Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4675/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdeh X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdeh X3 qarşı iddiaçının mülkiyyətində olan və yaşadığı ünvan 1 ünvanın 5-ci mərtəbəsi 49-cu mənzilinə, həmin binanın 6-cı mərtəbənin 60-cı mənzilindən axıdılan çirkli suya görə mənzilin bərpası üçün dəymiş 5000 manat pulun və ödədiyi 70 manat dövlət rüsumun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanın 5-ci mənzili onun xüsusi mülkiyyətindədir. Onun mənzilinin 6-cı mərtəbəsində 60-cı mənzil yerləşir, həmin mənzilin hamamından çirkli su onun mənzilinin yataq otağına, hamamına axıdılır. Onun çoxsaylı müraciətlərinə baxamayaraq 60-cı mənzilin sahibi mənzilin su xətlərini təmir etdirmir. Sonuncu olaraq beş dəfə əraziyə baxan Mənzil Komunal İstismar Sahəsinin rəisinə mühəndisinə şikayətlər etmişdir, sonuncular isə ona heç bir köməklik etməmişlər. Onun mənzilinin yataq otağına, hamamına çirkli suyun axıdılması ilə əlaqədar Mənzil Komunal İstismar Sahəsi baxış keçirmiş baxış zamanı mənzilinin hamam istismarı sahəsinin mühəndisi vəziyyəti kamera ilə çəkərək tədbir görəcəyini bildirmişdir. Artıq bir ildən artıqdır ki, onun yaşadığı ünvan 1 ünvanın 5-ci mərtəbəsində yerləşən 49-cu mənzilinə həmin binanın 60-cı mənzilindən axıdılan çirkli su axıdılması davam edir. Cavabdehin etirazı: Cavabdeh məhkəməyə yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia tələblərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddia ərizəsində iddiaçı onun mənzilinə çirkli suyun axması vaxtı və bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mənzilə çirkli suyun axması barədə müvafiq qurumlara məlumat verilməsi və mənzilinə həmin təşkilat tərəfindən baxış keşirilməsi və bu barədə tərtib edilməli olan akt da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının mənzilinə çirkli suyun axmasına səbəb 60-cı mənzildə olan hər-hansı bir texniki qüsurla bağlı olması, bu qüsurun mənzilin mülkiyyətçisinin təqsirili hərəkətləri nəticəsində baş verməsini də təsdiq edən hər hansı bir sübut təqdim edilməyib. Məhkəməyə təqdim edilən fotoşəkillərdən görünür ki, 60-cı mənzil kifayət qədər təmirli, çirkli suyun axmasına dəlalət edən hər hansı bir əlamət yoxdur. Əksinə, 60-ci mənzilə yuxarı qonşunun mənzilindən su axdığı və tavanın təmirə ehtiyacı olduğu görünür. Çirkli suyun iddiaçının mənzilinə axması binanın istismar müddətinin bitməsi və bununla bağlı kanalizasiya sistemində qüsurların olması ilə əlaqədar baş verməsi də istisna edilmir. Lakin buna görə cavabdeh məsuliyyət daşımır. İddiaçı cavabdehə şifahi irad bildirərək onun mənzilinin yataq otağınada su axdığını bildirmişdir. Təqdim edələn fotoşəkillərdən görünür ki, 60-cı mənzilin yataq otağında, ümumiyyətlə, su işlədilməsi ilə bağlı hər hansı bir qurğu və yaxud kanalizasiya xətti mövcud deyil. İddiaçı mənzilin bərpası üçün 5000 manat tələb etmişdir. Lakin bu tələbin də hansı hesablamalara söykəndiyi bəlli deyil. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədiklərini, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdirlər. İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasən Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti, binə 52 ünvanında yerləşən 49 saylı mənzil mülki iş üzrə İddiaçı adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********45-05101-093013, qeydiyyat nömrəsi 1********). Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 60 saylı mənzil mülki iş üzrə cavabdeh X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********78-05101-093072, qeydiyyat nömrəsi **********). Məhkəmə tərəfindən 122 saylı MKİS-nin mühəndisi A.Şərifovun iştirakı ilə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti, binə 52 ünvanında yerləşən 49 saylı mənzilin yataq otağının və hamam otağının tavanında və divarlarında su axıdılması izləri aşkar olunmuşdur. Bu zədələr yuxarı mərtəbədə yerləşən X4 məxsus 60 saylı mənzildən su sızması ilə əlaqədardır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 01/25-599 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti, binə 52 ünvanında yerləşən 49 saylı mənzilin xx.xx.2025-ci il tarixə bərpa dəyərinin həcmi 2777 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş CD-diskdən görünür ki, İddiaçı məxsus Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti, binə 52 ünvanında yerləşən 49 saylı mənzilin yataq otağının divarına yuxarı mərtəbədən su axıdılır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti, binə 52 ünvanında yerləşən 49 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 60 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 2777 manat məbləğində vəsait tələb edilir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyi ancaq müəyyən sahədə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən tərtib edilə bilər. Həmçinin mütəxəssis tərəfindən zərər xüsusi tədqiq etmə metodları və vasitələrinin köməyi ilə müəyyən edilə bilər. Lakin hazırki mülki iş üzrə təqdim edilmiş mütəxəssis rəyini tərtib edən mütəxəssis barəsində, sonuncunun xüsusi biliyə malik olmasına dair hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilərək iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 2777 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəməyə iddianın ödənilmiş dövlət rüsumunun və mütəxəssis tədqiqatının dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələbinə qiymət verərək belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,77 manat, mütəxəssis tədqiqatının dəyərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin qanuna ziddi təqsirli hərəkətləri nəticəsində iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunun və mütəxəssis tədqiqatının dəyərinin ödəməsi və ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və mütəxəssis tədqiqatının dəyərinin ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 vurulmuş maddi zərərin əvəzi olaraq 2777 (iki min yeddi yüz yetmiş yeddi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47.77 (qırx yeddi manat yetmiş yeddi qəpik) manat, mütəxəssis tədqiqatının dəyərinə görə ödənilmiş haqqın əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4675/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4675/2025
08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver