Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4733/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında evin divarında cavabdeh tərəfində quraşdırılmış kombi aparatının, eləcə də bir ədəd şkafın cavabdehin öz maddi vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən onun divarına, su və qaz borularına söykənən 1 ədəd dəmir şkafın götürülməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh şəxslə qonşudur. O, iddiaçıya məxsus hal-hazırda yaşadığı ünvan 2 ünvanında mülkiyyətində olan evin ona məxsus ərazidə evin divarına iddiaçının icazəsi və razılığı olmadan ona məxsus bir ədəd kombi aparatı və bir ədəd dəmir şkaf quraşdıraraq ona böyük maneçilik törədir. O evin pəncərəsini mənzili havalandırmaq üçün aça bilmir. Kombi aparatını buraxdığı qaz zəhərli uqarı onun evinə daxil olur hətta onun səsindən rahat formada mənzilimdə yata bilmir. O, dəfələrlə cavabdehin qanunsuz hərəkətlərinə son qoymasını və qanunsuz quraşdırdığı kombi aparatının və onun tərəfindən quraşdırılmış şkafın sökülməsini xahiş və tələb etsə də, lakin sonuncu bunu etməkdən yayınır. O, dəfələrlə qanunsuzluğun aradan qaldırılması məqsədi ilə hüquq-mühafizə orqanına əyani və qiyabi şəkildə müraciət etsə da heç bir müsbət nəticə əldə olunmamışdır. O, məcbur qalaraq hüququnun bərqərar olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, S.Mirzəyev küçəsi, ev 15 ünvanında yerləşən 17 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixində İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Mirzəyev küçəsi, ev 15 ünvanında yerləşən 17 saylı mənzilin yan divarında su və qaz sayğacı quraşdırılmışdır. Həmin su sayğacı divarın üzərindən borular ilə mənzilin müvafiq olaraq su və qaz sisteminə qoşulmuşdur. Boruların keçdiyi divara bitişik olaraq dəmir dolab yerləşdirilmişdir. Tərəflərin izahatına əsasən dolab cavabdehə məxsusdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və onun mülkiyyətçisidir. Cavabdeh isə iddiaçı ilə qonşuluqda yaşayır. İddiaçıya məxsus fərdi yaşayış evinin yan divarında su və qaz sayğacları quraşdırılmışdır. Həmin sayğaclar borular vasitəsi ilə evin müvafiq olaraq su və qaz təchizatını təşkil edir. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış nəticəsində müəyyən edilmişdir ki, su və qaz borularının keçdiyi divara bitişik formada cavabdehə məxsus dəmir dolab yerləşdirilmişdir. İddiaçı həmin dəmir dolabın qeyd olunan yerdə quraşdırılmasının ona maneəçilik törətdiyini iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslıdır. Belə ki, göründüyü kimi cavabdehə məxsus dəmir dolab iddiaçıya məxsus evin yan divarında yerləşən su və qaz borularının qarşısında quraşdırlmışdır. Qeyd olunan fakt həmin boruların əlçatanlığının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu da zərurət yarandığı təqdirdə dövlət yoxlamalarının keçirilməsini, borular üzərində təmir-bərpa işlərinin aparılmasını xeyli çətinləşdirir. Mülki qanunvericiliyə əsasən, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yan divarına bitişik yerləşdirilmiş dəmir dolabın cavabdeh tərəfindən götürülməsi tələbinə dair iddiası əsaslıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yan divarına yerləşdirilmiş dəmir dolab Cavabdeh Rəbil oğlu tərəfindən olduğu yerdən götürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4733/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4733/2025
17.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver