Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4422/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “əsas və faiz borcunun qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən əsas borc üzrə 3429,79 manat, faiz borcu üzrə 1354,53 manat olmaqla, ümumilikdə 4784,32 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 67,84 manat məbləğində dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar “Aqrarkredit" QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu X1 dair sənədlər S-FK-1042 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səbail filialı ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borcalan") arasında xx.xx.2014-cü il tarixdə, 434-xx.xx.2014-SM7 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderində də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 434-xx.xx.2014-SM7 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün "Borcalan”a 4500 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2.-ci bənd) "Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı "Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4.-cü bəndi) “Borcalan'a verilən vəsaitindən istifadə müddəti 24 aydır. (5.5.-ci bənd) kreditin vəsaitinin istifadə müddəti 24 iyun 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 24 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 3429,79 məbləğində əsas borc, 1354,53 manat məbləğində faiz borcu, ümumilikdə 4784,32 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia müddətinə rəayət edilməklə Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin Qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında ‘‘fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6310/2019 saylı Qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin Qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamasıda qeyd edilmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarxli 3436 saylı bildiriş məktubu göndərilsə də cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən verilmiş iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış № 434-xx.xx.2014-SM7 saylı müqaviləyə əsasən bank Cavabdeh1 illik 22% ödəmək şərti ilə 24 ay müddətinə 4500 manat məbləğində kredit vəsaiti vermişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 434xx.xx.2014-SM7 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələsindən görünür ki, o, Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3-11/1468 nömrəli arayışdan görünür ki, Cavabdeh1 BOKT İddiaçı QSC-yə 3429,79 manat məbləğində əsas, 1354,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4784,32 manat borcu vardır. İşin materiallarında olan BOKT İddiaçı QSC tərərfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, bank borclulara borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə qaytarılmaq şərti ilə 4500 manat kredit verilmişdir. Göründüyü kimi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bunu nəzərə aldıqda iddiaçının mövcud tələblərlə məhkəməyə müraciət etmək üçün son müddəti xx.xx.2019-cu il olmuşdur. İddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin həll edilməsi üçün baxılmamış saxlanmışdır. Həmçinin iddia baxılmamış saxlandığı vaxt iddiaçıya izah olunmuşdur ki, fərmanla bağlı işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçrilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçrilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını ntizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı ilk dəfə tələb irəli sürərkən də iddia müddəti bitmiş, daha sonra iddia xx.xx.2020-ci ildə qeyd olunan Fərmanın icrası ilə bağlı baxılmamış saxlanmış və iddiaçıya kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilmədikdə ağlabatan müddətdə məhkəməyə müraciət etməli olması tövsiyə edilmişdir. İddiaçı isə yenidən məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək, nəzərdə tutulan ağlabatan müddəti kifayət qədər uzun vaxt çərçivəsində ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh1 işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, o, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 67,84 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 67,84 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən əsas borc üzrə 3429,79 manat, faiz borcu üzrə 1354,53 manat olmaqla ümumilikdə 4784,32 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 67,84 manat məbləğində dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4422/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4422/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver