Məhkəmə qərarları › İş №2(011)-451/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-451/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-451/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 4344 manat məbləğində pul vəsaitini cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanıdığı olan Cavabdeh1 sürücü kimi iş axtardığını bildirdi. Cavabdeh iddiaçını öz yanında yəni özünə məxsus ayaqqabı sexində olan ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomaşına sürücü kimi işə götürəcəyini bildirərək, iddiaçıdan ona məxsus sürücülük və şəxsiyyət vəsiqəsini götürərək işə götürəcəyini bildirmişdir. Aradan bir həftə keçəndən sonra işin alınmadığını bildirərək sənədlərini iddiaçıya geri qaytardı. Sürücülük vəsiqəsinin müddəti başa çatması ilə əlaqədar olaraq iddiaçı “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş və iddiaçının cərimələrinin olduğunu bildirildi. İddiaçı onlara avtomobilinin olmadığını bildirsə də, sürücülük vəsiqəsini dəyişdirə bilməmişdir. İddiaçı sonradan öyrənmişdir ki, onun adına 60 yaxına cərimə var. Həmin cərimələrin ümumi məbləği 4344 manat təşkil edir. O, heç vaxt ZAZ 110307 markalı 90 GO88 dövlət qeydiyyat nişanlı və ya ayaqqabı sexinə məxsus digər hər hansı bir avtomaşını idarə etməmişdir. Görünür ki, Cavabdeh1 iddiaçının iştirakı və xəbəri olmadan iddiaçının ona verdiyi sənədlərlə adına etibarnamə yazdırmış, avtomaşını isə özləri idarə etmişdirlər. Cavabdeh Qənbər Ababsovu məhkəməyə qədər görüşə çağırılsa da və ona pritenziya bildirsə də, o, görüşə gəlməmiş, sürücülük vəsiqəsini dəyişdirmək və cərimələri ödəmək üçün yenidən geri götürməsinə baxmayaraq iddiaçını dəfələrlə aldatmış, dəymiş ziyanı ödəməmişdir. Cavabdeh bu günədək iddiaçıya məxsus olmuş sürücülük vəsiqəsini qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, o, ona məxsus olan ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 vermişdir. Cavabdeh1 tərəfindən yol hərəkəti qaydalarını pozulduğuna görə cərimələr ona gəlirdi. O, da Cavabdeh1 avtomobili sürmək üçün adam tapmağı tapşırmış, sonuncu isə Əbülfəti gətirmişdir. O, da, İddiaçı adına etibarnamə vermişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, avtomobili idarə edən özü olmuşdur. Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı aşağıda göstərilən hallara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. Cavabdeh1 tərəfindən həmin avtomobili idarə etmək üçün İddiaçı adına etibarnamə verilmiş, lakin avtomobili əslində Cavabdeh2 idarə etmişdir. Avtomobili idarə etdiyi zaman Cavabdeh2 tərəfindən yol hərəkəti qaydaları pozulduğuna görə 2018-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək İddiaçı adına 4159 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda istinad edilən qanunvericilik normalarının müddəaları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh Abbasova Qənbər tərəfindən ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobil idarə edilən zaman yol hərəkəti qaydaları pozulsa da, avtomobilin idarə edilməsi üçün etibarnamə İddiaçı adına olduğuna görə ona 4159 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə də Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçı Əliyev Abülfətə 4159 manat məbləğində maddi ziyan dəymişdir. Lakin göründüyü kimi, iddiaçı ona dəymiş ziyanın məbləğinin 4344 manat olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı həmin məbləğin əslində 4159 manat olduğu müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh2 ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi olsa da, onun hərəkətlərində hüquqa zidd əməl müəyyən edilmədiyinə görə iddia ona münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənləri əsasən məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilmələrək 4159 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Əli oğlundan 4159 (dörd min yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar