Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-46/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (X7 və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə üçüncü şəxs Cavabdeh2 ASC-nin Səbail filialı arasında xx.xx.2014cü il tarixdə 2080 SBFAK saylı kredit müqaviləsi bağlanmışdır. Kredit yalnız iddiaçı tərəfindən “KİA Cerato” markalı 99 HR-340 dövlət qeydiyyat nişanlı (mühərrik: G4FGDH670911, ban: KNAFX4116E521458. buraxılış ili 2014) avtomobilin (bundan sonra - Avtomobil) alınması məqsədilə iddiaçıya 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı ilə üçüncü şəxs Cavabdeh2 ASC-nin Səbail filialı arasında eyni tarixdə 192171/1809 saylı bank hesabı müqaviləsi də bağlanmışdır.
2. Eyni zamanda, iddiaçı ilə üçüncü şəxs Cavabdeh2 ASC-nin Səbail filialı arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Avtomobil 20100 manat məbləğində qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir.
3. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı AR CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törədən iddiaçı cinayət məsuliyyətindən azad edilərək, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi yerləşdirmə təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə AR SN 1 nömrəli RPX-nın X8 Stasionarında “Üzvi mənşəli ifadə olunmuş şızofrenəbənzər pozuntu” diaqnozu ilə məcburi müalicəyə qəbul olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən X9 Stasionarında məcburi müalicəyə keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2018-ci il tarixli rəyinə görə isə iddiaçıda “Üzvi şizofrenəbənzər pozuntu”diaqnozu xəstəliyi bir daha təsdiqlənmiş, onun psixi vəziyyətinə görə X8 Stasionarında məcburi müalicəsi dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi məsləhət görülmüşdür. Daha sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 7(008)-278/2018 saylı qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X8 stasionarından məcburi müalicəsi dəyişdirilərək o, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir.
4. Bundan sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 7 saylı şəhər poliklinikasının baş həkiminin təqdimqtı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində tətbiq edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirin müddəti yenidən uzadılmışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli məktubunda, iddiaçının 09 fevral 2017 - 25 may 2018-ci il tarixdə xəstəxanada məcburi müalicədə olması, daha sonra isə evə buraxılması göstərilmişdir.
6. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Avtomobil cavabdehə satılmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ASC-nin Səbail filialı ilə cavabdeh arasında yeni ipoteka müqaviləsi bağlanmış, müqavilənin predmeti Avtomobil olmuş, eyni zamanda yalnız Avtomobilin alınması məqsədilə 7100 ABŞ dolları məblığində kreditin verilməsi xx.xx.2018-ci il tarixdə cavabdehlə Cavabdeh2 ASC-nin Səbail filialı arasında kredit müqaviləsi bağlanmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı “KİA Cerato” markalı, 99 HR-340 dövlət qeydiyyat nişanlı (mühərrik: G4FGDH670911, ban: KNAFX4116E521458. buraxılış ili 2014) avtomobilə dair cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla “Ata Bank" ASC arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən ipoteka predmeti mübahisəli Avtomobil olmuşdur. Müqavilənin predmeti tərəflərin qarşılıqlı razılığı ilə 12.800 ABŞ dolları, 20.100 manat məbləğində qiymətləndirilmişdir. Onun tərəfindən “Ata Bank' Açıq Səhmdar Cəmiyyətinə 5.700 ABŞ dolları ödənilmişdir. Bu fakt ödəniş qəbzləri ilə təsdiq olunur. Məhkəmə qərarlarına əsasən o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X8 Stasionarında məcburi müalicəyə göndərilmiş, müalicəsi bu günə kimi davam edir. Müalicədə olduğu müddətdə xəstəliyindən istifadə edərək “Ata Bank" ASC onunla bağladığı ipoteka müqaviləsi qüvvədə olmasına baxmayaraq, həmin müqavilələr ləğv edilmədən ona məlumat vermədən Avtomobilə dair cavabdehlə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə ipoteka müqaviləsi və 2119SBFAK saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti tərəflərin qarşılıqlı razılığı ilə 7.100 ABŞ dolları 18.400 manat məbləğində qiymətləndirilmişdir. Hətta, devalivasiya nəticəsində avtomobilə görə dəymiş 5.588.99 manat zərər onun tərəfindən alınmışdır. Daha sonra, məlum olmuşdur ki, cavabdeh Avtomobilə bağlı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini bağlamışdır. Həmin müqavilədə satıcı kimi onu adı qeyd olunmuş, lakin o, həmin müqaviləni imzalamamışdır
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: b) Cavabdeh yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı etiraf edərək təmin edilməsini xahiş etdi.
9. Üçüncü şəxs Şəfanə Məmmədova məhkəmə iclasında izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
11. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. İddiaçı iddia edir ki, Avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsindən nə məlumatı olmamış, nə də həmin müqaviləni imzalamamışdır. Odur ki, mübahisəyə əqdin etibarsızlığı ilə bağlı müddəlar tətbiq ediləcəkdir.
21. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.
22. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
23. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.
24. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.
25. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.
26. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddisaçının Avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün irəli sürdüyü dəlil müqavilənin onun tərəfindən imzalanmaması ilə bağlıdır, başqa sözlə iddiaçı müqavilənin bağlanmasında iradə ifadəsinin olmamasını iddia edir. O, bu dəlilini müqavilə bağlanan vaxt onun AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X9 Stasionarında müalicəyə göndərilməsi və müalicəsinin hələ də davam etməsi ilə əsaslandırır.
27. Məhkəmə öncə, iddiaçının Psixatriya Stasionarında müalicədə olması ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçı barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qərarı ilə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi qərara alınsa da, sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə X9 Stasionarında məcburi müalicəyə keçirilməsi, 04 may 2018-ci il tarixli qərarı ilə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X8 Stasionarında məcburi müalicəsinin dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli məktubda isə qeyd edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə daxil olub, xx.xx.2018-ci il tarixdə xəstəxanadan evə yazılıb.
28. Göründüyü kimi, Avtomobilə dair xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı Respublika Psixiatriya Xəstəxanasının X8 Stasionarında deyil, ambulator şəraitdə müailəcə olunmaqla evdə olmuşdur.
29. Müqavilənin onun tərəfindən imzalanmaması barədə dəlilinə gəldikdə isə bu barədə məhkəmə tərəfindən məhkəmə-xətşünasılıq ekspertizası təyin edilmiş və X3 4/1302 saylı, xx.xx.2022-ci il tarixli rəyində ekspert bu nəticəyə gəlmişdir ki, xx.xx.2018-ci il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin orta hissəsində “(“Satıcı”nın s.a.a., imzası”)” qrafasındakı imza və “Məmmədov” əlyazması İddiaçı tərəfindən icra olunmuşdur.
30. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
31. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının müqavilənin etibarıszlığı üçün gətirdiyi hər iki əsas (müqavilə bağlanarkən psixiatriya xəstəxanasında olması və müqaviləni imzalamaması) iş materialları ilə təkzib olunur. Yəni, iş materialları ilə müəyyən edilir ki, Avtomobilə dair alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı psixartiya xəstəxanasında deyil, evdə olmuş, həmçinin ekspert rəyi ilə təsdiq olunur ki, “(“Satıcı”nın s.a.a., imzası”)” qrafasındakı imza və “Məmmədov” əlyazması iddiaçı tərəfindən icra olunmuşdur.
32. Bundan başqa, iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən onun müqavilə bağlanan vaxt psixi vəziyyətinin müəyyən edilməsi məqəsdilə məhkəmə-psixatrik ekspertizaı təyin edilsə də, iddiaçı ekspertiza getmədiyindən iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır.
33. Həmçinin, iddianın rədd edilməsi qənaətinə gələrkən məhkəmə onu da nəzərə alır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(011)- 858/2021 saylı qətnaməsi ilə müəyyən edilir ki, hazırkı mübahisə üzrə üçüncü şəxs olan Şəfanə X1 və Cavabdeh1 qarşı “cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi”nə dair iddiası qismən təmin edilərək “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və X5 ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
34. Məhkəmə qeyd edir ki, iddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halların təsdiq edilməsi üçün sübutlarını təqdim etməlidir. İddiaçı sübut etmə vəzifəsini yerinə yetirə bilmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı iddiasının haqlı olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmiş, əksinə onun iddiası yuxarıda da şərh edildiyi kimi, iş materialları əsasında təkzib edilmişdir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı