Məhkəmə qərarları › İş №2(011)-4695/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4695/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4695/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 745 manat, bank uçot dərəcəsi hesablamaqla 181,40 manat, cəmi 926,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayında Nizami rayonu, Çobanzadə küçəsi, ev 3/2-də yerləşən həyət evinin həyətində xəngəl sexi açaraq, yarımfabrikat yarpaq xəngəli hazırlayıb, qablaşdırıb satırdı. Sexi acan zaman Cavabdeh ilə tanış olmuş və cavabdeh hər gün 1000 paket mal alacağını bildirmişdir. Ceyhun əmin olmaq üçün 500 manat depozit istəmiş, o da, pulu olmadığından 500 manatlıq mal vermişdir. Bundan sonra cavabdehə 1645 manat dəyərində xəngəl vermişdir. Cavabdeh həmin mala görə 900 manat ödəmiş, 745 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən 745 manat borc pulu tələb etsə də, cavabdeh bundan boyun qaçıraraq borcunu qaytarmır. Həmçinin 01.11.2017-ci il tarixdən 01.06.2021-ci il tarixə qədər Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən illik bank uçot dərəcəsi hesablamaqla 181,40 manat cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək,bu barədə ərizə təqdim etməklə iddiaçıya cəmi 500 manat borcunun qaldığını göstərdi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı M.Soltanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 25.10.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh ona 745 manat borcunun qaldığını bildirmişdir. Təhqiqat zamanı izahatı alınmış Quliyev X1 Məmmədovdan mağazalara vermək üçün ilkin olaraq 500 manat dəyərində xəngəl aldığını, həmin malları mağazalara depozit olaraq qoyduğunu, bundan sonra ondan 3 dəfə ümumilikdə 900 manat dəyərində mal alıb, pulunu ödədiyini, Məhərrəmə 245 manat borcu qaldığını bildirmişdir. Məhərrəmin ona verdiyi mallardan 500 manat dəyərində olan xəngəlin satılmadığını, son istifadə tarixinin bitdiyindən xarab olduğu üçün geri qayıtdığını bildirmişdir. Bu barədə Məhərrəmə bildirdikdə, malı ona qaytarmaq üçün gətirdikdə Məhərrəmin malı qəbul etmədiyini, ondan pulunu tələb etdiyini bildirmişdir. Məhərrəmə cəmi 245 manat borcu olduğunu, qısa müddətdə həmin borcu ödəyəcəyini qeyd etmişdir. Araşdırma zamanı toplanmış materialdan görünür ki, 2017-ci ilin noyabr-dekabr aylarında İddiaçı ilə Cavabdeh şifahi razılaşma yolu ilə öz aralarında alış-veriş etmələri nəticəsində sonuncunun İddiaçı borclu qaldığı 745 manat pulu vaxtında qaytarmaması, Cavabdeh isə İddiaçı 245 manat borcu qaldığını etiraf etməsi, lakin borcunu vaxtında qaytara bilməməsi onun əməlində cinayət tərkibini istisna edir. Bununla da, İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı ərziə və izahatında göstərdiyi xüsusatlar mülki iddia xarakterli tələblərdir və baxılması məhkəmə səlahiyyətlərinə aiddir. Odur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması barədə izah verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, iddiaçı 2017-ci ildə cavabdehə ümumilikdə 1645 manatlıq mal verdiyini, cavabdeh tərəfindən 900 manat ödənilməklə, 745 manat borcunun qaldığını iddia edir. Lakin iddiaçının bu iddiası qismən əsaslıdır. Belə ki, cavabdeh izahatında iddiaçıya cəmi 500 manat borcunun qaldığını etiraf etmiş, bu halın təkzib olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə hesab ki, tərəflər arasında yaranmış mübahisə həll edilərkən tərəflərin izahatlarındakı məlumatlar əsas götürülməlidir. Belə ki, işdə yazılı sübut, maddi sübut və ya digər sübutlar yoxdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh İddiaçı 500 manat borcunun qalması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi pulun vaxtında qaytarılmamasını görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə isə Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi X3 20201-ci il üçün uçot dərəcəsinin sabit saxlanılması haqqında qərar qəbul etmiş, uçot dərəcəsi 6,25%, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalmışdır. İş materiallarından müəyyən olunur ki, 20.12.2017-ci il tarixdə yaranmış borcun qaytarılması 3 il 6 ay təşkil etmişdir. Ona görə də hesablanmış faiz məbləği aşağıdakı kimi olacaqdır: uçot dərəcəsi: 6,25x3,5=21,875; 500 AZN/100x21,875 = 109,37 AZN. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 19,50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat, bank uçot dərəcəsinə əsasən hesablanmış 109,37 manat olmaqla, cəmi 609,37 (altı yüz doqquz manat 37 qəpik) manat və ödənilmiş dövlət rüsumunun 19,50 (on doqquz manat 50 qəpik) manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar