Məhkəmə qərarları › İş №2(011)-4728/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4728/2023

29.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4728/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və s.” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh1 və mənzildə yaşayan digər şəxslər tərəfindən ünvan 1 ünvanında, Cavabdeh2 və mənzilində yaşayan digər şəxslər tərəfindən ünvan 2 ünvanında ümumi istifadədə olan istilik sisteminin xətlərinin dövriyyəsinin cavabdehlərin hesabına bərpa edilməsi və yaranmış digər maneələrin cavabdehin şəxsi vəsaiti hesabına aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır, ev onun şəxsi mülkiyyətindədir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə eyni binada üst-üstə yerləşən mənzillərdə yaşayır, cavabdehlər qanunsuz və icazəsiz olaraq mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsi üçün bina sakinlərinin ümumi istifadəsində olan istilik xəttinin öz mənzilindən keçən hissəsini kəsərək bağlamış, bununla da onun kommunal xidmətlərdən birini, yəni istilik təchizatına çıxışdan məhrum etmişdirlər, onların qanunsuz hərəkətləri və yaratdığı maneələr səbəbindən ilin soyuq dövründə mərkəzi istimə sistemindən istifadə etmək mümkün deyildir, tərəfindən cavabdehə bu barədə dəfələrlə məlumat verilərək bağlanmış xəttin bərpa edilməsi və onun kommunal xidmətə çıxışım bərpa edilməsi ilə bağlı yaranmış maneələrin aradan qaldırılması barədə müraciət edilsə də, onlar qanunsuz manələrin aradan qaldırılmasından imtina etmişlər, həmin istilik təchizatı xətti bina sakinləti üçün ümumi istifadədə olduğundan cavabdehin bu hərəkəti qanunsuzdur, qeyd edilən problemlərlə əlaqədar olaraq "xxxx" ASC-yə də müraciət etmişdir, Azəristiliktəchizat” ASCnin xx.xx.2022-ci il tarixli məktubu ilə dövriyyənin məhdudlaşdırılması faktı öz təsdiqini tapdığından aidiyyəti üzrə Xətai rayon MKTB-nə yaranmış problemin aradan qaldırılması üçün göstəriş verilməsi tövsiyyə olunmuşdur, lakin cavabdehin səlahiyyətli şəxsləri öz mənzilinə buraxmaması səbəbindən problemi aradan qaldırmaq mümkün olmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən mənzil ona məxsus olmaqla o, həmin mənzildə yaşayır, illər əvvəl həmin yerdə istilik sistemi yox idi, 2000-ci ildə həmin evə köçmüşdür, 2009-cu ildə təmir edərkən iddiaçının mərhum həyat yoldaşına turbaları dəyişməyi təklif etmişdir, lakin o, imtina etmiş, 2012-ci ildə istilik veriləndə sağ-soldakı qonşulardan istilik götürdüyünü qeyd etmişdir, iddiaçı ona xəttin bərpa olunmasını demiş, o isə xətt olmadığını demiş, bu barədə Elnura məlumat vermiş, beləliklə iddiaçı ilə Elnur tanış olmuşdur, balkondan xətt çəkilmiş, Elnurla aralarında konfilikt olmuşdur, həmin evdə cəmi 4 xətt olmuşdur. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə qonçuluqda 3-cü mərtəbədə yaşayır, iddiaçı hər gün ordan keçsə də, məsələ ilə bağlı ona müraciət etməmişdir, 15 il bundan əvvəl mərkəzi istilik sistemi bərpa olunanda bütün qonşulara bərpa olunma ilə bağlı təklif olunmuşdur, onlar razılıq versə də, iddiaçının keçmiş həyat yoldaşı bundan imtina etmişdir, belə ki 1-2-3 cü mərtəbələrdə istilik olsa da, lakin 4-5 ci mərtəbələr bu xidmətdən imtina etmişdir, hansı səbəbədn imtina etdiklərini bilmir, ona görə də 4-5 ci mərtəbəyə təhcizatın qurulması baş vermədi, 2012-ci ilə qədər evi soba ilə qızdırmışlar, xətti o kəsməmişdir, həmin hadisənin baş verməsindən 15 il keçib, lakin iddiaçı hələ indi tələblə məhkəməyə müraciət etmişdir, hazırki məsələ ilə bağlı digər cavabdehlə birgə usta gətirmiş, eyvandan 5-ci mərtəbəyə turba qaldırmışlar, 5-ci mərtəbə istiliyi sağ və soldakı qonşulardan alır, sözügedən yerdən turba keçməlidir, boru onun evindən keçir, çünki yuxarıdakı xətlər işləmir, onun evindən yuxarı 3 xətt gedir, o isə yuxarı gedəni kəsmişdir, hal-hazırda istilik xətti verməyə hazırdır, evinin təmirinə zərər dəyməsə, xətti bərpa edə bilər, bir otağı bərpa edəcək, çünki otaqda iki xətt var. Sonda Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi R.A.Nəsirov bildirmişdir ki, mübahisəli evə baxış keçirilmiş, 1, 2 və 3-cü mərtəbələrdə istilik xətləri mövcuddur, hər mənzildən iki xətt keçir, binanın proyekti bu cür olmuşdur, lakin yuxarı mərtəbədə xətlər yoxdur, istilik xəttləri 3 və 4-cü mərtəbələrdən kəsilmişdir. Sonda R.A.Nəsirov qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin A-38 saylı, xx.xx.2022-ci il tarixli və A- 41 saylı, xx.xx.2023-cü il tarixli məktublardandan görünür ki, Xidməti ərazi üzrə 82 saylı MKİS verdiyi məlumata əsasən həmin mənzilin sahibləri ilə söhbət aparılmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Mənzillərdən keçən istilik xətlərinin dik dayaqlarının bərpa edilməsi barədə X.Məmmədov küçəsi 33 saylı binanın 40 və 42 nömrəli mənzillərin sahiblərinə xəbərdarlıq bildirişlər verilmişdir, həmin məsələ ilə bağlı vətəndaşın məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 10/70-07 saylı, xx.xx.2022-ci il tarixli və 10/209-07 saylı, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı vətəndaş İddiaçı yaşadığı 3 otaqlı mənzilin 2 otağının istiliklə təmin olunduğu, digər 1 otağının istiliklə təmin olunmamasının səbəbinin isə həmin girişin 42-ci mənzilində mənzildaxili istilik sistemləri ləğv edilərək dövriyyənin məhdudlaşdırılması ilə bağlı olduğu müəyyən edilmişdir, vətəndaş İddiaçı yaşadığı mənzilin istilik təchizatının bərpa olunması məqsədi ilə 42-ci mənzildə yaranmış problemin aradan qaldırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin A-20 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 82 saylı MKİS-nin verdiyi məlumata əsasən X.Məmmədov küşəsi 33, mənzil 42 ünvanda yaşayan Cavabdeh1 yaşadığı mənzildə istilik xətlərini ləğv etdiyi üçün 44 saylı mənzilin istilik təminatı dayandırılmışdır, bununla əlaqədar həmin ünvanın sahibi Cavabdeh1 istilik xətlərinin bərpa etməsi üçün xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 33 ünvanında özü 4-cü, cavabdehlər 3cü mərtəbədə olmaqla onlarla qonşuluqda yaşayır, istilik xətləri 4-cü mərtəbəyə cavabdehlərin mənzillərindən keçməklə qalxır, mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsi üçün bina sakinlərinin ümumi istifadəsində olan istilik xəttinin öz mənzillərindən keçən hissəsi cavabdehlər tərəfindən kəsildiyindən hazırda iddiaçının mənzilində istilik sistemi yoxdur, İddiaçı istilik sisteminin bərpa olunması ilə bağlı aidiyyəti orqanlara müraciət etmişdir, müraciətə cavab olaraq xəttin cavabdehlər tərəfindən kəsildiyi təsdiq edilmiş, problemin həll edilmədiyi təqdirdə onun məhkəməyə müraciət etmək hüququ izah olunmuş, cavabdehlərə bununla bağlı xəbərdarlıq göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə daxil olan istilik xətləri cavabdehlərin hərəkətləri nəticəsində kəsildiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinin “yaranmış digər maneələrin cavabdehin şəxsi vəsaiti hesabına aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, burada iddia tələbi mücərrəddir, belə ki, iddiaçı digər maneələrin nədə ifadə olunduğu göstərməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və mənzildə yaşayan digər şəxslər tərəfindən ünvan 1 ünvanında, Cavabdeh2 və mənzilində yaşayan digər şəxslər tərəfindən ünvan 2 ünvanında ümumi istifadədə olan istilik sisteminin xətlərinin dövriyyəsi cavabdehlərin hesabına bərpa edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 tərəfindən ünvan 1 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin dövriyyəsi bərpa edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar