Məhkəmə qərarları › İş №2(011)-4707/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4707/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4707/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Əliyeva (Abdullayeva) Dilşad Elman qızının Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Əliyeva (Abdullayeva) Dilşad Elman qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2005-ci il təvəllüdlü X1, 06 yanvar 2011-ci il təvəllüdlü X2, 14 fevral 2012-ci il təvəllüdlü X3 və 14 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir. İş materiallarından göründüyü kimi iddia ərizəsi iddia icraatı qaydasında verilmişdir. Lakin iddia icraatı qaydasında məhkəməyə müraciət edilsə də, iş materiallarına tərəflər arasında mediasiya prosesində imzalanmış barışıq sazişi əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə görə, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Beləliklə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, alimentin ödənilməsi barədə tərəflər arasında saziş olmadıqda valideynlər alimentlə bağlı iddia qaldırmaq hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış olduğundan və həmin saziş qüvvədə olduğundan işə iddia icraatı qaydasında baxıla bilməz. Əgər tərəflər arasında olan barışıq sazişi könüllü icra edilmirsə, sazişin könüllü icra edilməməsi barədə sübutlar əlavə olunaraq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı yalnız xüsusi icraat qaydasında məhkəməyə müraciət oluna bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Əliyeva (Abdullayeva) Dilşad Elman qızının Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar