Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4463/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 Rafiq qızına və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, vurulmuş ziyanın əvəzinin ödənilməsi və sair” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidəki obyektdə dəmir-beton konstruksiya olan dayaq divarın bərpa olunaraq layihə üzrə əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bina sakinlərinin ümumi istifadəsində olan həyətdə qanunsuz olaraq özbaşına inşa edilmiş tikililər, qurğular və avadanlıqların cavabdehlərin hesabına sökülməsi, hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sisteminə binanın fasadına bitişik vəziyyətdə cavabdeh tərəfindən quraşdırılan əlavə dəmir təbəqələrin sökülməsi və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması, hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sisteminə binanın fasadına bitişik vəziyyətdə quraşdırılan əlavə dəmir təbəqələrin sökülməsi və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması üçün 20.000 manat və binanın ümumi əmlakına vurulmuş ziyan üçün 30.000 manat pul vəsaitinin və iddia qaldırmaq üçün ödənilən 20.40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidəki obyektdə Cavabdeh2 və qeyri-yaşayış obyektinin sahibi Cavabdeh1 Rafiq qızı tərəfindən “E” adlı çay evi (gecə klubu) işlədilir. “E” adlı çay evinin fəaliyyəti ilə əlaqədar zirzəmidəki dəmir-beton konstruksiya olan dayaq divar qanunsuz olaraq, tikinti norma və qaydalarına riayət olunmadan, aidiyyəti qurumlardan müvafiq icazələr alınmadan sökülmüş və çay evinin sahəsi genişləndirilmişdir. Nəticədə tikinti norma və qaydaları kobud şəkildə pozulmuş, bina sakinlərinin həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır. Bundan əlavə həmin çay evinin (gecə klubunun) fəaliyyəti ilə əlaqədar qanunsuz olaraq özbaşına əlavə tikililər aparılaraq, avadanlıq və qurğular quraşdırılaraq bina sakinlərinin ümumi istifadəsində olan həyətin bir hissəsi zəbt edilmişdir. Bir çox aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq hər hansı tədbir görülməmişdir. Eyni zamanda qanunvericiliyin tələblərinə zidd olaraq heç bir müvafiq icazə alınmadan binanın fasadına bitişik vəziyyətdə əlavə dəmir təbəqələrdən hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sistemi düzəldilmiş və quraşdırılmışdır. Qeyd olunan hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sistemi binanın fasad görünüşünə xələl gətirir, əlavə dəmir təbəqələrin sakinlərin və uşaqların üstünə düşməsi təhlükəsi vardır. Bundan əlavə həmin qurğular yanğından mühafizə qaydalarına, texnikitəhlükəsizlik qaydalarına riayət edilmədən quraşdırılmışdır və hər an yanğın təhlükəsi var. Çoxmənzilli binanın idarəedicisi İddiaçı MMMC ilə sahə mülkiyyətçiləri, o cümlədən qeyriyaşayış obyektinin mülkiyyətçisi Cavabdeh1 Rafiq qızı arasında çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidəki obyektin fəaliyyəti ilə əlaqədar zirzəmidəki dayaq divarın qanunsuz olaraq müvafiq icazələr alınmadan sökülməsi, qanunsuz olaraq əlavə tikililər aparılaraq avadanlıqlar və qurğuların quraşdırılması təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 05 noyabr 2012-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1-ci və 2-ci blokun zirzəmisində 290 kv.m sahəsi olan 10/10-2012 nömrəli 10 sentyabr 2012-ci il tarixli müqaviləyə əsasən 1-ci blokun 1-ci mərtəbəsində 70.6 kv.m olan 30/125-2006 nömrəli 30 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən həmin sahələrdə qapıların dəyişdirilməsi, zirzəmidə (yəni 1 giriş, 1 yanğı qapısı) və arakəsmələrin yerlərinin dəyişdirilməsi, əlavə pəncərənin açılması, kanalizasiya sistemlərinin yerlərinin dəyişdirilməsi, havatəmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sistemi üçün binanın fasadına əlavə dəmir təbəqələr quraşdırılması və sair işlərin görülməsinə "xxxx" MTK tərəfindən razılıq verilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə keçirilmiş baxış zamanı qeyri-yaşayış sahəsinə quraşdırılmış avadanlıqların yanğın mühafizə qaydalarına, texniki təhlükəsizlik qaydalarına tam uyğun olması, həmin qeyri-yaşayış sahəsində yanğın təhlükəsinin olmaması aşkarlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 oktyabr 2021-ci il tarixli, 10/3488 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidə dəmir-beton konstruksiya olan dayaq divarın bir hissəsində 1,6 m enində, 2,1 m hündürlüyündə qapı boşluğu açılmışdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidə yük götürən digər konstruktiv elementlərin (rigellərin və sütunların) üzərində hər hansı söküntü və dağıntı işlərinin aparılmadığı, həmin tikililərin üzərində çatların olması, çökmə halları müşahidə olunmadığını nəzərə alaraq, həmin binanın birinci və ikinci bloklarının altındakı zirzəmidə dəmir-beton konstruksiya olan dayaq divarın sökülməsi nəticəsində binanın ümumi əmlakına ziyan vurulması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hazırkı iş üzrə İddiaçı MMMC öz hüquqi mövqeyini sübut edə bilməmiş və hüquqlarının pozulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində digər tələblərlə yanaşı, həmçinin vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən 39D nömrəli binanın birinci və ikinci bloklarının altındakı zirzəmidəki obyektdə dəmir-beton konstruksiya olan dayaq divarın bərpa olunaraq layihə üzrə əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bina sakinlərinin ümumi istifadəsində olan həyətdə qanunsuz olaraq özbaşına inşa edilmiş tikililər, qurğular və avadanlıqların cavabdehlərin hesabına sökülməsi, hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sisteminə binanın fasadına bitişik vəziyyətdə cavabdeh tərəfindən quraşdırılan əlavə dəmir təbəqələrin sökülməsi və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması, hava təmizləyici, tüstü sorucu ventilyasiya (havalandırma) sisteminə binanın fasadına bitişik vəziyyətdə quraşdırılan əlavə dəmir təbəqələrin sökülməsi və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması üçün 20.000 manat və binanın ümumi əmlakına vurulmuş ziyan üçün 30.000 manat pul vəsaitinin və iddia qaldırmaq üçün ödənilən 20.40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı MMMC-nin ödədiyi 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı MMMCdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4463/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4463/2021
17.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver