Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4370/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 16 aprel 2013cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 mart 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh X1 şəhərində yerləşən N saylı hərbi hissədə çalışırdı və onun aylıq əmək haqqı 1.350 manat təşkil edirdi. X7 N saylı hərbi hissədə artıq çalışmadığı üçün aylardır ki, iddiaçı aliment pulunu ala bilmir. İcra məmurundan aliment pulunun ödənilməsini tələb etdikdə, cavabdehin başqa gəlirlərinin olmadığını bildirir. İddiaçı bu ciddi məsələ ilə bağlı Mediasiya təşkilatında da müraciət etmişdir. Cavabdeh təşkilatda iştirak etməmişdir. İddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 mart 2024-cü il tarixli arayış verilmişdir və artıq alimentin miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. İddiaçı tək başına 3 övladının tələbatını çətinliklə ödəyir. Cavabdeh iddiaçıya olan qərəzli münasibəti səbəbindən doğma övladlarına maddi yardım göstərmir. 6 aydır ki, iddiaçı övladlarına çətinliklə də olsa təkbaşına baxır. X5 Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 235 manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, yanaşı həm də vacib hüquqi vəzifələridir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, hazırda 556 manat əmək haqqı alır və tələb edilən məbləğdə alimenti ödəmək iqtidarında deyil. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 mart 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı hazırda təyin edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, İddiaçı “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ-də aparıcı mütəxəssis vəzifəsində çalışır və 2.000 manat əmək haqqı alır, Cavabdeh isə "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat əmək haqqı alır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər hərbi qulluqçu olmuş, məhkəmə tərəfindən təyin edilmiş aliment onun əmək haqqısına yönəldilmişdir. Cavabdeh hazırda iş yerini dəyişmiş, iddiaçı da hissəvi təyin edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh hazırda "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat əmək haqqı alır. Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehin aldığı əmək haqqı miqdarını da nəzərə alaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq olaraq cavabdehdən 77.60 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X6, 11 iyul 2017-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 77.60 (yetmiş yeddi manat altmış qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4370/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4370/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver