Məhkəmə qərarları › İş №2(011)-464/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-464/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-464/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 911,04 manat pul vəsaitinin tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. 2024-cü ilin yanvar ayından mənzilinin üst qatında yerləşən Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, mənzil 807-dən su sızıntısı başlamışdır. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, hər hansı bir təmir işləri aparılmadı, nəticədə xüsusi mülkiyyətində olan mənzilin təmiri pozuldu və ona maddi zərər vurulmuşdur. Bu haqda o binanı idarə edən "X7 LTD" MTK-ya müraciət etmişdir və baxış keçirələrək müvafiq akt tərtib edilmişdir. Habelə dəymiş zərərin miqdarının müəyyən edilməsi üçün qiymətləndirici "xxxx" Firmasına etdiyi müraciət əsasında rəy alınmışdır. Rəyə əsasən ona 911,04 manat maddi zərər vurulmuşdur. Cavabdehə zərərin ödənilməsi üçün müraciət etsə də, bundan imtina edildi və hazırda məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Həmçinin cavabdeh məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, xüsusi mülkiyyətində olan əşyalarının mənimsənilməsi və ona xeyli miqdarda maddi ziyan vurulması ilə əlaqədar olaraq cinayət əməli törətmiş şəxslə bağlı Xətai rayon məhkəməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslə bağlı qəbul edilmiş hökmdən yuxarı instansiyaya şikayət vermişdir. Həmçinin, ona maddi ziyan vuran həmin şəxsə qarşı vurulmuş ziyanı mülki qaydada Suraxanı rayon məhkəməsində mübahisələndirir. Suraxanı rayon məhkəməsində olan iddia tələbi barəsindəki 2(010)-3381/2025 saylı mülki işin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Ona qarşı mübahisələndirilmiş və hazırki iş üzrə əsas cavabdeh onun mənzilində cinayət törətmiş və məsuliyyətə cəlb edilmiş X4 olmalıdır. Çünki, ona qarşı mübahisələndirilən tələb məhz həmin şəxsin cinayət əməli səbəbindən mübahisələndirilmişdir. İşin halları İş materiallarında olan “X7 LTD” MTK-nın sədri və mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında mənzil 804 şəfahi müraciət əsasında baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında mənzil 807-dən su trubasından axıntı zamanı 804-cü mənzilə maddi ziyan dəymişdir. Olarda olan məlumata əsasın Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 50 (Xocalı 29) ünvanında mənzil 807-nin sahibi Cavabdeh xanımdır. “X7 LTD” MTK-nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 50, 807 nömrəli mənzilin hazırki statusu Cavabdeh sahibliyində və istifadəsindədir. "xxxx" Firmasının 05/FŞ saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, 804 saylı mənzilə (yeni qaydalar ilə: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleymn Vəzirov küçəsi 50) qonşu tərəfindən su sızması nəticəsində dəymiş ziyanın ödənilməsi üçün xərclər smetasının hazırlanması məqsədi ilə baxış keçirilmişdir. Mənzildə görüləcək işlərin siyahısı tutularaq smetası hazırlanmışdır. Baxış zamanı müəyyən edilmiş işlərin icrası üçün 911,04 manat pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş, və ona iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə göstərilmişdir ki, X4 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Cavabdeh etibarından suiistifadə edib aldadaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, 807 nömrəli bir otaqlı, tam təmirli mənzili kirayə götürmək adı ilə 03 iyul 2023-cü il tarixdə Cavabdeh əri X3 ilə müqavilə bağladıqdan sonra bir müddət mənzildə yaşamış və 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının 17-dək olan müddət ərzində mənzilin mətbəxindən 8.900 manat dəyərində mərmərli mətbəx mebelini, 1.250 manat dəyərində “Gorenje” markalı qaz sobasını, 2.800 manat dəyərində 01 ədəd “Bosch” markalı soyuducunu, 800 manat dəyərində 01 ədəd “Gorenje” markalı aspiratoru, 1.250 manat dəyərində 01 ədəd paltaryuyanı, 350 manat dəyərində mətbəx üçün pəncərə pərdəsini, 1.450 manat dəyərində “Mitsubishi” markalı 35 m2-lik kondisioneri, 700 manat dəyərində mətbəx masasını, ümumi dəyəri 720 manat olan 06 ədəd mətbəx stullarını, ümumi dəyəri 300 manat olan qab-qacaqları, 140 manat dəyərində bir ədəd isidici radiatoru, ümumi dəyəri 1.800 manat olan “Diana” fabrikasında istehsal olunmuş bir cüt oturacaqları, 300 manat dəyərində oturacaq üzərinə keçirilən bir dəst üzlükləri, 870 manat dəyərində “Sony” markalı 32 düymlük televizoru, 1.450 manat dəyərində bir ədəd “Mitsubishi” markalı 35 m2- lik kondisioneri, 510 manat dəyərində bir ədəd isidici radiatoru, 1.200 manat dəyərində otaq üçün pəncərə pərdəsini, 850 manat dəyərində “Unikal” markalı kombini, 1.450 manat dəyərində “Mondi” markalı oturacağı, 300 manat dəyərində bir ədəd xalçanı, hər birinin dəyəri 1.000 manat ümumi dəyəri 3.000 manat olan 3 ədəd otaq qapılarını, ümumi dəyəri 2.930 manat olan unitazı, iki ədəd duş başlıqlarını, eləcə də digər aksessuarları ələ keçirib istintaqla müəyyən edilməyən şəxslərə satıb ümumilikdə 33.320 manat dəyərində əmlakı vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs Cavabdeh ümumilikdə 33.320 (otuz üç min üç yüz iyirmi) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4- cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 1(011)-33/2025 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 807 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. "xxxx" Firması tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 911,04 manat məbləğində vəsait tələb edilir. Cavabdeh tərəf bu məbləği mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətdə iddiaçıya maddi zərərin evində qalan kirayəçi X1 təqsirli hərəkətləri nəticəsində dəydiyini bildirmişdir. Lakin, məhkəməyə təqdim edilmiş hökm və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, X4 Cavabdeh məxsus evdə 2024-cü ilin fevral ayınadək yaşamışdır. Yəni, iddiaçının mənzilinə suyun axıdılması halı baş verdiyində həmin şəxs artıq mənzili tərk etmişdir. Digər tərəfdən, qeyd edilən məhkəmə qərarlarına əsasən X1 hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 50, 804 saylı mənzilə suyun axıdıldığına görə maddi zərərin dəydiyi də müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 911,04 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 911,04 (doqquz yüz on bir manat dörd qəpik) manat məbləğində pul vəsaiti tuutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar