Məhkəmə qərarları › İş №2(011)-4343/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4343/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4343/2021 07.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - 14 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(011)- 5289/2017 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 175,0 (yüz yetmiş beş) manat olmaqla alimentin sabit məbləğdə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 15 sentyabr 2009-cu ildə nikaha daxil olmaqla ailə qurmuş, birlikdə yaşamaqla ümumi təsərrüfat aparmış, birgə nikah münasibətlərindən 2010-cu il iyun ayının 14-də oğlu X3 doğulmuşdur. Cavabdehlə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş oğlu iddiaçının himayəsində qalmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2013-cü il tarixli 2(011)-564/2013 saylı qətnaməsi ilə Cavabdeh hər ay 100 (bir yüz) manat olmaqla aliment xeyrinə tutulmuşdur. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə 24.04.2017-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək 14.06.2010-cu il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli İş № 2(011)-564/2013 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər ay 136, 6 (yüz otuz altı manat altmış qəpik) manat məbləğində müəyyən olunması və uşağın hazırlığa getdiyinə görə 50 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxaraq iddia tələbini qismən təmin etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli 2(011)- 564/2013 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq X2 yetkinlik yaşına çatanacək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutulmasına dair 25.05.2017-ci il tarixli 2(011)-5289/2017 saylı qətnamə çıxarmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ikinci dəfə nikaha daxil olduğunu, həmin nikahdan 2 uşağının doğulduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli 2(011)-564/2013 saylı qətnaməsi ilə, Cavabdeh ilə Məhərrəmova (Xəlilova) Elnarə Vaqif qızı arasında 15 sentyabr 2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 1057 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, Cavabdeh ilə Məhərrəmova (Xəlilova) Elnarə Vaqif qızının birgə nikahından anadan olmuş 14 iyun 2010-cu il təvəllüdlü X2 boşanmadan sonra anası Məhərrəmova (Xəlilova) Elnarə Vaqif qızının yanında qalması, Cavabdeh 14 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 yanvar 2013-cü ildən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Məhərrəmova (Xəlilova) Elnarə Vaqif qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli 2(011)-5289/2017 saylı qətnaməsi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-564/2013 saylı 30.01.2013-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 14.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 136,6 (bir yüz otuz altı manat altmış qəpik) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Baxılan iş üzrə uşaq üçün alimentin tutulması barədə qətnamə 25.05.2017-ci il tarixdə qəbul edilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə 29.04.2021-ci il tarixdə verilmişdir. İddiaçı ötən müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Cari ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsi iddianın təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, əvvəlki qətnamə ilə uşağın saxlanması üçün tutulan aliment 136,6 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halları, habelə uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 14 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(011)- 5289/2017 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 175,0 (yüz yetmiş beş) manat olmaqla alimentin sabit məbləğdə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar