Məhkəmə qərarları › İş №2(011)-439/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-439/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-439/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8184/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşağın saxlanılmasına görə cavabdehdən tutulan aylıq 160 manat aliment məbləğinin artırılaraq, hər ay üçün 300 manat məbləğində tutulmasına kəskin ehtiyac yaranmışdır. Belə ki, həmin qətnamənin qəbul edilməsindən artıq 3 il keçmişdir və hazırda X3 14 yaşı var. Bu 3 il ərzində uşağın tələbatının ödənilməsi üçün çəkilməli olan xərclərdə, həm onun yaşının artması ilə əlaqədar olaraq, həm də qiymətlərin inflyasiya səbəbi ilə kəskin qalxmasından dolayı Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 160 manat aliment məbləği hazırda uşağın tələbatının tam ödənilməsinə yetmir. Bundan əlavə cavabdeh həmin 160 manat məbləğində alimenti də tam və vaxtıvaxtında ödəmir. Cavabdehin hazırkı iddia ərizəsi təqdim edilən gün üçün 2972 manat aliment borcu mövcuddur ki, bu məbləğ qətnamə qəbul edildikdən bu günədək uşağın hər ay 82 manatdan məhrum olması deməkdir. Lakın vaxtında hər ay üçün ödənilməli olan həmin 82 manatın faktiki istehsal dəyəri ödənilməli olan vaxtla müqayisədə hazırkı 82 manata bərabər deyildir. Bu səbəbdən tərəflərin birgə nikahından doğulmuş X6 faktiki olaraq bu gün üçün yuxarıda göstərilən məbləğdən daha çox zərərə məruz qalmışdır. Həmin zərərin kompensasiya edilməsi üçün aliment məbləğinin artırılaraq hər ay üçün 300 manat müəyyən edilməsi lazımdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını tək ödəmək iddiaçıya çox çətindir. Cavabdeh mediasiya sessiyasında tələbini tamamilə rədd etmiş, bu səbəbdən də ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkünsüz olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, o məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməməklə yanaşı, cavabdehin hazırda evləndiyini və həmin nikahdan bir övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8184/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmij edilərək, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-6221/2017 saylı qətnaməsi əsasında xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 147040 seriyalı, 2256 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 iyul 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8184/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 31 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 31 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar