Məhkəmə qərarları › İş №2(011)-4628/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4628/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4628/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 322.19 ABŞ dolları əsas, 479.20 ABŞ dolları faiz, 789.59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41.20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.632,18 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 27 faizlə 2.850 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 noyabr 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2.208,63 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 17 fevral 2018-ci il tarixədək müəyyən edilmişdir. 09 fevral 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1.918,56 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 09 fevral 2018-ci il tarixinədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 22 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 27 faizlə 2.850 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 noyabr 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2.208,63 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 17 fevral 2018-ci il tarixədək müəyyən edilmişdir. 09 fevral 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1.918,56 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 09 fevral 2018-ci il tarixinədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 22 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin-borcun digər cavabdeh Zamin, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi üzrə Əlavə sazişə əsasən həmin müqavilə üzrə kreditin müddəti 17 fevral 2018-ci il tarixədək uzadılmış, öhdəliyin icra müddəti 17 fevral 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 16 may 2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Zamin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 22 iyul 2017-ci il tarixə "xxxx" ASCyə əsas borc üzrə 1.842,90 ABŞ dolları, faiz borcu üzrə 12.44 ABŞ dolları, cəmi 1.855,34 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, cavabdehdən əsas borca görə 322.19 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli ekspert rəyi sübut qismində qəbul edilməli, cavabdehdən 12.44 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 789.59 ABŞ dolları məbləğində cərimənin 30 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 41.20 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 322.19 ABŞ dolları məbləğində əsas borc, 12.44 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu, 41.20 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 405.83 ABŞ dolları məbləğində pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 22 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 8 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci olaraq 112 manat pul vəsaiti cavabdehdən, qalan 38 manat isə iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 322.19 (üç yüz iyirmi iki dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 12.44 (on iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 30 (otuz) ABŞ dolları məbləğində cərimə borcu, 41.20 (qırx bir dollar iyirmi sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 405.83 (dörd yüz beş dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 22 (iyirmi iki) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qalan 8 (səkkiz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 112 (bir yüz on iki) manat hissəsi Cavabdeh, qalan 38 (otuz səkkiz) manat isə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar