbliğində aliment alınaraq X8 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-cı il tarixdə anadan olmuş, ata adı qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-cı il tarixdə anadan olmuş, ata adı qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə anadan olmuş, ata adı qrafasında Cavabdeh qeyd olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, iddiaçının iş yeri “Bakı Şəhəri Üzrə Təhsil İdarəsi”, vəzifəsi “xadimə”, əmək haqqı 448,75 manat qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh iş yeri "xxxx" MMC, vəzifəsi “operator, yanacaq doldurma məntəqəsi”, əmək haqqı 448 manat qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay, hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş arayışlardan görünür ki, iddiaçının aylıq gəliri 448,75 manat, cavabdehin aylıq gəliri 448 manat göstərilmişdir. Buna görə də uşaqları saxlamaqda valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınmalıdır. Məhkəmə hər ay, hər uşaq üçün 235 manat məbləğində alimentin cavabdehdən tutulmasını ağlabatan hesab etmir. Belə ki, cavabdehin gəlirini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli və hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğində aliment cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu (120 x 12=1440) manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 34,40 manat təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 110 (yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4332/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4332/2024
10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver