Məhkəmə qərarları › İş №2(011)-4519/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4519/2023

08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4519/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:35 radələrində Cavabdeh idarə etdiyi “X1 FE Xüsusi təyinatlı” **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yol ötürücüsünün üstündə olan mərmərlə üzlənmiş beton dirəyi və mühəccəri dağıtmışdır. Bununla bağlı qeyd edilmişdir ki, hadisənin olduğu ərazi "xxxx" MMC-nin xidmət göstərdiyi əraziyə daxil olduğu üçün həmin işlərin bərpasına cavabdeh həmin müəssisə olmuşdur.

2. Hadisə ilə bağlı Bakı şəhəri Nizami rayonu DYP-nin Cavabdeh barəsində AR İXMnin 333-cü maddəsi ilə əlaqədar protokol tərtib edilmişdir, habelə Cavabdeh barəsində qərar qəbul edilmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh 1445 manat məbləğində dəymiş ziyanı iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, bu iddia tələbi ilə bağlı daha əvvəl də məhkəməyə müraciət edilmiş, həmin mülki iş üzrə ekspertiza keçirlmiş, lakin məhkəmə iclasında iştirak edə bilmədikləri üçün mülki iş baxılmamış saxlanılmışdlr. Bu onların məhkəmyə növbəti müraciətidir, prosessual qənaət prinsipi baxımından daha əvvəl keçirilmiş məhkəmə ekspertizasının nəticəsini bu mülki işə əlavə edilməsini məhkəmədən xahiş edir. O cümlədən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Dəymiş ziyanın xərclər cədvəlinə əsasən, yekun olaraq vurulmuş ziyanın məbləği 1445,97 (min dörd yüz qırx beş manat doxsan yeddi qəpik) təşkil edir.

9. "xxxx" MMC tərəfindən Nizami rayon Polis İdarəsinin rəisi polis-polkovniki Ziya Əliyevə ünvanlanmış 29 mart 2022-ci il tarixli məktuba əsasən, vurulmuş ziyanın dəyəri 2650 manat təşkil edir və ziyanın ödənilməsi ilə bağlı kömək göstərilməsi xahiş edilir.

10. 04 may 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində AR CM-nin 263.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir.

11. AR DİN Nizami rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 087-14875-1222 nömrəli məktuba əsasən, müraciət üzrə araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir, maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

12. 14 may 2022-ci il tarixli X2 İXP ******* nömrəli protokola əsasən, Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(011)-4391/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 29 mart 2023-cü il tarixli 10/8034-9/8853 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X3 FE Xüsusi Təyinatlı” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpünün sağ hissəsində yerləşən dekorativ tumbaya, mərmərlə üzlənmiş beton dirəyə və dekorativ məhəccərə vurulmuş zərərin məbləği (materialların qiyməti və təmir xərcləri nəzərə alınmaqla) bazar qiymətlərinə uyğun olaraq təqribən 1321 manat məbləğində müəyyən edilmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

20. Belə ki, qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “X3 FE Xüsusi Təyinatlı” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpünün sağ hissəsində yerləşən dekorativ tumbaya, mərmərlə üzlənmiş beton dirəyə və dekorativ məhəccərə vurulmuş ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş maddi ziyana görə pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

21. İddiaçı iddia ərizəsində cavabdehin vurduğu ziyana görə 1445 manat məbləğində pulun iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. (§5) Lakin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 29 mart 2023-cü il tarixli 10/8034-9/8853 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, vurulmuş ziyanın məbləği 1321 manat məbləğində müəyyən edilmişdir. (§14). Məhkəmə ekspertiza tərəfindən müəyyən edilmiş məbləği daha ağlabatan və ədalətli hesab edir.

22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 1321 (min üç yüz iyirmi bir) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh maddi ziyana görə 1321 (min üç yüz iyirmi bir) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.

3. İddia tələbi qalan hissədə rədd edilsin.

4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar