Məhkəmə qərarları › İş №2(011)-437/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-437/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-437/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul üçün 3430 manat ödənilməmiş hissə, 669 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Led televizor üçün 1245 manat ödənilməmiş hissə, 362 manat dəbbə pulu olmaqla, ümumilikdə 5706 manat borc və 77,06 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul, LG Led televizor almış və nəticədə 5706 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4916 manat (24 ay x 203 manat + 44 manat ilkin ödəniş) Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul üçün ümumilikdə 4099 manat olmaqla ondan, 3430 manat ödənilməmiş hissə, 669 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2004 manat (18 ay x 93 manat + 330 manat ilkin ödəniş) olan LG Led televizor üçün ümumilikdə 1607 manat olmaqla ondan, 1245 manat ödənilməmiş hissə, 362 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində Bugatti markalı stuldan imtina etmiş və məhsul 1442 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 44 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1442 manat, ümumilikdə, 1486 manat təşkil edir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 759 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında cərimə borcunun şişirdilmiş olduğunu bildirərək, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə № 20181039 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. xx.xx.2019-cu il tarixdə № 01076008 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən LG Led televizor ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli müqaviləyə görə cərimə pulunun 669 manat məbləğində deyil, 343 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə görə cərimə pulunun 362 manat məbləğində deyil, 124 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 77,06 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16 mart 2020-ci il tarixli müqaviləyə görə 3430 (üç min dörd yüz otuz) manat ödənilməmiş hissə, 343 (üç yüz qırx üç) manat dəbbə, ümumilikdə 3773 (üç min yeddi yüz yetmiş üç) manat məbləğində borc pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. 25 noyabr 2019-cu il tarixli müqaviləyə görə 1245 (min iki yüz qırx beş) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə, ümumilikdə 1369 (min üç yüz altmış doqquz) manat məbləğində borc pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. 77,06 (yetmiş yeddi manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar