Məhkəmə qərarları › İş №2(011)-4649/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4649/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4649/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının Bayramova Nərmin Nizami qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən 1285,0 manat məbləğində əsas borcun, əsas borca hesablanmış 578,70 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1863,70 manat məbləğində borcun, o cümlədən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC0yə 1285 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 428,33 manat olmaqla, hissə-hissə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırdkı tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Bundan əlavə, qeyd olunan borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən yuxarıda qeyd olunan müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında cavabdehin əlavə olaraq 578,70 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdırş İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş cavabdehin izahatını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin surətindən görünür ki, borclu Cavabdeh 1285 manat məbləğində borcun yarandığını tam etiraf etmişdir. Borclu 3 aya 1285 manat məbləğində borcun yarandığını, həmin məbləği xx.xx.2019-ci il tarixinədək, hər ay 428,33 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5 faizi miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 1285 manat məbləğində borcu xx.xx.2020-ci il tarixinədək ödəməyi tələb etmişdir, əks halda tələb olunan məbləğin ondan alınaraq İddiaçı MMC-yə məcburi qaydada ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, xx.xx.2022-ci il tarixinə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə İddiaçı MMC-yə 1285 manat əsas borc olmaqla, müqavilənin 2.4-cü maddəsinin şərtlərinə əsasən hesablanmış 578,70 manat dəbdə pulu ilə birlikdə ümumilikdə 1863,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı MMC iddianın məhkəməyə verilməsi üçün 39 manat məbləğində rüsum ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 89,95 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qismən əsaslı hesab edilsə də, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli “Borcun etirafı müqaviləsi üzrə” borc xx.xx.2019-cu il tarixdə ödənilməli olduğuna baxmayaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə ilkin olaraq, xx.xx.2021-ci il tarixində müraciət etmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4006/2021 nömrəli qərardadı ilə iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı təkrar olaraq Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən 1285,0 manat məbləğində əsas borcun, əsas borca hesablanmış 578,70 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1863,70 manat məbləğində borcun, o cümlədən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar