Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4637/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınar əşya üzərində mülkiyyət hüququnun müdafiəsinə dair” ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınar əşya üzərində mülkiyyət hüququnun müdafiəsinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin girovda olan ona məxsus qızıl zinət əşyalarının satılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, girov əşyalarının satılmasında üstünlük hüququnun pozulması nəzərə alınaraq satılmış əşyalarının geri qaytarılması, bu mümkün olmadıqda satılmış əşyaların dəyərinin ona ödənilməsi, dəymiş mənəvi zərərə görə cavabdehdən 3700 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi, məhkəmə məsrəflərinin cavabdehin hesabına ödənilməsiı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.02.2018-ci il tarixində FZB № 008582 nömrəli girov bileti əsasında ümumi dəyəri 1100 manat qiymətləndirilən (üzük-2 ədəd, sep- 22.8qr, kulon-2 ədəd və diş-1 3qr); 19.11.2019-cu il tarixində isə FZB № 020645 nömrəli girov bileti ilə ümumi dəyəri 1100 manat qiymətləndirilən (sırqa və qolbağ) qızıl-zinət əşyalarını Cavabdeh işlətdiyi “Güvən Lombard”da girova qoymuşdur. Bundan sonra birinci girov üzrə 8 ay ödəniş həyata keçirmiş, lakin sonradan ödəniş edə bilmədiyindən Cavabdeh tərəfindən girov qoyulmuş əmlakının satışı həyata keçirilmişdir. “Daşınar əşyaların yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Bildirişdə yüklülük predmetinin təsviri, icra olunmalı öhdəliyin məbləği, satışın üsulu, satışın həyata keçirildiyi yer, tarix və vaxt, bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası göstərilməlidir. Qanunun 17.4-cü maddəsinə əsasən, yüklülük verən və ya borclu bu Qanunun 17.1 -ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Həmçinin 18.2-ci maddəyə əsasən, yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. Qanunda sözügedən qaydaların müəyyən olunmasına baxmayaraq Cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, girovda olan əşyanın satılması barədə ona heç bir xəbərdarlıq etmədən əmlakının satışını həyata keçirmişdir. Bununla yanaşı, əmlakının hansı tarixdə, harada, hansı qiymətə satılması barədə məlumat verilməmişdir. Məsələ ilə bağlı pretenziya qaydasında Cavabdeh müraciət etsə də, heç bir tədbir görülməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun üçün mənəvi dəyəri olan qızıl-zinət əşyaları bu günədək də kimliyini bilmədiyi şəxslərə qanunsuz olaraq satılmışdır. Halbuki, qızıl-zinət əşyalarının satılacağı barədə məlumat verilsəydi onların satılmasına yol verməyəcəkdi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində arzu olunmaz vəziyyətə düşmüş, uzun müddət qohumlarına və digər ailə üzvlərinə qızıl-zinət əşyalarının satılması barədə yalan danışmalı olmuşdur. Müxtəlif tədbirlərdə qızıl-zinət əşyalarını niyə taxmadığı soruşulduqda müxtəlif bəhanələrlə həmin suallardan yayınmağa çalışmış, daxili gərginlik və stress keçirmişdir. Keçirdiyi stress səbəbindən son zamanlar onda yaddaş zəifliyi, tez-tez yorğunluq hissi, eləcə də mütəmadi halsızlıq ailə üzvləri tərəfindən müşahidə edilir. Zehni gərginlikli iş hesab edilən pedaqoji fəaliyyətlə məşğui oiduğundan, keçirdiyi mənəvi əzab və iztirab, eyni zamanda peşə fəaliyyətinə də təsir göstərmiş, səhhətində yaranmış problemlə əlaqədar həmin dövr ərzində olan bir neçə dərsini təxirə salaraq başqa vaxta keçirmiş, dəyişdirilməsi mümkün olmayan dərsləri ilə xəstə halda tədris etmiş, hansı ki, həmin dərslərdə tədris prosesinin keyfiyyəti ondan asılı olmayan səbəbdən aşağı səviyyədə olmuşdur. Bu da onda peşə öhdəliyini lazımınca icra edə bilmədiyinə görə məyusluq hissi yaratmış və mənəvi iztirab çəkmişdir. Bununla da, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Eyni zamanda, diabet xəstəsi olduğundan qızıl-zinət əşyalarının satılmasından xəbərdar olduqdan sonra bir həftəyə yaxın qanında olan şəkərin səviyyəsi yüksək həddə çatmış, səhhətində kondidoz, bədən çəkisinin səbəbsiz şəkildə sürətli itirilməsi, görmə qabiliyyətinin zəifləməsi, həddən artıq yorğunluq hissi, bədəninin ətraf nahiyyələrdə keyimə kimi neqativ hallar əmələ gəlməyə başlamışdır. Həkim məsləhəti və müalicə prosedurları nəticəsində bir müddət sonra sağlamlığını qismən bərpa edə bilmişdir. Beləliklə də, cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı işlətdiyi Lombarda müraciət edərək qızıl girovu müqabilində iki dəfə, 15.02.2018-ci il tarixli seriya FZB № 008582 nömrəli girov bileti əsasında 1720 manat və 19.11.2019-cu il tarixli seriya FZB № 020645 nömrəli girov bileti əsasında 1100 manat nağd pul götürmüşdür. Bu məbləğlər üzrə sonuncu tərəfindən qərəzli şəkildə bu günə kimi ya əsas borc məbləğləri və ya aylıq faizlər ödənilməmişdir. Nəticə etibarə ilə lombardın istifadəsində olan (055)794-94-00 mobil nömrədən cavabdeh İddiaçı və onun həyat yoldaşı Loğman adlı şəxsə bağlanan girov biletlərində qeyd etdikləri və istifadələrində olan (070)898-02-02, (077)369-02-02 mobil nömrələrə dəfələrlə (azı 15 dəfə) SMS mesajları göndəriləməsinə baxmayaraq, İddiaçı öz öhdəliklərini icra etməmişdir. Bu SMS-lərdə onları hər gecikdirdikləri günlər üçün 0.2% cərimə olunacaqları barədə, qızıl əmlakları satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişlər. Yalnız bundan sonra, 15.02.2018-ci il tarixli seriya FZB № 008582 nömrəli girov bileti bağlanandan öhdəliklər 32 ay pozulduqdan və 19.11.2019-cu il tarixli seriya FZB № 020645 nömrəli girov bileti bağlanandan sonra öhdəliklər 12 ay pozulduqdan sonra, məcbur olub 12.11.2020-ci il tarixdə qızılları qanunla verilmiş səlahiyyətlər əsasında satışa çıxarmışdır. Satışdan əldə olunan vəsait isə cavabdehin lombarda olan borcunu tam bağlamamışdır. Prosesin gedişində iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə iki girov üzrə götürdüyü 1720 manat və 1100 manat, cəmi 2820 manat əsas borc, 15.02.2018-ci il tarixli seriya FZB № 008582 nömrəli girov bileti əsasında 14 ay müddətində hər ay qecikdirilən 104 manat, cəmi 1456 manat aylıq ödəniş haqqı, 19.11.2019-cu il tarixli seriya FZB № 020645 nömrəli girov bileti üzrə 12 ay müddətində hər ay qecikdirilən 55 manat, cəmi 665 manat aylıq ödəniş haqqı, № 008582 nömrəli girov bileti üzrə ana məbləğin bir günlük 0,2% olmaqla 14 ay ücün 1445 manat cərimə məbləği, № 020645 nömrəli girov bileti üzrə ana məbləğin bir günlük 0,2% olmaqla 12 ay gecikməyə görə 803 manat cərimə məbləği, 500 manat qiymətləndirmə xərci haqqı, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7719 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə aralarında bağlanan 15.02.2018-ci il tarixli seriya FZB № 008582 nömrəli girov bileti əsasında ümumi dəyəri 1100 manat qiymətləndirilən və cavabdehə məxsus olan (üzük-2 ədəd, sep- 22.8 qr, kulon-2 ədəd və diş 3 qr) lombard girovuna qoyulmuş və ona 1100 manat pul verilmişdir. 19.11.2019-cu il tarixli seriya FZB № 020645 nömrəli girov bileti əsasında ümumi dəyəri 1100 manat qiymətləndirilən və cavabdehə məxsus olan (sırğa və qolbaq) lombard girovuna qoyulmuş və 1100 manat pul verilmişdir. Cavabdehin ona ünvanladığı 30.03.2021-ci il tarixli pretenziya məktubunda qeyd edildiyi kimi, 15.02.2018-ci il tarixli seriya FZB № 008582 nömrəli girov biletinin şərtləri onun tərəfindən pozulmuşdur və o, bir müddət keçəndən sonra lombarda etməli olduğu aylıq ödənişlərini dayandırmışdır. Dəfələrə cavabdehə və onun həyat yoldaşına məxsus mobil telefonları vasitəsi ilə xəbərdarlıq edilməsinə, sms-lər göndərilməsinə baxmayaraq, onlar qanunsuz hərəkətsizlik göstərərək öz öhdəliklərini pozmaqla lombarda olan borclarını ödəməkdən qərərzli şəkildə yayınmışlar. Cavabdeh eyni qaydada 19.11.2019-cu il tarixli seriya FZB № 020645 nömrəli girov bileti üzrə də öhdəliklərinin icrasını dayandırmışdır. Nəticə etibarı ilə 12.11.2020-ci il tarixdə girov predmeti olan qızıl-zinət əşyaları açıq bazarda 3700 manata satılaraq, lombardın vəsaiti qismən bərpa olunmuşdur. Hazırda cavabdehin əsassız şəkildə qaldırdığı iddia ərizəsində göstərilənləri təkzib etmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan "xxxx" MMC şirkəti ilə qızıl-zinət əşyalarının satışı keçirilən zamana satış qiymətlərinin müəyyən edilməsi xahiş olunmuş, 07.06.2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi 12.11.2020-ci il tarixdə girov predmeti olan 6 adda olan qızıl-zinət əşyaları açıq bazarda sayış qiyməti 3710 manat təşkil etmişdir. Cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. Cavabdeh qarşılıqlı iddiasında ona və həyat yoldaşına dəfələrlə xəbərdarlıq edilməsini, “sms”lər göndərilməsini göstərmişdir. Lakin, öz iddia ərizəsinə əlavə etdiyi sənədlərdə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddiada cavabdeh tərəfin qeyd etdiyi xüsusatlar söz yığınından başqa bir şey deyil. Cavabdeh eyni zamanda qarşılıqlı iddiada göstərmişdir ki, 12.11.2020-ci il tarixdə ona məxsus qızıl-zinət əşyalarını açıq bazarda 3700 manata satmışdır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, yüklülük sahibi (yəni Cavabdeh) yüklülük predmetinin satılmasından 5 iş günü müddətində yüklülük verəni və borclunu (yəni onu) yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. 18.3-cü maddəyə əsasən, 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 iş günü müddətində yüklülük verənə qaytarılır. 18.5-ci maddəyə əsasən, yüklülük sahibi Qanunun 18.3-cü maddəsinin tələblərini pozduqda, yüklülük verən qarşısında bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Lakin, cavabdeh tərəf bu normaların da tələblərini pozaraq qızıl-zinət əşyalarının satışından sonra satış qiyməti və s. barədə ona heç bir məlumat verməmiş, qanunvericiliyin tələblərinə aşkar şəkildə zidd davranış nümayiş etdirmişdir. Sözügedən qanunvericilik normaları bir daha onun Cavabdeh qarşı tələblərinin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda, cavabdehin qarşılıqlı iddiada öz tələblərini əsaslandırmaması, öz tələblərini əsaslandıran heç bir sübut təqdim etməməsi, bu azmış kimi ona qarşı əlavə iddia tələbi ilə çıxış etməsi qarşı tərəfin mülkihüquqi məsuliyyətdən yayınmağa cəhd etməsinə aşkar bir sübutdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsi barədə, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsi barədə, ilk iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin olunmalıdır. Belə ki, i ş materiallarında olan 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov biletinin surətindən görünür ki, İddiaçı ümumi dəyəri 1100 manat qiymətləndirilən qızıl-zinət əşyalarını (üzük-2 ədəd, sep-22.8 qr, kulon-2 ədəd və diş 3 qr) girov qoyaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh (VÖEN:**********) 66%-lə 1 ay müddətinə, 15.03.2018ci il tarixinədək qaytarmaq şərti ilə 1720 manat kredit götürmüşdür. İş materiallarında olan 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov biletinin surətindən görünür ki, İddiaçı ümumi dəyəri 1100 manat qiymətləndirilən qızıl-zinət əşyalarını (sırğa və qolbaq) girov qoyaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh (VÖEN:**********) 55%-lə 1 ay müddətinə, 19.12.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 1100 manat kredit götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi barədə 07.06.2021-ci il tarixli hesabatından görünür ki, 12.11.2020-ci il tarixinə, 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə girov qoyulmuş qızıl-zinət əşyalarının (2 ədəd üzük- 12,6 qr., 1 ədəd sep- 22,8 qr., 2 ədəd kulon- 4 qr. və 1 ədəd diş- 1,3 qr) dəyəri 2410 manat, 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə girov qoyulmuş qızıl-zinət əşyalarının (1 cüt sırğa- 7,5 qr., 1 ədəd qolbaq- 18,6 qr.) dəyəri 1305 manat olmaqla, cəmi 3715 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmin Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Həmin Qanunun 4.3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə görə yüklülüklə təmin edilmiş öhdəliyin və ya onun müəyyən hissəsinin müqabilində yüklülük predmetini mülkiyyətinə götürmək istəyən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük verənə və borcluya, bildirişin surətini isə ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.9-cu maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı və 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov biletlərinə əsasən ilkin iddia üzrə İddiaçı tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi üzrə ilkin iddia üzrə Cavabdeh hərəkətləri lombard girovu və ona tutma yönəldilməsi barədə qanunvericiliyin tələblərinə zidd olduğundan, girov qoyulmuş əşyaların ümumi dəyəri ekspert rəyi ilə 3715 manat müəyyən edildiyindən, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdehin girov əşyalarının satılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, cavabdehdən girov əşyalarının dəyəri olan 3715 manat və dəymiş mənəvi zərərə görə 500 manat məbləğində kompensasiya tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarının tələblərini nəzərə alaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə 1720 manat və 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə 1100 manat əsas borcunun qalması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılqlı iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə 1445 manat və 19.11.2019cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə 803 manat məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə 1400 manat və 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə 770 manat məbləğinədək azaldılmalıdır. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia tələbinin “15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə 1456 manat və 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə 665 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmçinin, qarşılıqlı iddia tələbi 500 manat qiymətləndirmə xərci haqqının tutulması hissəsində kifayət qədər əsaslandırılmadığından və bu barədə lazımi sübutlar təqdim edilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus girov əşyalarının satılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. Cavabdeh 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə girov qoyulmuş qızıl-zinət əşyalarının (2 ədəd üzük- 12,6 qr., 1 ədəd sep- 22,8 qr., 2 ədəd kulon- 4 qr. və 1 ədəd diş- 1,3 qr) dəyəri 2410 manat, 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə girov qoyulmuş qızıl-zinət əşyalarının (1 cüt sırğa- 7,5 qr., 1 ədəd qolbaq- 18,6 qr.) dəyəri 1305 manat olmaqla, cəmi 3715 manat, mənəvi zərərə görə 500 manat, ümumilikdə 4215 (dörd min iki yüz on beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun 17,10 (on yeddi manat 10 qəpik) manat hissəsi alınıb İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 15.02.2018-ci il tarixli FZB seriyalı 008582 saylı girov bileti üzrə 1720 manat əsas borc və 1400 manat cərimə, 19.11.2019-cu il tarixli FZB seriyalı 020645 saylı girov bileti üzrə 1100 manat əsas borc və 770 manat cərimə olmaqla, cəmi 4990 manat (dörd min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumun 19,50 (on doqquz manat 50 qəpik) manat hissəsi tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdə sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4637/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4637/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver