Məhkəmə qərarları › İş №2(011)-459/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-459/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-459/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank ödəniş kartının verilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş ödnişləri həyata keçirməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində cavabdeh tərəfindən müvafiq əməliyyatın həyata keçirilməsi Bank tərəfindən təsdiqlənmədiyindən cavabdehin istifadəsində olan debit karta 3215,95 manat məbləğində artıq ödəniş daxil olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanladığı ərizədə onun debet kartına 3215,95 manat məbləğində artıq ödəniş edildiyini etiraf etmişdir.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehin əsassız varlanması nəticəsində yaranmış və iddiaçıya olan 3512,95 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 55.13 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, cavabdeh isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdehə məxsus kart hesabı üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində əməliyyat aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə ("presentment’) dair Banka məlumat təqdim edilməmiş və qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait Bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 3,512.95 manat həcmində ziyan dəymişdir. Cavabdeh Bankın hesabına 3,512.95 manat məbləğində əsassız varlanmışdır. Cavabdeh 13 yanvar 2022-ci il tarixində Banka ərizə ilə müraciət edərək borcunu etiraf etmiş və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Bank tərəfindən borcun hissə-hissə ödənilməsinə ilkin razılıq verilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq. Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 23 sentyabr 2022-ci il tarixli, 6-3/xx/xx-4385 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir.

6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsini xahiş etdi.

10. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

23. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.

24. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 3512,95 manat məbləğində pul vəsaiti əldə etmişdir.

25. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə ******************** saylı müqavilə bağlansa da, hazırkı iddianın tələb edilməsi əsası həmin müqavilə ilə bağlı deyil.

26. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, “Card to card” adlanan əməliyyatların icra edilməsi nəticəsində yaranmışdır. “Card to card” əməliyyatları dərhal icra olunmalı, buna görə də başqa bankın ödəniş kartı vasitəsilə müştərinin istifadəsində olan karta ödəniş edilən zaman ilk öncə müvafiq bank tərəfindan sorğu göndərilir, sorğu dərhal icra edilərək, həmin pul məbləği bankın özü tərəfindən müştərinin istifadəsində olan karta köçürülür, 1 gün sonra isə müvafiq bank təsdiq göndərərək həmin pul məbləğini banka geri qaytarır. Hazırki mübahisədə isə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində cavabdehin istifadəsində olan debet karta başqa bank tərəfindən “card to card” əməliyyatı vasitəsilə ödəniş edilməsi üçün 2 dəfə sorğu göndərilsə də, müvafiq bank tərəfindən yalnız 1 sorğu təsdiq gələrək yalnız bir sorğu üçün pul məbləği iddiaçıya geri qaytarılmışdır. Nəticədə isə bank tərəfindən cavabdehin istifadəsində olan debet kartına artıq 3512,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

27. Həmçinin, cavabdeh özü də xx.xx.2022-ci il tarixində iddiaçıya ünvanladığı ərizəsində adına olan karta daxil olmuş artıq vəsaitin xərclənməsinə görə 3512,95 manat məbləğində borc yarandığını etiraf etmiş, həmin pul vəsaitini aylıq 250-300 manat olmaqla ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul məbləğinin ödənilməsi təmin edilməmişdir.

28. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.

29. Məhkəmə həmçinin iddianın 55,13 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 3512,95 manat məbləğində pul məbləği, həmçinin ödənilmiş 55,13 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar