Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4578/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə borc pul verməyi öhdəsinə götürmüş və Müqavilənin 2.4.2-ci bəndinə əsasən 7000 manat pulun cavadehə verilməsi əks olunmuş və bu fakt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmçinin, müqavilənin 2.4.3-cü bəndin əsasən cavabdeh aldığı 7000 manat pulu iddiaçının istədiyi vaxt ona qaytarmağı öhdəsinə götürmüşdür.
2. Müqavilənin müddəti “istənilən vaxt” şərti kimi müəyyən edilmişdir. Cavabdeh aldığı pulu iddiaçıya qaytarmamışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı 7000 manat məbləğində borc pulun və ödənilmiş 90 manat dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, tanıdığı və münasibətdə olduğu cavadehə ehtiyacı olduğu üçün qaytarmaq şərtilə xx.xx.2023-cü il tarixdə qəzlə 7000 manat borc pul vermişdir. Cavabde 7000 manat borcunu ödəməsini dəfələrlə tələb etsə də, yalan vədlər verərək borc pulu qaytarmaq istəmir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
17. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.
18. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır.
19. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 7000 manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
20. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 7000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
21. Məhkəmə həmçinin iddianın 90 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 7000 manat məbləğində pul vəsaiti və ödənilmiş 90 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı