Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-445/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan mənzilinə dəymiş 5.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması və ünvan 1 ünvanda yerləşən mənzilin su borularının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 30 saylı mənzil iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının üst qonşusudur. Bakı şəhəri Xətai rayon 132 saylı Tikinti Kooperativindən alınmış arayışa əsasən ünvan 1 mənzil Cavabdeh adınadır. Mənzildə cavabdehin özü və uşaqları yaşayır. Cavabdehin mənzilinin boruları nasaz olduğundan iddiaçının mənzilinə indiyə qədər külli miqdarda ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehlərdən borularını təmir etməyi xahiş etsə də, heç bir nəticə verməmişdir. Son iki il ərzində hər gün cavabdehin mənzilindən su axmışdır. Cavabdeh isə nasaz olan borularını düzəltdirmək istəmir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan mənzilinə dəymiş 5.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 30 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Gəncə prospekti, ev 89, 34 saylı evin sahibi isə Cavabdehdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/3262 saylı 23 aprel 2021-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 89 saylı evin 30 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 34 saylı mənzildən kanalizasiyanın ana xəttində baş vermiş çat səbəbindən su axıdıldığı müəyyən olunmuşdur. Tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 89 saylı evin 30 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin 2.469,20 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 89 saylı evin 30 saylı mənzilinə həmin evin cavabdehə məxsus olan 34 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 2.469,20 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə 5.000 manat maddi ziyanın dəyməsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə ziyanın vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır, məhkəmə mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 2.469,20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə dəymiş 2.469,20 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının mənzilinə dəymiş 2.469,20 (iki min dörd yüz altmış doqquz manat iyirmi qəpik) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-445/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-445/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver