Məhkəmə qərarları › İş №2(011)-4534/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4534/2022

20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4534/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 18 yaşına çatanadək hər ay hər uşaq üçün 210 manat, cəmi 420 manat aliment kəsilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-4381/2020 saylı qətnaməsi ilə cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 175 manat ümumilikdə 350 manat məbləğində sabit pul şəklində aliment tutularaq ona ödənilməsi qət edilmişdir, tutulan aliment uşaqların xərclərini ödəməyə kifayət etmir, uşaqlar böyüdükcə xərcləri də artır, bu səbəbdən alimentin artırılmasını xahiş edir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.M.Bayramova xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul edir, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat aliment ödəməyə razıdır. Sonda cavabdehin nümayəndəsi M.M.Bayramova qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5435/2021 saylı Qətnaməsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-4381/2020 nömrəli qətnaməsi ilə X3 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş), ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı, X3 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal rayon VVAQD tərəfindən verilmiş AZ-İ seriyalı 780933 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 iyun 2006-cı ildə Bakıda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 367235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə Bakıda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli Qəbzlərdən görünür ki, iddiaçıya X4 tərəfindənmay və iyun ayı üzrə 350 manat aliment ödənişi edilmişdir. İş materiallarında olan 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, uşaqlar hal-hazırda iddiaçının himayəsindədir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5435/2021 saylı Qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsəd ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5435/2021 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin razılığını nəzərə alaraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5435/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan (18x12ay=216 manat) cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5435/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar