Məhkəmə qərarları › İş №2(011)-4546/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4546/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4546/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2901,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o, Cavabdeh 10 may 2018-ci il tarixində 99 ND867 dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobili mülki etibarnamə əsasında almışdır. Pulunu tam ödəmiş, heç bir borcu qalmamışdır. Lakin beş ay bundan əvvəl məlum olmuşdur ki, Sabir ona satdığı avtomobili banka girov qoyaraq pul götürmüş, vaxtında ödəməmiş, 1061,43 manat borcu qalmışdır. Bu səbəbdən də avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı pulunu ödədiyi avtomobildən istifadə edə bilmir. Avtomobilin üzərinə həbs qoyulduğuna görə, cavabdeh iddiaçıya avtomobilə dair etibarnamə verə bilməmiş, iddiaçı isə avtomobili vaxtında texniki baxışdan keçirə bilməmişdir. Avtomobil texniki baxışdan keçirilmədiyinə görə cavabdehin adına 840 manat məbləğində cərimələr hesablanmışdır. O, avtomobili texniki baxışdan keçirtmədən idarə etmişdir. Cavabdeh həmin cərimələrin iddiaçı tərəfindən ödənilməsini tələb etmişdir ki, etibarnamə versin. Lakin iddiaçı cərimələri ödədikdən sonra da cavabdeh avtomobilə dair iddiaçıya etibarnamə verməmişdir. Bundan başqa o, vəkilə də 1000 manat pul ödəmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - “Tofaş Şahin minik” markalı 99ND867 dövlət qeydiyyat nişanlı avtomobil 10 may 2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Sonuncu avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətləri aparmaq, qeydiyyata salmaq və qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətlərinə dair İddiaçı etibarnamələr vermiş, sonuncu etibarnamənin tarixi 08 dekabr 2022-ci il tarixində bitmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 8(011)-308/2022 nömrəli qərardadına əsasən Cavabdeh məxsus “Tofaş Şahin minik” markalı 99ND867 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş smsradar.az tətbiqindən daxil olan sms xəbərdarlıqların təqdim edilmiş sürətlərindən müəyyən edilir ki, 99ND867 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə müxtəlif vaxtlarda cərimə növündə inzibati tənbehlər tətbiq edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməldir. Belə ki, iddiaçı 840 manat məbləğində cərimələrə görə, vəkilə də 1000 manat məbləğində ödəniş etdiyini iddia etsə də, bu halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “Tofaş Şahin minik” markalı 99ND867 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 8(011)-308/2022 nömrəli qərardadına əsasən həbsin qoyulduğuna, iddiaçının isə bundan məlumatlı olduğuna baxmayaraq, o, avtomobili icra şöbəsinə təhvil verməmiş, idarə etməyə davam etmişdir. Avtomobilin üzərinə həbs qoyulduğuna görə ona verilmiş etibarnamələri təzələyə bilməmiş, bu səbəblə də avtomobilin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirə bilməmiş və yenə də avtomobili idarə etməyə davam etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində “Tofaş Şahin minik” markalı 99ND867 dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirtmədən idarə etdiyinə görə tətbiq edilmiş cərimələri ödədiyinə görə ona maddi zərərin vurulduğunu iddia etsə də, qeyd edilən hadisələrdə cavabdehin təqsiri müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2901,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2901,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar