Məhkəmə qərarları › İş №2(011)-4563/2019

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4563/2019

19.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4563/2019 19.06.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təmir və istifadə olunmasına maneələrin aradan qaldırılması, istifadə və sahiblik hüququnun tanınması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 m2 ibarət olan qeyri-yaşayış sahəsinin istifadə olunmasına, təmirinə qoyulmuş qadağaların aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci ildə ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174,0 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı Baki şəhəri, ünvan 3 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verir. Müqaviləyə əsasən həmin sahənin ümumi dəyəri kvadrat metrə üçün 1500 olmaqla ümumilikdə 261000 manat təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2008-cı il tarixli kassa mədaxil orderli qəbzində qeyd olunur ki, iddiaçı Cavabdeh MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfindən tam icra edilmiş, qeyri- yaşayış sahəsinin dəyəri tərəfindən tam ödənilmiş və həmin sahə ona təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyərək mü qeyri- yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişəm, həmin qeyri-yaşayış sahəsinə sahiblik etmişəm və hal-hazırda həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisiyəm. Ona görə də hesab edirəm ki, həmin qeyri-yaşayış sahəsinin üzərində mənim sahiblik istifadə hüquqlarım tanınmalıdır. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC (MMC-nin direktoru X5) ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən X6 ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsi (mağaza) 261000 manata satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsi üçün pay dəyəri "xxxx" MMC-yə tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2019-cu il tarixli, **********44 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə xx.xx.2019-cu il tarixdə yerli baxış keçirilən zamanı qeyri-yaşayış sahəsinin qapısı bağlı olduğundan, qeyriyaşayış sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə görə müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam şəkildə ödəmişdir. Lakin, qeyri-yaşayış sahəsinin qapısı bağlanmış, o cümlədən həmin sahədən istifadə olunması və təmir işləri aparılması iddiaçıya qadağan edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilərək, iddiaçının həmin qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmalıdır. Məhkəmə eyni zamanda iddianın “qeyri-yaşayış sahəsinin istifadə olunmasına və təmirinə qoyulmuş qadağaların aradan qaldırılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə üzrə mübahisəli qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddiaçı qoyulmuş qadağaların aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınsın. ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsindən (mağazadan) İddiaçı tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağalar aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar