Məhkəmə qərarları › İş №2(011)-456/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-456/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-456/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkilin və nümayəndəsi Vəkil, Cavabdeh, onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh iddiaçının oğlu X2 xalası qızıdır. İddiaçının oğlu Xəlfəli Sultanov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuşdur. İddiaçı cavabdehin oğlu Xəlfəli Sultanovdan hissə-hissə olmaqla ümumilikdə 26 000 manat borc pul aldığını və qaytarmadığını iddia edir. Cavabdeh iddianı qəbul etmir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

1. İddiaçı 26000 manat borc pulun və ödənilmiş 168 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh iddiaçının oğlu X1 2022-ci ilin sonlarında Bakı şəhərində metro çıxışlarında ətir dükanının açılması və qısa müddətə qaytarılması şərti ilə əvvəlcə 20 000 manat, daha sonra isə 6000 manat borc pul almışdır. Oğlu xx.xx.2023-cü ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və xx.xx.2023-cü il tarixdə Beyləqan ayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin götürülmüş borc indiyə kimi cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdehdən pulu şəxsi müraciəti əsasında ala bilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

3. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, Ramal onun xalası oğludur. Ramal da bildirib ki, Xəlfəli ondan borc pul götürüb. Borc məsələsi Xəlfəlinin ölümündən sonra açılıb. Xəlfəli onu bir neçə şəxsdən borc pul götürməyə məcbur etmiş, söz vermişdir ki, sonra hamısını qaytaracaq.

6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, Xəlfəli ona bildirib ki, iş qurmaq üçün Yaşar adlı şəxsdən 12 000 manat məbləğində borc götürüb.

7. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, o, cavabdehin şikayəti əsasında həbs olunmuşdur. İddiaçıya və onun xalası oğlu olan Xəlfəliyə 30 000 manat məbləğində pul lazım idi, lakin bank tərəfindən onlara həmin məbləğdə kredit verilə bilmədiyindən o, sənədləşmə işlərinin aparılması və bankdan həmin məbləğdə kreditin götürələrək onlara verilməsi üçün pul almışdır. Bu məqsədlə Xəlfəli ona 10 000 manat, Aytənin atasından isə 5000 manat məbləğində pul almışdır. Lakin onlara söz verdiyi kimi bankdan həmin məbləğdə krediti götürərək onlara verməmiş və onları aldatmışdır. Bir müddət sonra cavabdeh ona bildirdi ki, o, Şahnaz adlı bir xanımdan faizlə pul götürüb, indi həmin xanım ondan pulunu geri istəyir. Buna görə də, ona 5000 manat məbləğində pul lazımdır. O, cavabdehə bildirəndə ki, onda 5000 manat məbləğində pul yoxdur, bu zaman cavabdeh ona təklif etmişdir ki, atasına yanına gedərək özünü şirkət işçisi-kurator kimi təqdim etsin və bildirsin ki, guya onun adına şirkət açılacaq və bunun üçün pul lazımdır. O, cavabdehin dediyi kimi etmiş və cavabdehin atası da həmin pulu ona vermişdir. Sonradan eşitmişdir ki, cavabdehin borclarının ödənilməsi üçün Xəlfəli digər xalası oğlundan faizə pul götürmüşdür. Xəlfəli ondan pulu istəyəndən sonra cavabdeh ona demişdir ki, onun qohumları arasında yalnız Xəlfəli ona kömək edir, Xəlfəli Aytənin borclarını ödəmək üçün başqa adamlardan borca pul götürür. Xəlfəlinin ondan pul götürəndə məqsədi Aytənin borclarını ödəmək idi. Bunu Xəlfəli də, Aytən də ona demişdi. Xəlfəli əvvəlcə onunla telefonla əlaqə saxlayanda Aytənin xalası oğlu olduğunu bildirməmişdi. Sonradan öyrənəndə demişdir ki, əgər Aytənin xalası oğlu olduğunu desəydi ona pul verilməyəcəyindən qorxurdu. Bundan sonra Xəlfəli ona etirat etdi ki, pul əslində ipoteka ilə mənzil götürmək üçün deyil, Aytənin borclarını ödəmək üçün istəyir. Hətta, Xəlfəli bildirdi ki, bu vaxta qədər o, Aytənə 15 000 manat məbləğində də borc vermişdir.

8. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, cavabdeh onun xalası qızıdır. Cavabdeh ona zəng edərək bildirib ki, mağaza açmaq üçün pul lazımdır, valideynlərinin isə bundan xəbəri yoxdur. O, cavabdehə bildirmişdir ki, bu məsələni valideynlərinə desin. Xəlfəli ona Aytənin borcu olması barədə heç bir şey deməmişdir.

9. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, Xəlfəli cavabdehə pulu verdikdən sonra ona bildirib ki, "xxxx"-dan 26 000 borc pul götürüb cavabdehə vermişdir. Hətta o, özü də cavabdehə borc pul vermişdir. Xəlfəli bunu eşidəndə dedi ki, o da cavabdehə borc verib. Xəlfəli cavabdehə borc verdiyini ona “WhatsApp” soslial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq bildirmişdir.

10. Məhkəmə iclasında şahid X11 izahatında bildirdi ki, cavabdeh onun bibisi qızıdır. 2022-ci ilin avqust ayında Xəlfəli ondan borc aldı, ancaq borcun Aytənə verilməsi üçün götürdüyünü bildirmədi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

12. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

13. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər

14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

27. İddiaçı oğlu Xəlfəli Sultanovun cavabdehə 26 000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 26 000 manat məbləğində pulun iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə borc verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin etibarlı olub-olmaması askpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

28. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışı MMnin 739.1-ci maddəsində göstərilmişdir. Həmin maddədən də göründüyü kimi, borc verən tərəfindən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

29. Hazırkı mübahisədə də, iddiaçı pulun oğlu tərəfindən cavabdehə hissə-hissə (20 000 manat və 6 000 manat) olmaqla nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 26 000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 26 000 manat məbləğində borc pulun iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə verilməsini əks etdirən yazılı sübut mövcud deyil. İddiaçının qızı şahid X10 Sultanovun cavabedhə 26000 manat borc verdiyini və həmin borcu Xəlfəlinin ona həm şifahi, həm də “WhatsApp” soslial şəbəkəsi vasitəsi yazdığı mesajla bildirdiyini qeyd etsə də, məhkəmə şahidin bu dediklərini inandırıcı hesab etmir. Əvvəla, həmin mesaj mətninin nə vaxt və kim tərəfindən göndərilməsi müəyyən edilmir. Digər bir tərəfdən, mesajın mətnində 26000 manat pulun verildiyi qeyd edilsə də, cavabdehin adı orada göstərilmir. Lakin məhkəmə iclasında dindirilən Yaşar Əbdürəhmanov bildirdi ki, Xəlfəli cavabdehin borclarının ödənilməsinə kömək etmək üçün bir neçə dəfə onunla telefon vasitəsi ilə danışıb. Bir dəfə Xəlfəli danışanda ona demişdir ki, cavabdehin ona (Xəlfəliyə) 15000 manat borcu var.

30. Məhkəmə Yaşar Əbdürəhmanovun Xəlfəli Sultanovun cavabdehə 15000 manat borc verməsi ilə bağlı ifadəsini daha ağlabatan və inandırıcı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə hər hansı bir məbləğdə borc verdiyini Xəlfəli Sultanov və cavabdehdən başqa heç kim bilməmişdir. Məlumdur ki, Xəlfəli Sultanov artıq həyatda yoxdur, o, xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur. Cavabdeh isə ona Xəlfəlinin hansı məbləğdə borc verdiyini əvvəlcə, ümumiyyətlə qəbul etməmiş, sonradan isə Xəlfəli Sultanovun onun kart hesabına az məbləğdə pul göndərdiyini, həmin pulların isə sonradan qaytardığını bildirmişdir. Məhkəmənin qərarı əsasında "xxxx" ASCdən təqdim edilmiş məlumatdan isə görünür ki, 2022-ci ilin sentyabr-oktyabr aylarında Xəlfəli Sultanovun kart hesabından (son 4 rəqəmi ***3719) cavabdehin kart hesabına (son 4 rəqəmi ***0745) ümumilikdə 2091 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin, cavabdehin kart hesabından Xəlfəli Sultanovun kart hesabına 2022-ci ilin sentyabr-oktaybr aylarında cəmi 210 manat pul köçürülmüışdür.

31. Görümdüyü kimi, Xəlfəli Sultanovun cavabdehə borc verdiyini yalnız X4 birbaşa özündən eşitmişdir. Məhkəmə Yaşar Əbdürəhmanovun məhkəmədə verdiyi izahatını həm də ona görə inandırıcı hesab edir ki, şahid ona kredit verilməsinə kömək etmək məqsədilə Xəlifəliən 10000 manat aldığını da səmimi etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə 26000 manat deyil, 15000 manat borc verildiyi şahid Yaşar Əbdürəhmanovun ifadəsi ilə öz təsdiqini tapmışdır.

32. 15 000 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

33. Əqdin yazılı formasına əməl edilməməsi o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34. İşin şərh edilən halları ilə sübuta yetirilmişdir ki, 15 000 manat məbləğində pul Xəlfəli Sultanov tərəfindən borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 15 000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründyü kimi, borcun məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 15 000 manat məbləğində pulun Xəlfəli Sultanov tərəfindən cavabdehə verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

35. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.

36. Məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

37. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

38. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının oğlu Xəlfəli Sultanovun cavabdehə verdiyi 15 000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, cavabdeh etibarsız əqdin nəticələrinə uyğun olaraq iddiaçıdan aldığı pulu qaytarmağa borcludur.

39. İddiaçının oğlu Xəlfəli Sultanovun verdiyi borcu tələb etməyə subyektiv hüququnun olması ilə bağlı isə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Xəlfəli Sultanovun qanun üzrə hüquqi varisidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Borc tələbi də miras qoyanın əmlak hüquqlarına daxil olduğundan və həmin tələb hüququ da vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçdiyondən iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subuektiv hüquqa malkdir.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 15 000 manat məbləğində pul vəsaiti və 135 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar