Məhkəmə qərarları › İş №2(011)-4703/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4703/2022

22.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4703/2022 22.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçının İddiaçı Cavabdeh qarşı “aliment miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il təvəllüdlü X2 və 2018ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 2013-cü ildə rəsmi nikaha daxil olmuşdurlar, onların birgə nikahdan 06 noyabr 2015-ci il təvəllüdlü X4 və 03 fevral 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları var, münasibətləri kəskin pozulduğundan Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, eyni zamanda həmin qətnamə ilə uşaqlar iddiaçının himayəsində saxlanmış, onların saxlanması üçün cavabdehdən cəmi 200 manat aliment tutulması qət edilmişdir, baş verən qiymət artımına görə uşaqların tələbatını qarşılamaq iddiaçı üçün çətindir, uşaqlar üçün yaşayış minimumu artırılmışdır, həmçinin 06 noyabr 2015-ci il təvəllüdlü X2 məktəbə getməsi əlavə xərcləri yaranmasına gətirib çıxarır, bu səbəbdən müəyyən edilmiş aliment miqdarı kifayət etmir, iddiaçı hazırda atası ilə birlikdə yaşayır. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə nikahları 2020-ci ildə pozulmuşdur, birgə nikahdan iki uşaqları var, bu yaxınlarda işə düzəlmişdir, 300 manat maaş alır, əlavə gəliri yoxdur, keçən il yenidən ailə həyatı qurmuşdur, bu səbəbdən iddiaçı onunla prinsip aparır, onu “məhkəmələrdə süründürəcəyini” bildirmişdir, evli olduğu zaman “Kontakt Home” mağazasında işləyir, 600- 700 manat maaş alırdı, həmçinin atası da sağ idi və ona kömək edirdi, lakin hazırda atası Covid xəstəliyindən vəfat etmişdir, həmçinin maaşı da artmamışdır, ümumi dolanmaq, tələbatını ödəmək onun üçün çətindir, başqa gəlir yeri yoxdur, avtomobili olmuş, lakin onu 2016-cı ildə satmışdır, hazırda borcları da var. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 078041 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 668860 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 07 oktyabr 2013-cü il tarixdə 571 nömrəli aktqeydi ilə qeydə alınmış nikah pozulmuş, 06 noyabr 2015ci il təvəllüdlü X4 və 03 fevral 2018-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları- İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 06 noyabr 2015-ci il təvəllüdlü X2 və 03 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 iyul 2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, əlavə olaraq dövlət rüsumunun kəsrini təşkil edən 10 (on) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/11-00348 saylı Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir, əmək haqqı 300 manatdır, adına daşınmaz və daşınar əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də mühasib vəzifəsində işləyir, əmək haqqı 555,43 manatdır, adına daşınmaz və daşınar əmlak qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 06 noyabr 2015-ci il təvəllüdlü X4 və 03 fevral 2018-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və halhazırda da onun yanındadırlar, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment məbləği onların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşaqların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, iddiaçının aylıq əmək haqqı 555,43 manat, cavabdehin aylıq əmək haqqı 300 manatdır, cavabdeh yenidən ailə qurmuşdur, həmin nikahdan uşağı yoxdur, tərəflərin adına daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin aylıq əmək haqqını, onun əmlak vəziyyətini – adına daşınar və daşınmaz əmlakların olmamasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi imkanında yaxşılaşma hallarının müəyyən olunmamasını, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə qanunla müəyyən edilmiş 2022-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırılmış məbləğini (2020-ci il üzrə 170 manat, 2022-ci il üzrə 193 manat – 23 manat) nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-сi il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 noyabr 2015-ci il təvəllüdlü X2 və 03 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (23x12=276 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 06 noyabr 2015-ci il təvəllüdlü X2 və 03 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar