Məhkəmə qərarları › İş №2(011)-4372/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4372/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4372/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 04.10.2019-cu il tarixli Baku1-25666-2146 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1484.90 manat əsas borc, 8.83 manat cari faiz borcu olmaqla ümumilikdə 1493.73 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında 04.10.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədilə illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 1.575.88 manat məbləğində güzəştli kredit verilmişdir, müqavilədən irəli gələn öhdəliklərinin təmini məqsədilə Cavabdeh1 ilə Cavabdeh2 arasında 04.10.2019-cu il tarixdə Zaminlik müqaviləsi imzalanmışdır, tərəflər arasında imzalanmış ödəniş qrafikinə əsasən, borclu ilk 12 ay ərzində hər ay 2 manat, növbəti 48 ay ərzində isə hər ay 33.50 manat ödəniş etməli idi, lakin o, öz üzərinə düşən öhdəliyi lazımınca icra etməkdən boyun qaçırmışdır. Sonda, Nümayəndə iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.10.2019-cu il tarixli Baku1-25666-2146 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 60 ay müddətinə 1575.88 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.10.2019-cu il tarixli Baku1-25666-2146+Baku1-39752 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 ilə Cavabdeh2 arasında borclunun öhdəliyini lazımınca və vaxtında icra etmədiyi təqdirdə kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin qarşısında birgə məsuliyyət daşımağı təsdiq edən Zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan 04.10.2019-cu il tarixli ödəniş qrafikinə əsasən, Cavabdeh1 04.10.2024-cü il tarixinə qədər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə hissə-hissə əsas məbləğ qismində 1575.88 manat, faiz qismində isə 48.18 manat ödəməlidir. İş materiallarında olan 26.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki., Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə əsas borcun 90.98 manat hissəsi, faiz borcunun 15.02 hissəsini, ümumilikdə isə 106 manat ödəmişdir. Həmin ödənişlər nəticəsində borclunun 1484.90 manat əsas borcu, 8.83 manat faiz borcu, ümumilikdə isə 1493.73 manat borcu ödənilməmiş qalmışdır. İş materiallarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 və Cavabdeh2 30.03.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 04.10.2019-cu il tarixli Baku1-25666-2146 saylı Kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 60 ay müddətinə 1575.88 manat məbləğində kreditin ayrılması barədə 04.10.2019-cu il tarixli Baku1-25666-2146 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borclu Cavabdeh1 ilə Cavabdeh2 arasında 04.10.2019-cu il tarixli Baku1-25666-2146-Baku1-39752 saylı Zaminlik müqaviləsi imzalayaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin qarşısında birgə məsuliyyət daşımaqları ilə bağlı öhdəlik götürmüşlər, Cavabdeh1 müvafiq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1484.90 manat əsas, 8.83 manat faiz borcu qalmışdır və bu məbləğin hər iki cavabdehdən birgə qaydada ödənilməsi tələb olunur. Bununla belə, qalıq borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc kimi 1484.90 manat, faiz borcu kimi 8.83 manat pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019cu il tarixli Baku1-25666-2146 saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 borc qismində 1484.90 manat əsas, 8.83 manat cari faiz borcu olmaqla ümumilikdə 1493 (min dörd yüz doxsan üç) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar