Məhkəmə qərarları › İş №2(011)-4657/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4657/2021

24.11.2021 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4657/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X24 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə iddiaçıya satılması barədə əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əsgər qızı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 1997-ci il tarixdə X10 almışdır. Tərəflər evin Əsgər Əliyev tərəfindən İddiaçı 9.000 ABŞ dollarına satılmasına razılaşmışlar. İddiaçı həmin əqdi icra etmiş və Əsgər Əliyevə evin dəyərini 9.000 ABŞ dollarını tam ödəmişdir. Əsgər Əliyev isə iddiaçını evinə qeydiyyata salmış, ona etibarnamə vermiş, evi və evin sənədlərini iddiaçıya təhvil vermiş, hərbi xidmətdə olan oğlunun və digər ailə üzvlərinin razılıq ərizələrindən sonra yaxın vaxtlarda notariat qaydasında alğı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. X30 həmin razılıq ərizələrini almış, lakin alğı-satqı müqaviləsini notariatda bağlamaqdan yayınmışdır, iddiaçı dəfələrlə uzun illər tələb etməsinə baxmayaraq Əsgər Əliyev əqdi notariatda təsdiq etdirməkdən yayınmışdır. Tərəflər arasında əqdin bağlanmasını Əsgər Əliyevin özü və ailə üzvləri də təsdiq etmişlər. Bu barədə X24 21 may 1997-ci il tarixdə qəbz yazaraq təsdiq etmişdir ki, Aşıq Qurban 25 ünvanında yerləşən evini həmin ünvanda 15 may 1997-ci il tarixdən qeydiyyatda olan X1 ondan 9000 ABŞ dolları pul almışdır. Bundan başqa X14 oğlu hazırkı iş üzrə Cavabdeh1 21 may 1997-ci il tarixdə hərbi xidmətdə olarkən Bakı şəhəri 40 nömrəli Dövlət Notariat Kontoruna ərizə ünvanlayaraq qeyd etmişdir ki, atasına məxsus Aşıq Qurbani küçəsi 25 ünvanında yerləşən xüsusi evin satılmasına razıdır. Əsgər Əliyevin həyat yoldaşı X15 21 may 1997-ci il tarixdə Bakı şəhəri 40 nömrəli Dövlət Notariat Kontoruna ərizə ünvanlayaraq qeyd etmişdir ki, ərinə məxsus Aşıq Qurbani küçəsi 25 ünvanda yerləşən xüsusi evin satılmasına razıdır. Ev iddiaçıya təhvil verildiyindən evdə 1997-ci ildən iddiaçı yaşadığından elektrik enerjisi, təbii qaz sayğacları iddiaçının həyat yoldaşı X2 adına quraşdırılmış və abonent kimi Türkman Çopurov qeydə alınmışdır. Əsgər Əliyev vəfat etmiş, bundan sonra cavabdehlər 16 dekabr 2019-cu il tarixdə İddiaçı əri Türkman Çopurovdan 1.800 manat pul alaraq sənədləşməni icra edəcəkləri barədə öhdəlik götürərək qəbz yazmışlar. Qəbz cavabdehlər X11, Cavabdeh2, şahidlər X5, X12, X8 tərəfindən imzalanmışdır. Lakin cavabdehlər qeyd olunan qəbzi yazdıqdan və 1.800 manat pulu aldıqdan sonra evin sənədləşməsindən yayınmışlar. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 40 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlərin mərhum atası ilə aralarında faktiki olaraq alğı-satqı müqaviləsinin bağlandığına istinad edərək qanunun müddəalarına uyğun olaraq müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə alğı-satqı müqaviləsinin anlayışına toxunmağı zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğısatqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Daşınmaz əmlakın alğı-satqısına dair tərəflər arasında müqavilə yazılı şəkildə bağlanmalıdır və tərəflər öz iradələrini sərbəst surətdə həmin müqaviləni imzalamaqla ifadə edirlər. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. İddia ərizəsinə əsasən tərəflər arasında alğı-satqı ilə bağlı münasibətlər 1997-ci il tarixdə yaranmışdır. Belə olan halda məhkəmə hazırkı mübahisəyə 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləni tətbiq etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad edilən dövrün qanunvericiliyinə əsasən daşınmaz əmlakla bağlı həyata keçirilən alğı-satqı müqavilələrinin notariat formasında bağlanması məcburi hesab edilirdi. Lakin Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda notarial formaya riayət edilmədən bağlanan əqddə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilərdi. Köhnə Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22.03.2006-cı il tarixli qərarında Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, tərəflər arasında sadə yazılı formada əqd bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 21 may 1997-ci il tarixli ərizədən görünür ki, X7 Qurban küçəsi 25 ünvanında yerləşən evini həmin ünvanda 15 may 1997-ci il tarixdən qeydiyyatda olan X1 ondan 9.000 ABŞ dolları pul aldığını imza ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən ərizədə qeyd olunan X17 məxsusluğu iddia edilən imzanın yoxlanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi əsasında qeyd edilən ərizənin X24 tərəfindən imzalandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan 21 may 1997-ci il tarixli etibarnamədə “Əliyev” soyadı önündəki imza ilə X14 adından olan 21 may 1997-ci il tarixli ərizədə “21 may 1997” yazılarından yuxarıdakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan X6 adından olan 21 may 1997-ci il tarixli ərizədə “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza, 21 may 1997-ci il tarixli Cavabdeh1 adından olan ərizənin arxa hissəsində “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza ilə 21 may 1997-ci il tarixli etibarnamənin arxa hissəsində notarius qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli qəbzdəki yazılar (qəbzin aşağı hissəsində X5, X12 və X8 yazılarından başqa) və “Cavabdeh1” yazıları qarşısındakı imza, “etirazımız yoxdur” yazılarından aşağıdakı imza- Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan 21 may 1997-ci il tarixli ərizədə “Əliyev R” soyadı önündəki imza, 16 dekabr 2019-cu il tarixli qəbzin aşağı hissəsində “X5, X12 və X8” yazıları Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Əsgər Əliyev tərəfindən İddiaçı verilmiş etibarnamədən görünür ki, 21 may 1997-ci il tarixli etibarnamə də yuxarıda istinad edilən ərizənin yazıldığı gün İddiaçı verilmişdir. Eyni zamanda işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Əsgər Əliyevin razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri 1997-ci ildən bu günə qədər fasiləsiz olaraq istinad edilən mənzildə yaşayırlar. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X4 öz izahatında bildirmişdir ki, o, poçt işçisidir. Mübahisəli evi İddiaçı əri almışdır. Əri ölkə ərazisində olmadığından etibarnamə İlhaməyə verilmiş və sənədləşmə onun adına aparılmışdır. Tərəflər arasında ev barədə danışıqlar aparıldığı günün ertəsi günü sənədləşmə həyata keçirilmişdir. İddiaçı tərəf beh olaraq qarşı tərəfə 500 ABŞ dolları pul verilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X13 öz izahatında bildirmişdir ki, o, avtomobil ustasıdır. İddiaçının əri Türkman Çopurovu tanıyır. Onların dostluq münasibəti vardır. O, evin alınmasına şahid olmuşdur. Evin alınması 1997-ci ildə baş tutmuşdur. Həmin vaxt Əsgər Əliyevin evində bir qadın yaşamışdır. 500 dollar beh olaraq Əsgər müəllimin evində verilmişdir. Daha sonra 8.500 dollar isə Şəhla xanımın yanında-40 saylı Notariat Kontorunda təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X9 öz izahatında bildirmişdir ki, Əsgər Əliyev onun baldızının yoldaşı, atasının əmisi oğludur. Onun özünə aid evi olmuş, Əsgər Əliyevin isə həmin vaxt pula ehtiyacı olmuşdur. Əsgər Əliyev ona təklif etmişdir ki, öz evini sataraq əldə etdiyi vəsaiti ona versin, əvəzində isə Əsgər Əliyevə məxsus evdə yaşasın. O, öz evini satıb Əsgər Əliyevə məxsus evdə yaşamağa başlamış, evin pulunu da ona vermişdir. Əsgər Əliyev daha sonra öz mübahisəli mənzilini sataraq onun pulunu geri qaytarmışdır. Evin satılmasından əldə edilən puldan Əsgər Əliyev ona olan borcunu ödəmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əsgər evi İddiaçı satıb. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsindən irəli gələrək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər qüsürsuz qaydada icra edilmiş lakin evin sənədləşmə işləri qeyri-müəyyən səbəblərdən başa çatdırılmamışdır. İddiaçı tərəfin vəkilinin izahatlarına əsasən tərəflər arasında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin baş tutmaması o səbəbdən olmuşdur ki, müqavilə bağlanan dövrdə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 hərbi xidmətdə olmuşdur və notarius evin satılmasına onun razılığı olmadan müqaviləni bağlamaqdan imtina etmişdir. Daha sonra iddiaçı tərəf dəfələrlə Əsgər Əliyevə müraciət etsə də, o müxtəlif səbəblərdən müqavilənin rəsmiləşdirilməsindən yayınmışdır. Bundan bir müddət sonra iddiaçının əri olan Türkman Çopurov ölkə xaricinə köçüb getdiyindən Əsgər Əliyevi müqavilənin bağlanmasına təkid edən də olmamışdır. İddiaçı qadın olaraq təkbaşına sənədləşmənin aparılmasında çətinlik çəkdiyi üçün belə ki, öhdəsində azyaşlı uşaqları var idi, ərinin gəlməyini gözləmişdir. Eyni zamanda əri ölkədə olmadığından iddiaçı öz adına olan etibarnamədən istifadə edə bilməmiş, evi nə onun adına nə də öz adına rəsmiləşdirə bilməmişdir. Məhkəmə iddiaçının vəkilinin müqavilənin rəsmiləşdirilməsinin baş tutmamasının Cavabdeh1 hərbi xidmətdə olması ilə bağlı olması dəlilinə münasibətdə qeyd edir ki, həm iş üzrə keçirilmiş ekspertiza rəyindən, həm cavabdeh tərəfin vəkilinin verdiyi izahatlardan da görünür ki, Cavabdeh1 həmin dövrdə həqiqətən də hərbi xidmətdə olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanması istinad olunan əqdin qanuna zidd olması halı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin mühüm şərtlərindən olan əmlakın təhvil verilməsi və müqabilində pulun alınması halı işin mübahisəsiz hallarındandır. Evin mülkiyyətçisi olan Əsgər Əliyev evi İddiaçı təhvil verməklə öz iradə ifadəsini əks etdirmişdir. Yuxarıda istinad edilən ərizəyə əsasən də həmin mənzilin dəyəri olaraq 9.000 ABŞ dolları pulun alınmasını təsdiq etmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması həm də o haldan görünür ki, mərhum Əsgər Əliyev vəfat etdiyi günədək iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, istinad edilən mənzildən iddiaçının və ailə üzvlərinin çıxmasını tələb etməmişdir. Tərəflər arasında mübahisə yalnızca iddiaçı tərəfin evi qanunauyğun olaraq rəsmiləşdirmək qərarına gəldikdən və cavabdehlərə müraciət etdikdən sonra yaranmışdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt evin mülkiyyətçisi olan Əsgər Əliyev vəfat etdiyindən və hazırkı cavabdehlər onun övladları olduğundan rəsmi qaydada vərəsəlik işi açılmasa da onları cavabdeh qismində cəlb etməkdə haqlı olmuşdur. Belə ki, hazırkı dövrdə mübahisəli evin iddiaçının adına rəsmiləşdirilməsinə maneələr məhz cavabdehlər tərəfindən yaradılmışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə mərhum X10 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər X18 və Cavabdeh1 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(010)-3668/2021 saylı qətnaməsini təqdim etmiş, həmin qərarın preyudisial olması əsası ilə hazırkı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qətnamənin preyudisiallığına qiymət verərək Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (AR MPM-nin 82.3-cü maddəsi) Maddədən də göründüyü kimi, preyudisiallıq yalnız həmin iş üzrə iştirak edən tərəfləri əhatə edir. Təhlil olunmuş iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində işə baxılarkən hər hansı qisimdə işdə iştiraka cəlb edilməmiş, işə xüsusi icraat qaydasında baxılmışdır. Beləliklə, həmin qətnamənin preyudisial olmasını məhkəmə bu iş üzrə qəbul etmir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü bildirilmişdir. Məhkəmə həmin ərizənin dəlillərini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırkı iş üzrə məhkəmə iclasında müəyyən edildi ki, 2019-cu ilə kimi tərəflər arasında fərdi yaşayış evinin alğı-satqısı ilə bağlı mübahisə olmamış, cavabdehlər fərdi yaşayış evinin alğı-satqısına etiraz etməmişlər. Cavabdehlər 2019-cu ildə qəbz yazaraq mübahisəli evin iddiaçıya verilməsinə etirazlarının olmadığını bildirmişlər. Həmin vaxtdan sonra onlar evin sənədləşməsindən yayınmışlar. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin axımı məhz bu müddətdən başlamışdır. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiq olunması barədə cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin ərizəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X24 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə iddiaçıya satılması barədə əqd bağlanmış hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X24 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə İddiaçı satılması barədə əqd bağlanmış hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar