Məhkəmə qərarları › İş №2(011)-437/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-437/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-437/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi olaraq nikah qurmuşdur və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2011-ci il təvəllüdlü Azər adlı övladları doğulmuşdur. Keçmiş həyat yoldaşı Cavabdeh qonşuları X6 ilə birlikdə ailə münasibətlərinə xəyanəti, X6 tərəfindən xx.xx.2019-cu il tarixdə qısqanclıq zəminində ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qəsdən yandırılması və ümumilikdə 85000 manat məbləğində iddiaçıya maddi ziyanın vurulması nəticəsində ailə münasibətləri soyumağa başlamışdır. İddiaçı dəfələrlə keçmiş həyat yoldaşı Cavabdeh ailənin dağılmaması üçün şanslar versə də, cavabdeh ona qarşı xəyanətkar hərəkətlərini davam etdirmiş, X4 bakirəliyini pozduğuna görə sonuncunun qohumlarının hədə-qorxusu nəticəsində X6 ilə dini nikaha girərək ona iddiaçıdan xəbərsiz Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2 sot torpaq sahəsi üzərində bir mərtəbəli fərdi yaşayış evi tikilmiş və hazırda onunla ər-arvad münasibətləri yaşayır. Buna görə də iddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(048)-357/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək nikahın pozulmasına, habelə həmin nikahdan olan uşaqların iddiaçının yanında qalması və onların 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021ci il tarixdən başlayaraq onun qazanc və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan icra vərəqəsinin icrası zamanı Cavabdeh özünün əsl qazancını qəsdən gizlədərək formal arayışa uyğun olaraq yəni ayda iki uşağın saxlanılması üçün cəmi 200 manat məbləğində ödənilir. Cavabdeh iddiaçıya iki uşağa görə hər ay ödədiyi cəmi 200 manat məbləğində aliment uşaqlarının normal saxlanılması üçün kifayət etmir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər uşağa 200 manat olmaqla hər ay cəmi 400 manat məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat dövlət rüsumunun xeyrinə tutulması haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu tarixdən xx.xx.2023-cü il tarixədək ayda hər uşağa 200 manat olmaqla hər ay cəmi 400 manat sabit məbləğdə, xx.xx.2023-cü il tarixdən isə ayda hər uşağa 220 manat olmaqla, hər ay 440 manat sabit pul məbləğində hesablanmaqla alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, hər uşağa ayda 120 manat olmaqla, 2 uşağa 240 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı Lerik Rayon Məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq (barışıq müddətində) iddiaçı X5 xeyrinə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həddində aliment tutulub X7 verilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ № 092289 seriyalı, 540 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 31 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X8r. İş materiallarında olan AZ-İİ № 092290 seriyalı, 540 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01 dekabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X8r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 31 dekabr 2009-cu il təvəllüdlü X13 və 01 dekabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay hər uşağa görə 193 manat məbləğində, xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 220 manat məbləğində aliment və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 31 dekabr 2009-cu il təvəllüdlü X13 və 01 dekabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay hər uşağa görə 193 manat məbləğində, xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 220 manat məbləğində aliment və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar