Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-448/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçın nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.10.2020-ci il tarixli D/83 mal, iş və xidmətlərin alqı-satqı müqavilələrinə əsasən, 882 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə rəsmi məzənnəsi ilə manatla olan əsas borc pulları, 1000 manat məbləğində əldən çıxmış faydanı və 31 manat dövlət rüsumun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.C.Qənbərov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC maşınlara mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq onun satışı ilə məşğuldur, tərəflər arasında bağlanmış 09.10.2020-ci il tarixli, D/83 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 6 ay müddətinə, hər ay 118,00 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla ödəniş etməklə, 882,00 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manata, Cavabdeh istifadəsində olan “KHAZAR LX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı minik maşınına mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçrilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satmışdır, bu barədə 09.10.2020-ci il tarixli, 175 nömrəli akta əsasən maşına metan qaz qurğusu quraşdırılmış avtomobili cavabdehə təhvil vermişdir, lakin cavabdeh həmin müqaviləyə əsasən, 6 ay müddətinə, hər ay 118,00ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla ödəniş etməli olduğu halda, 02.11.2020-ci il tarixdən şifahi və 21.03.2021-ci il tarixdə yazılı xəbərdarlıqlar edilməsinı baxmayaraq, heç bir ödəniş etməmişdir, müqavilənin 11.3-cü bəndinə əsasən, Cavabdeh ödəniş etmədiyi üçün, 21.03.2021-ci il tarixdə yazılı xəbərdarlıq edərək, D/83 nömrəli mal, iş və xidmətlərin alqısatqi müqaviləsinə iddiaçı tərəfindən xitam verilmişdir, həmçinin cavabdeh bir ildir müqavilə üzrə heç bir ödəniş etmədiyi üçün 1.000 manat məbləğində əldən çıxmış fayda olmuşdur. Sonda Z.C.Qənbərov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09.10.2020-cİ il tarixində № D/83 saylı mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcının avtonəqliyyat vasitəsinin mühərrikinin yanacaq sistemin benzin yanacaq növündən sıxılmış təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqların öz hesabına əldə edib alıcının nəliyyat vasitəsinə quraşdırılmasını təmin etməyi, alıcı isə həmin mal, iş və xidmətə görə qiymətlərin razılaşma protokolunda göstərilən məbləği bu müqavilə ilə müəyyən edilən qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.10.2020-ci il tarixli № D/83 saylı müqavilənin ayrılmaz hissəsi sayılan Qiymətlərin Razılaşdırılması protokolundan görünür ki, 1 ədəd CNG Dəsti 55LT malına görə kreditin məbləği 882 ABŞ dollarıdır, kreditin müddəti 5 aydır. İş materiallarında olan Metan qaz qurğusu quraşdırılmış avtomobilin sahibinə təhvil verilməsi barədə 175 №-li aktdan görünür ki, avtomobilə quraşdırılmış qaz avadanlığı yoxlanılmışdır, istismara yararlıdır, cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan AD № 861103 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99PH612 dövlət qeydiyyat nişanlı KHAZAR LX minik markalı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli Razılaşmadan görünür ki, Lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh 5 gün ərzində borcunun ödənilməsi barədə iddiaçı tərəfindən 24.05.2021-ci il tarixdə xəbərdar olunmuşdur. İş materiallarında olan 01.10.2021-ci il tarixli 23184 saylı dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyaya (ədəd CNG Dəsti 55LT) dair 09.10.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı öhdəliyini lazımınca icra edərək malı alıcıya təhvil vermiş, alıcı həmin malı təhvil almışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə də onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən, habelə əldən çıxmış faydaya əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh mal, iş və xidmətlərin alqı-satqısı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin 1000 manat əldən çıxmış fayda hissəsinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər iddia tələbinin əldən çıxmış fayda hissəsində təmin edilməməsi üçün yetərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 09.10.2020-cİ il tarixli № D/83 saylı mal, iş və xidmətlərin alqı-satqı müqavilələrinə əsasən, qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, manatla 882 ABŞ dolları məbləğində pul vəsiti alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09.10.2020-cİ il tarixli № D/83 saylı mal, iş və xidmətlərin alqı-satqısı müqaviləsinə əsasən, qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, manatla 882 (səkkiz yüz səksən iki) ABŞ dolları məbləğində pul vəsiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-448/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-448/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver