Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4767/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.200 manat pulun, eləcə də 34.40 manat dövlət rüsumu və bank xidməti pulunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1972-ci ildə Goranboy rayonunun Todan kəndində doğulmuşdur, hal-hazırda Xoylu kəndində uşaqları ilə yaşayır. O, cavabdeh ilə ümumi yoldaşları vasitəsilə tanış olmuşdur. Cavabdeh Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə mayor rütbəsində qərargah rəisi vəzifəsində işləmişdir. Təxminən iyul 2020-ci il tarixdə cavabdeh iddiaçıdan 3 ay müddətinə 1.200 manat borc pul istəmişdir. O, iddiaçıdan 1.200 manat borc pul aldığına görə iyul 2020-ci il tarixdə öz xətti ilə qəbz yazmışdır. Lakin cavabdeh borcunu geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında cavabdehin ona borcdan cəmi 100 manat qaytardığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında iddiaçıdan pulu sələmə götürdüyünü, 180 manat və 100 manat ödəniş etdiyini, sonradan söz-söhbətlər yarandığından ödəniş etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh öz xətti ilə İddiaçı 1.200 manat pulu borc olaraq götürdüyünü yazmış və imza etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan müəyyən edildi ki, cavabdeh iddiaçıya borcundan 100 manat vəsait qaytarmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşma üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu tam şəkildə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında cavabdeh ümumilikdə iddiaçıya 280 manat pulun verilməsinə istinad etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İstinad olunan vəsaitin 100 manat hissəsini iddiaçı qəbul etdiyindən məhkəmə tərəfindən məhz bu məbləğ nəzərə alınmaqla qərar qəbul edilməlidir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə 1.100 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, 34 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1.100 (bir min yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4767/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4767/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver