Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-476/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi ilə əldən çıxmış faydanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə 184776,10 ABŞ dolları əsas borca hesablanmış 5% məbləğində 77168,03 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 421,20 manat məbləğində dövlət rüsumunun tutularaq TuranBank ASC- yə ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Bakı” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 14 % haqq ödəmək şərti ilə 600000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi bankla X4 arasında xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh X2 məxsus olan (DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0042117, Reyestr nömrəsi **********27-10301, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0,114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.metr yaşayış, 72.1 kv.metr yardımçı, 187 kv.metr ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evi (0.114 ha torpaq sahəsi və liter-1 dəmir darvaza (6.7x3.0) ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı ASC-nin “Bakı” filialı ilə borcalan Cavabdeh və girovqoyan X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı İpoteka müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli 2 saylı əlavənin 1.1.2-ci bəndinə əsasən, ipoteka müqaviləsi ilə təmin edilmiş xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsinə edilmiş dəyişikliyin (əlavənin) mahiyyəti həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin ləğv edilməsi, qalıq borcun 184795 ABŞ dolları (yüz səksən dörd min yeddi yüz doxsan beş ABŞ dolları və hesablanacaq faiz borcunun ödənilməsi üçün yeni ödəniş qrafikinin (əlavə 3) tərtib edilməsi, aylıq ödəniş məbləğinin qrafikə uyğun olaraq xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək 2156 USD, yerdə qalan qalıq məbləği isə müddətin sonuna saxlanılmasının müəyyən edilməsinin və kredit müddətinin sonuna qalıq məbləğinin 186951 USD müddətin sonuncu iş günündə banka ödənilməsi ilə bağlıdır. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafika uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 415205,58 USD, faiz borcundan isə 94276,15 USD ödəniş etmişdir. Hal-hazırda borclu Cavabdeh İddiaçı ASC-yə 184794,42 USD əsas, 18890,53 USD faiz və 30503,43 USD təşkil edir. Borcalan Cavabdeh və girovqoyan X2 qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə 184776,10 USD əsas, 52994,20 faiz, 30503,43 cənmə borcu olmaqla cəmi 268273,73 USD cavabdehdən tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilərək, həmin əmlakın açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı xx.xx.2019-cu il tarixdə qətnamə çıxardaraq cavabdehdən 184776,10 USD əsas, 52994,20 USD faiz, 100 USD cərimə borcu olmaqla cəmi 237301,68 USD cavabdehdən, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. İş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi 24 aylıq müddətə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə müqavilə bitmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. xx.xx.2017-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə asas, faiz və gecikmə borcunu ödəməmiş, eyni zamanda borcun tutulması, ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İş materiallarından və iddiaya əlavə edilmiş, xx.xx.2017-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2017ci il tarixə cavabdehin banka 184794,42 USD əsas, 18890,53 USD faiz, 30503,43 USD cərimə borcu olmaqla cəmi 234188,38 USD borcu var. Hazırda xx.xx.2021 -ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 184776,10 ABŞ dolları təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% faiz pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Beləliklə taqdim edilmiş sənədlərdən və xx.xx.2015-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla aşağıdakı cədvələ uyğun ödəniş etməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə qərardadına əsasən ekspertiza təyin edilmiş və müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli №9/2746 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə illik 5 faiz gecikdirilmiş vaxt üçün borcu üzrə 49404,08 ABŞ dolları məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində illik 5% həcmində gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən tələb olunan illik 5% olmaqla hesablanmış faiz borcu tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə illik 5% olmaqla hesablanmış faiz borcu 49404,08 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə verilmiş ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 49404,08 ABŞ dolları məbləğində illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 421,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 421,20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 49404,08 (qırx doqquz min dörd yüz dörd dollar səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 421,20 (dörd yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-476/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-476/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver