Məhkəmə qərarları › İş №2(011)-4420/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4420/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4420/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh Abyshev Afetin iştirakı ilə İddiaçı cavabdeh Abyshev Afetə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Abyshev Afetə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 20 aprel 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 20 aprel 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh 20 iyun 2018-ci il tarixədək, yəni 2 ay müddətinə qaytarmaq şərtilə iddiaçıya 20.000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Lakin iddiaçı hesab edir ki, sözügedən müqavilə etibarsız hesab edilməlidir. Əslində sözügedən kredit müqaviləsi tam formal müqavilə olmuş və iddiaçı ümumiyyətlə Cavabdeh müqavilədə qeyd olunmuş pul məbləğini almamışdır. Həmin pulu iddiaçıya əslində X1 vermişdir. İddiaçı onunla birlikdə şərikli biznes işləri görürdü. Cavabdeh da onun tanışı idi. X1 iddiaçıya demişdir ki, sən bu müqaviləni imzalasan biz birlikdə biznes işləri ilə məşğul olarıq. İddiaçı da bu səbəbdən bu formal kredit müqaviləsini bağlamağa razılaşmışdır. İddiaçı bu kredit müqaviləsini imzalasa da qeyd olunan müqavilə məbləğini nağd şəkildə almamışdır. Odur ki, hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi mülki qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Abyshev Afet iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında 20 aprel 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İddiaçı 20.000 ABŞ Dolları məbləğində pul borc verməyi, İddiaçı isə 20 iyun 2018-ci il tarixinədək krediti Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı kredit müqavilsi əsasında şərtləşdirilmiş pul məbləğinin ona verilmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Məhkəmə ilk növbədə qeyd ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı işin araşdırılması zamanı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş dispozitiv şərtlərdən heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı öz iddia tələbində müqavilə üzrə müəyyən edilmiş pul vəsaitini almadığına istinad etsə də həmin halı sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, yuxarıda istinad olunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh Abyshev Afetə qarşı - iddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 20 aprel 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar