Məhkəmə qərarları › İş №2(011)-4390/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4390/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4390/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı “X2” ASC-nin nümayəndəsi X1, Cavabdeh1 oğlunun iştirakı ilə, İddiaçı LPO “X2” ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun,əsas borca hesablanmış faizlərin tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO “X2” ASC Cavabdeh1, Cavabdeh2 qarşı ərizə ilə müraciət edərək, borclu Cavabdeh1 və Cavabdeh2 706,55 manat əsas, 130,76 manat faiz, cəmi 837,31 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X2” ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Kreditor “X2” ASC-nin “Gəncə” filialı ilə borclu Cavabdeh1 Usub oğlu arasında bağlanmış 16.12.2013-cü il tarixli, 063/T saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə məişət avadanlıqlarının alınması üçün 18 ay müddətinə, illik 36 faiz hesablanmaqla 1100 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi’nin 2.3-cü bəndinə əsasən, “Borcalan”ın ssuda hesabına “Bank” tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab olunur. “Kredit müqaviləsi”nin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən, “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 18 (on səkkiz) aydır və bu müddət 16.06.2015-ci il tarixində bitir. Cavabdeh1 bank qarşısında öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə 16.12.2013-cü il tarixdə 063/T-063 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6162/2015 saylı, 21.07.2015-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh1 və Cavabdeh2 706,55 manat əsas, 130,76 manat faiz, cəmi 837,31 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X2” ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6162/2015 saylı, 30.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6162/2015 saylı, 21.07.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, müqavilə üzrə borcu ödədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X2” ASC ilə borcalan Cavabdeh1 arasında 16.12.2013-cü il tarixli 063/T nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “X2” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə 18% ödəmək şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. “X2” ASC ilə zamin Cavabdeh2 arasında 16.12.2013-cü il tarixli 063/T-063 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 “X2” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16.12.2013-cü il tarixli 063/T nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “X2” ASC-nin 10.07.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 10.07.2015-ci il tarixinə 706,55 manat əsas, 130,76 manat faiz, ümumilikdə 837,31 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqların surətindən müəyyən olunur ki, “X2” ASC cavabdehə banka olan borc məbləğini tam olaraq 5 gün müddətinə ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsi üçün ərizəyə görə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X2” ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 banka 50 manat borcu vardır. "xxxx" MMC-nin 27.07.2021-ci il tarixə olan çıxarışına əsasən Cavabdeh1 “X2” ASCyə 16.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcu tam ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 Cavabdeh1 ilə X2” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə icra edilməmiş borc öhdəliyinin mövcud olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə borc öhdəliyi icra etmədiyini iddia etsə də, "xxxx" MMC-nin 27.07.2021-ci il tarixə olan çıxarışına əsasən iddiaçının bu dəlili təkzib edilmiş, yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə qalıq borc müəyyən edilməmişdir. Odur ki, iddia əsas borcun və faizlərin ödənilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia qalan hissələrdə təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə də iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı LPO “X2” ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 706,55 manat əsas, 130,76 manat faiz, cəmi 837,31 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X2” ASC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar