Məhkəmə qərarları › İş №2(011)-4604/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4604/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4604/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Bank ”BTB” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.01.2021-ci il tarixinə ödənilməmiş 2361 manat əsas borc, 17.56 manat faiz borcu, ümumilikdə 2378.56 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının Cavabdeh iddiaçının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.N.Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 2697.71 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh həmin kreditdən iddiaçı ilə bağlanmış RF-00133-17/16A saylı 02.03.2016-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 07.10.2024-cü il tarixinədək faiz ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür, tərəflər arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 07.10.2019-cu il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 08.01.2021ci il tarixə hesablanmış və ödənilməmiş 2361 manat əsas, 17.56 manat faiz borcu olmaqla ümumi borcu 2378.56 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi T.N.Məmmədov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, müqavilə şərtlərini maddi imkanı olmadığından icra edə bilməmişdir, banka cəmi 2378.56 manat məbləğində borcu olduğunu etiraf edir, borcunu ödəyəcəkdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.10.2020-ci il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh Bank "xxxx" ASC tərəfindən illik 1 % olmaqla 60 ay müddətinə 2697.71 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07.09.2019-cu il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bank 07.10.2019-cu il tarixdə Cavabdeh aylıq faiz dərəcəsi 0,08% olmaqla, 60 ay müddətinə 2697.71 manat nağd kredit vermişdir. İş materiallarında olan 07.10.2019-cu il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində razılığa gəlinmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 08.01.2021-ci il tarixədək banka 25.12.2019-cu il tarixində 250 manat, 16.04.2020-ci il tarixində 100 manat olmaqla cəmi 350 manat ödniş etmişdir, onun 06.01.2021-ci il tarixə banka əsas borc məbləği 2361 manat, faiz borcu 17.56 manat olmaqla, cəmi borcu 2378.56 manat təşkil edir. İş materiallarından görünür ki, 06.10.2020-ci il tarixdə Cavabdeh borcunu ödəməsi ilə əlaqədar bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 38, mənzil 73 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan 2697.71 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hal hazırda iddiaçının əsas borc məbləği 2361 manat, faiz borcu 17.56 manat, ümumilikdə borcu 2378.56 manat təşkil edir, iddiaçı tərəfindən borcunun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən və cavabdehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsi barədə və cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddiaçı Bank "xxxx" ASC-nin iddia tələbinə dair Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X2 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli RPF-00988-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2361 manat məbləğində əsas borc, 17.56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2378.56 manat pul məbləği alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0.40 qəpik məbləğində pul Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlətv rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli RPF- 00988-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc kimi 2361 manat, faiz borcu kimi 17,56 manat, ümumilikdə 2378 (iki min üç yüz yetmiş səkkiz) manat 56 (əlli altı) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmət haqqı 40 (qırx) qəpik pul məbləği alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar