Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4479/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəfəq qızından 3000 manat borc pul, vəkilə ödədiyi 280 manat və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.07.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin atasının adının “Şərif” kimi qeyd olunmasını nəzərə alınmasını və iddia ərizəsinə düzəliş kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsi ev 94 V, 64 saylı mənzildə yaşayır və cavabdehi 2017-ci ilin əvvəllərindən tanıyır, həmin zaman tərəflərin münasibətləri yaxşı olmuşdur və cavabdeh iddiaçıda pulun olduğunu bilərək bir müddət sonra onun yaşadığı Bakı şəhəri, Nizami rayonu Şərifli küçəsi ev 94 V, 64 saylı mənzilinə gələrək həyat yoldaşından boşandığını, aralarında mübahisə olduğunu yoldaşının ona pul vermədiyini və övladı ilə birlikdə pulsuz qaldıqlarını bildirməklə iddiaçıdan 1500 manat pul borc verməsini xahiş etmişdir, o zaman tərəflər arasında səmimi münasibətlər olduğundan İddiaçı cavabdehə 1500 manat borc pul vermişdir, bununla yanaşı 2017-ci ilin yay ayında da Cavabdeh yenidən iddiaçının yanına gələrək yoldaşı ilə aralarında paylı mülkiyyət olduğunu və işin məhkəmə icraatında olduğunu, mübahisəli işin həlli ilə əlaqədar məhkəmədə öz tələbinin müdafiəsi üçün vəkilə pul vermə və lazımı sənədlərin toplanması məqsədi ilə 2500 manat pul lazım olduğunu bildirmişdir, iddiaçı isə ona verdiyi 1500 manatı hələ də qaytarmadığını, bu səbəblə ona yenə borc verə bilməyəcəyini demişdir, cavabdeh özünə məxsus bir neçə qızıl-zinət əşyalarını girov kimi iddiaçıya vermiş və nəticədə iddiaçı cavabdehin səmiyyətinə inanaraq ona 2500 manat pul vermişdir, bir müddət sonra cavabdeh borcu qaytarmadığı üçün iddiaçı ondan pulu istəmiş, lakin o pulu düzəltmədiyini və iddiaçıya verdiyi qızıl-zinət əşyalarını satıb pulu götürməyi təklif etmişdir, iddiaçı qızılı sata bilmədiyini, əgər özü satırsa, o zaman birlikdə lombarda getməyi təklif etmişdir, nəticədə birlikdə lombarda getmiş və qızılları qiymətləndirməyə vermişdirlər, onlara qızılların qiymətinin 1010 manat olduğu bildirilmişdir, cavabdeh qızılları iddiaçının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsini təklif etmiş, lakin iddiaçı ona etiraz etmiş, öz vəsiqəsini təqdim etməyini xahiş etmişdir, nəticədə 1010 manat pulun 1000 manatını iddiaçı özünə götürmüş, 10 manatını isə cavabdehə qaytarmışdır, sonradan iddiaçı qalan 3000 manat pulun da qaytarılmasını tələb etdikdə, cavabdeh ilk əvvəl qayataracağını bildirsə də, sonra pulu olmadığını, pulun qaytarılması ilə əri Samirin məşğul olduğunu bildirməklə borcunu qaytarmaqdan boyun qaçırmışdır, nəticədə iddiaçıSamir adlı şəxsə zəng edərək pulu qaytarılmasını xahiş etdikdəcavabdehin əri Samir iddiaçıya hədə qorxu gəlməyə başlamış, onu sələmə pul verməklə şantaj etmiş, polisə verəcəyini, tutduracağını demiş və bir daha onlara zəng etməməyi, əks təqdirdə iddiaçı üçün problem yaradacağını bildirmişdir, iddiaçı,Samirin onahədə qorxu gəlməsindən qorxmuş və bir müddət gözləmişdir, daha sonra pulun qaytarılması üçün 25-ci Polis Şöbəsinə müraciət etmişdir, 25-ci Polis Bölməsnin HK-1/302 saylı material üzrə 23.02.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında araşdırma zamanı, eləcədə tərəflərin izahatlarında göstərildiyi xüsusatlardan İddiaçı Cavabdeh 3000 (üç min) manat pulu borc verməsi öz təsdiqini tapmış, lakin tərəflər arasında yaranmış öhdəliklərin tam yerinə yetirə bilməməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğu göstərilmişdir, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nümayəndə həmçinin bildirdi ki, iddiaçı məcbur qalaraq cavabdehin əvəzinə həm lombarda əsas və faiz borcunu ödənişini həyata keçirmiş, həm də telefon haqqını ödəmişdir.Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh N.Hüseyova məhkəmə iclasında iddia tələbini qəbul etməyətək, izahatında bildirmişdir ki, İddiaçı əvvəllər onunla qonşuluqda yaşayan Xəyalə adlı şəxsin vasitəsi faizə pul verən şəxs kimi tanıyır,2015-ci ildə keçmiş yoldaşı ilə boşandığı dövrdə vəkilə pul ödəmək və yaranmış digər xərclərlə bağlı iddiaçıdan faizlə 1000 manat pul götürmüşdür, həmin pulun müqabilində iddiaçıya 01 ədəd 750 əyyarlı 12 qramlıq qızıl sep, 01 cüt Türkiyə istehsalı olan qızıl sırğa və onun komplektinə aid ümumi çəkisi təxminən 12 qram olan qızılüzük girov vermişdir,2016-cı ilin fevral ayında isə iddiaçıdan faizlə 3.000 manat borc pul götürmüş, bunun müqabilində isə ona 01 ədəd 30 qramlıq və 01 ədəd 35 qramlıq qızıl sep vermişdir, nəticədə iddiaçıya 4000 manat borcu yaranmışdır, imkanı olmadığı üçün həmin borcun 1000 manatını 2015-ci ildə 1000 manat borc məbləğinə görə verdiyi qızılları iddiaçı ilə birlikdə Laçın Univermağında sataraq ona ödəmişdir,iddiaçıya imkanı olmadığını qalan borcunu az-az qaytaracağını bildirmişdir,4 il ərzində faiz ödəsə də, sonra iddiaçı ondan əsas borcunu da tələb etmişdir, halbuki hər ay 400 manat olmaqla, 2019-cu il tarixinədək ümumilikdə 12000 manata yaxın faiz ödəmişdir, qızılların verilməsində və pulların alınması zamanı heç bir şəxs üçüncü şəxs iştirak etməmişdir,iddiaçıdan pul alarkən və həmin pulun müqabilində ona qızıl girov qoyarkən bu barədə yazılı qəbz və ya iltizam almamışdır, pulu iddiaçının evinə gedərək özünə ödəmişdir, sonradan iddiaçıya onda 3000 manat borca görə girov qoyduğu 02 ədəd qızıl sepinin olduğunu, onları qaytaracağı halda ona verməli olduğu 3.000 manat pulu geri ödəyəcəyini bildirmiş, lakin iddiaçı onda Cavabdeh aid heç bir qızıl zinyət əşyasının olmadığını bildirmişdir, 3.000 manat pul müqabilində girov məqsədi ilə verdiyi 02 ədəd qızıl sepləri ona Samir Musayevin anası tərəfindən verildiyi üçün onları satmaq istəməmişdir.Sonda N.Hüseyova qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.07.2021-ci il tarixli məktuba əlavə edilmiş ərizənin surətindən görünür ki, vətəndaş İddiaçı 13.02.2021-ci il tarixdə ərizə ilə Nizami RPİ 25-ci PŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh adlı şəxsin onun etibarından istifadə edərək yaşadığı mənzildə ondan 4000 manat borc pul aldığını, 1000 manat pulu qaytarsa da, geridə qalan 3000 manat pulu qaytarmaqdan imtina etdiyi, qeyri-rəsmi nikahda münasibətlərində yaşadığı Samir adlı şəxslə birlikdə onu şərləyəcəyi ilə hədələdiyinibildirmiş, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə ona dəymiş ziyaın ödənilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.07.2021-ci il tarixli məktuba əlavə edilmiş baxış protokolunun surətindən görünür ki, iş üzrə 13.02.2021-ci il tarixində hadisə yerinə baxış keçirilmiş, hadisənin Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ev 94V , mənzil 64 ünvanında baş verdiyi müəyyən edilmişdir. İş materiallarında olan Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin 23.02.2021ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı Cavabdeh 3000 manat pulu borc verməsi öz təsdiqini tapmışdır, lakin tərəflər arasında yaranmış öhdəliklərin tam yerinə yetirilə bilməməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğu qeyd edilmişdir. İş materiallarında olan Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin 23.02.2021ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və İddiaçı mülki məhkəmə qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərarı verilmişdir. İş materialalrında olan 29.04.2021-ci il tarixli 26448 saylı qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 27.04.2021-ci il tarixli TT**********374280 saylı qəbzin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 6 saylı Vəkil Bürosuna Vəkil ilə bağlanmış müqaviləyə görə "xxxx" ASC vasitəsilə 280 manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 3000 manat məbləğində pulu borc olaraq vermişdir, tərəflər arasında mübahisə həmin borcun qaytarılması ilə bağlıdır, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin 23.02.2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh 3000 manat pulu borc verməsi öz təsdiqini tapmışdır, cinayət işinin başlanması İddiaçı cavabdeh tərəfindən hədə-qorxu gəlinməsi faktı öz təsdiqini tapmadığından və pulun borcun qaytarılması barədə mübahisə cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan rədd edilmişdir, iddaçı borcunu cavabdehdən dəfələrlə tələb etmişdir, iddiaçı hazırki mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi məqsədilə vəkil bürosuna 280 manat məbləğində pul ödəmişdir. Bununla belə, cavabdehin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 3000 manat pul məbləğinin alınması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan 3000 manat borc alması, həmçinin bu faktın Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin 23.02.2021-ci il tarixli qərarı ilə təsdiqini tapması, cavabdehin həmin məbləği borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 3000 manat məbləğində borcun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Məhkəmə, cavabdehin “iddiaçıya 12000 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən qəbul edilə bilməz. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 280 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 280 manat pul məbləğini, 3000 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etmələ ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 3000 manat məbləğində borc pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 280 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli,dövlət rüsumuna görə ödənilmiş 30 manat və vəkil bürosuna ödənilmiş 280 manat məblğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 280 (iki yüz səksən) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4479/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4479/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver