Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4333/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, 22 iyun 2012-ci il təvəllüdlü X3, 13 mart 2014-cü il təvəllüdlü X1 üçün hər biri 18 yaşına çatanadək cavabdeh Mürsəl (Mürsəliyev) Sabir Adil oğlundan hər biri üçün hər ay sabit pul məbləğində 220 manat, cəmi 440 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Mürsəliyev (hazırda Mürsəl) Sabir Adil oğlu ilə 26 noyabr 2009-cu il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan 22 iyun 2012-ci il tarixdə X6, 13 mart 2014-cü il tarixdə X7 anadan olmuşdurlar. İlk vaxtlar münasibətləri normal olmuşdur. Lakin sonradan X8 ailəyə baxmadığından, maddi cəhətdən ailəsini təmin etmədiyindən aralarında mübahisələr düşməyə başlamışdır. Aralarında yaranmış mübahisələr və münaqişələr ailə münasibətlərini davam etdirməyi imkansız etmişdir. Bütün bunlardan sonra birgə yaşamaları və ailənin mövcudluğu mümkün deyildir. Faktiki olaraq nikah mövcud deyildi və ancaq rəmzi xarakter daşıyırdı. Uşaqlar iddiaçının himayəsindədir. Bununla əlaqədar, Xətai rayon Məhkəməsi tərəfindən “Alimentin tutulması”, daha sonra isə “Nikahın pozulması” barədə iddia qaldırılmışdır. Xətai rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(011)-1304/2015 nömrəli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 22 iyun 2012-ci il təvəllüdlü X3 və 13 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 fevral 2015-ci il tarixdən başlayaraq cavabdeh Mürsəliyev (hazırda Mürsəl) Sabir Adil oğlundan iddiaçı Mürsəliyeva (hazırda Məmmədova) Ülviyyə Fazil qızının xeyrinə hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulması; 06 mart 2015-ci il tarixdən başlayaraq 13 mart 2014-cü il təvəllüdlü X7 üç yaşına çatanadək cavabdeh Mürsəliyev (hazırda Mürsəl) Sabir Adil oğlundan iddiaçı Mürsəliyeva (hazırda Məmmədova) Ülviyyə Fazil qızının xeyrinə hər ay 50 (əlli) manat aliment tutulması qət edilmişdir. Daha sonra nikah məhkəmə qaydasında pozulmuşdur.10 mart 2015-ci il tarixli, 2(011)-1304/2015 nömrəli qətnamədə göstərilmişdir ki, “cavabdehin aylıq gəlirləri və qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən, uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərədə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat alimentin tutulmasını məqəsədəmüvafiq hesab edir. 2023-cü ildə Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bildirir ki, hazırkı vaxtda, uşağın saxlanması üçün cavabbdeh hər bir uşaq üçün 170 manat məbləğində aliment ödəyir ki, bu alimentin məbləği (yəni hər biri üçün 170 manat) Respublika üzrə uşaqlar üçün müəyyən olumnuş yaşayış minimumundan azdır. Həmçinin, uşaqlar böyüdükcə onların saxlanmasına hər biri üçün 170 manat yetmir. Hazırda uşaqları müxtəlif dərnəklərə və hazırlıqlara qoyur, buna da cavabdehin ödədiyi pul bəs etmir. İddiaçı işləmir uşaqların tərbiyyəsi ilə məşğul olduğunu bildirmişdir. Tərəflərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən alimentin hər uşaq üçün aylıq 170 manatdan 220 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddiaçının əmək haqqının aylıq 350 manat olduğunu nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1431/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6996/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment X12 oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay, hər uşağa görə 170 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları, həm istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı artmış, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 440x12=5280 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 72,80 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 72,80 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəi Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1431/2020 saylı qətnaməsi ilə Mürsəl (Mürsəliyev) Sabir Adil oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 22 iyun 2012-ci il təvəllüdlü X3, 13 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Mürsəl (Mürsəliyev) Sabir Adil oğlundan hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Mürsəl (Mürsəliyev) Sabir Adil oğlundan 72,80 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4333/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4333/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver