Məhkəmə qərarları › İş №2(011)-4757/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4757/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4757/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4.097,01 ABŞ dolları əsas, 771.76 ABŞ dolları faiz, cəmi 4.868,77 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 5.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 aprel 2021-ci il tarixinə "xxxx" KB ASC-yə 4.097,01 ABŞ dolları əsas, 771.76 ABŞ dolları faiz, cəmi 4.868,77 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli müqavilə əsasında kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh borc barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin 08 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 5.166,86 ABŞ dolları əsas, 877.03 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur. Müqavilənin bitdiyi tarixdən sonra cavabdeh tərəfindən 1.795,32 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 08 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 4.577,24 ABŞ dolları əsas borc, 69.14 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.646,38 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən iş materiallarında olan 26 avqust 2021-ci il tarixli maliyyə arayışını digər sübutlarla birlikdə tədqiq edərək belə hesab edir ki, maliyyə arayışı sübut qismində qəbul edilməlidir. Belə ki, maliyyə arayışına əsasən, cavabdehin əsas məbləğ üzrə 4.577,24 ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən müqavilənin bitdiyi tarixdən sonra cavabdeh tərəfindən 1.795,32 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən qeyd edilən borc məbləği əsas götürülməli və 4.577,24 ABŞ dollarından müqavilə müddəti bitəndən sonra ödənilmiş 1.795,32 ABŞ dolları çıxılmalı, cavabdehdən əsas borc üzrə 2.781,92 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən də belə hesab edir ki, 26 avqust 2021-ci il tarixli maliyyə arayışı sübut qismində qəbul edilməlidir. Cavabdehdən 69.14 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi ilə müəyyən olunmuş məbləğlər iddiaçının tələb etdiyi əsas və faiz borcunun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPMin 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, cavabdehdən əsas borca görə 2.781,92 ABŞ dolları, faiz borcuna görə isə 69.14 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 13 manatı iddiaçının özünə aid edilməli, cavabdehdən 17 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 42 manatı iddiaçıdan, qalan 58 manat isə cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 08 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2.781,92 (iki min yeddi yüz səksən bir dollar doxsan iki sent) ABŞ dolları əsas, 69.14 (altmış doqquz dollar on dörd sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.851,06 (iki min səkkiz yüz əlli bir dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 17 (on yeddi) manat alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatı iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 42 (qırx iki) manatı iddiaçı "xxxx" KB ASC-dən, qalan 58 (əlli səkkiz) manat isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar