Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4792/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Birləşdirilmiş iş üzrə İddiaçı2, birinci və birləşdirilmiş iş üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil Nasir oğlunun, Birinci və birləşdirilmiş iş üzrə cavabdeh “X8” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə birinci; İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə (üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cəlb edilməklə) birləşdirilmiş iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Birinci iddia üzrə İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 20.000 (iyirmi min) manat pul məbləğinin, 61 (altmış bir) manat mediasiya xərcinin, 100 (bir yüz) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləği olmaqla, cəmi 20.461 (iyirmi min dörd yüz altmış bir) manat pul məbləğinn Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci iddia tələbi onunla əsaslandırılmışdır ki, “X8" Qapalı Səhmdar Cəmiyyəti ilə (işəgötürən) İddiaçı1 (işçi) arasında xx.xx.2019-cu ildə (sonradan artırılmaqla) rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində deyilir ki, işçi mətbəx styuardı peşəsinə işə qəbul edilir. Müqavilənin 2.1-ci bəndində göstərilir ki, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.14-cü bəndində deyilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı işçinin peşə əmək qabiliyyətinin itirilməsinə və ya onun ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir. Müqavilənin 5.1-ci bəndində göstərilir ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 6. Müqavilə bağlandıqdan sonra işçi xidmət göstərmək üçün xx.xx.2024-cü il tarixdə "xxxx" gəmisinə göndərilib və həmin gəmi Bakıdan Əbu-Dabiyə getməli olub. Məlum olduğu kimi həmin gəmi məlum qüvvələr tərəfindən saxlanılıb və onlar 4 ay 17 gün əsirlikdə qalıblar. Həmin müddət ərzində iddiaçının çəkdiyi əzab-əziyyət nəticəsində onun sağlamlığı bərpa olunmayacaq dərəcədə kəskin surətdə pozulub. Bu barədə müayinədən keçdiyi tibbi müəssisələr tərəfindən rəsmi arayışlar verilmişdir. Ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün işəgötürənə müraciət edib. Lakin işəgötürən tərəfindən heç bir əməli addım atılmayıb. Bundan sonra o, mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həll olunması üçün işəgötürənə müraciət göndərib, lakin qarşı tərəfdən heç bir cavab verilməyib. Həmçinin qarşı tərəf təşkil olunmuş mediasiya sessiyasında iştirak etməyib. Bu barədə ona MŞB/6 00653 saylı, xx.xx.2025-ci il tarixli mediasiya arayışı verilib. Tələb olunan mediasiya xərci onun tərəfindən ödənilib və ona dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onun sağlamlığı hədsiz dərəcədə korlanıb və xeyli vaxtdır işəgötürənə cavabsız qalan gedibgəlməyi, müxtəlif tibb müəssisələrində müayinədən keçməyi - ona və ailə üzvlərinə olduqca mənəvi iztirablar və sarsıntılar verir, onun gündəlik normal həyatının düzənini pozur. Ona və ailəsinə vurulmuş mənəvi ziyanın nəticələri hər hansı bir maddiyyatla bərpa edilməsə də, o, dəymiş mənəvi ziyanı (maddi ziyan da daxil olmaqla) 20.000 (iyirmi min) manat məbləğində dəyərləndirir. Birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş zərərə görə 20.000 (iyirmi min) manat pul məbləğinin, 61 (altmış bir) manat mediasiya xərcinin, 100 (bir yüz) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğin, cəmi 20.461 (iyirmi min dörd yüz altmış bir) manat pul məbləğinin cavabdeh “X8” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə (işəgötürən) İddiaçı2 (işçi) arasında xx.xx.2024-cü ildə rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində deyilir ki, işçi mətbəx styuardı peşəsinə işə qəbul edilir. Müqavilənin 2.1-ci bəndində göstərilir ki, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.14cü bəndində deyilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı işçinin peşə əmək qabiliyyətinin itirilməsinə və ya onun ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir. Müqavilənin 5.1-ci bəndində göstərilir ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilə bağlandıqdan sonra işçi xidmət göstərmək üçün xx.xx.2024-cü ildə “X10” gəmisinə göndərilib və həmin gəmi Bakıdan Əbu-Dabiyə getməli idi. Məlum olduğu kimi həmin gəmi məlum qüvvələr tərəfindən saxlanılıb və onlar 4 ay 17 gün əsirlikdə qalıblar. Həmin müddət ərzində çəkdiyi əzab-əziyyət nəticəsində sağlamlığı bərpa olunmayacaq dərəcədə kəskin surətdə pozulub. Bu barədə müayinədən keçdiyi tibbi müəssisələr tərəfindən rəsmi arayışlar verilmişdir. Ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün işəgötürənə müraciət edib. Lakin işəgötürən tərəfindən heç bir əməli addım atılmayıb. Bundan sonra o, mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həll olunması üçün işəgötürənə müraciət göndərib, lakin qarşı tərəfdən heç bir cavab verilməyib, həmçinin qarşı tərəf təşkil olunmuş mediasiya sessiyasında iştirak etməyib. Bu barədə ona MŞB/6-00653 saylı, xx.xx.2025-ci il tarixli mediasiya arayışı verilib. Tələb olunan mediasiya xərci onun tərəfindən ödənilib və ona dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onun sağlamlığı hədsiz dərəcədə korlanıb və xeyli vaxtdır işəgötürənə cavabsız qalan gedib-gəlməyi, müxtəlif tibb müəssisələrində müayinədən keçməyi - ona və ailə üzvlərinə olduqca mənəvi iztirablar və sarsıntılar verir, onun gündəlik normal həyatının düzənini pozur. Ona və ailəsinə vurulmuş mənəvi ziyanın nəticələri hər hansı bir maddiyyatla bərpa edilməsə də, o, dəymiş mənəvi ziyanı (maddi ziyan da daxil olmaqla) 20.000 (iyirmi min) manat məbləğində dəyərləndirir. Birləşdirilmiş iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4791/2025 saylı qərardadı ilə İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi icraata götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4791/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə 2(011)-4792/2025 saylı mülki iş İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində toplanılmış mülki işlə bir icraatda (hazırki baxılan işlə bir icraatda) birləşdirilmişdir. Birinci iş üzrə İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Birləşdirilmiş iş üzrə İddiaçı2 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və izahatında bildirmişdir ki, işi ilə əlaqədar Əbu- Dabiyə yola düşən gəmidə olduğu zaman hava şəraiti ilə əlaqədar heç bir təhlükəli vəziyyət mövcud deyildi. Sadəcə olaraq təcrübəsizlik, səhlənkarlıq və asan yola qaçmaq məqsədilə onlar bu vəziyyətə salınıblar. Onlar 4 ay 17 gün “avtomat” təzyiqi altında işləyiblər. Ciddi şəkildə əziyyət çəkiblər. Stress altında, avtomatla təzyiq olunaraq əsir kimi işlədiliblər. Normal qidasız qalıblar, hər gün “makaron” və sair keyfiyyətsiz, kiflənmiş məhsullarla qidalanmalı olublar. Stressdən ürəyində problemlər yaranıb. Qida çatışmamazlığından bütün orqanlarının işlək vəziyyəti sıradan çıxıb. Birinci və birləşdirilmiş iş üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil Nasir oğlu iddia ərizələrinin məzmununa uyğun izahatlar verərək, məhkəmədən birinci və birləşdirilmiş iddianın təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, iddiaçılar əmək müqaviləsi ilə işləyiblər. Cavabdeh olan işəgötürənin vəzifəsidir ki, işçiləri normal iş şəraiti ilə təmin etsin. Lakin cavabdeh işəgötürənin üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bunun nəticəsində də iddiaçılar 4 ay 17 gün ərzində əsirlikdə qalıblar. Bu müddət ərzində iddiaçıların qida çatışmamazlığı və yüksək stresli halda qalmaqları onların sağlamlığında ciddi fəsadlar yaradıb. Cavabdeh tərəfin qeyd etdiyinə görə gəmi öz yolunu hava şəraitinə görə dəyişdiyinə görə gəmi heyəti saxlanılmışdır. Ancaq buna dair heç bir sübut yoxdur. İddiaçıların dediklərinə görə hava şəraitinin dəyişikliyi müşahidə olunmayıb. Gəmi heyətinin qeyri-adekvat atdığı addım nəticəsində belə vəziyyət yaranmışdır. Buna görə də iddiaçılar sağlamlıqlarına dəyən zərərin əvəzinin, onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini xahiş edirlər. Birinci və birləşdirilmiş iş üzrə cavabdeh “X8” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Cavabdeh QSC-nin iddia olunan maddi və mənəvi zərərin vurulması üzrə heç bir hüquqazidd və təqsirli əməli mövcud deyildir. Vurulması iddia edilən ziyanla cavabdehin heç bir əlaqəli hərəkəti mövcud deyildir. Bu günə kimi iş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, iddiaçılar rəsmi olaraq cavabdehin işçiləridirlər. Lakin səfərə çıxan gəmi, gəminin kapitanı və digər gəmi heyəti üzvləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçiləridirlər. Həmin gəmi "xxxx" Şirkəti tərəfindən idarə olunub. Burada cavabdehin heç bir təqsiri yoxdur. İddia edilən maddi və mənəvi zərər tələbi heç bir sübuta əsaslandırılmayıb. O, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Birinci iş üzrə cavabdeh “X8” QSC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı1 Cavabdeh QSC ilə əmək müqaviləsi bağlayaraq 16 yanvar 2019-cu il tarixdən etibarən gəmidə “mətbəx styuardı” vəzifəsində əmək fəaliyyətinə başlamış, hal-hazırda “aşpaz” kimi fəaliyyətini davam etdirməkdədir. Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı 01 yanvar 2023-cü il tarixli CCS/C/001/23 saylı Xidmət müqaviləsinə əsasən, sonuncuya məxsus gəmilərdə və digər obyektlərdə iaşə xidmətlərini yerinə yetirir. Eyni zamanda, Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı 01 iyun 2022-ci il tarixli CCS/C/007/22 saylı Xidmət Müqaviləsinə (hər iki müqavilə hazırkı etiraza əlavə edilir) əsasən, Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının tapşırıqlarına əsasən, onun gəmilərində xidmət göstərmək məqsədilə, müqavilənin 1 saylı Əlavəsində göstərilən ixtisaslara malik personalını sonuncuya təqdim etməyi öhdəsinə götürmüşdür. Yəni, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq onun rəsmi işçisi və personalı qismində cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı xidmət müqavilələri əsasında sonuncu şirkətə məxsus gəmilərdə əmək fəaliyyətini yerinə yetirmək üçün göndərilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində də onun iş yerinin “gəmi” olması qeyd edilmişdir. İddiaçının göndərildiyi sonuncu dəniz səfəri isə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus gəmi ilə 19 sentyabr 2024-cü il tarixdə başlanılan Bakı-Abu Dabi səfəri olmuşdur. Həmin gəmi 07 noyabr 2024-cü il tarixdə Eritreya Respublikası tərəfindən saxlanılmış və hərəkətinə məhdudiyyət qoyularaq gəmi personal ilə birlikdə girov götürülmüşdür. Bu barədə məlumatı media və kütləvi informasiya vasitələrində, dövlət orqanlarının bəyanatlarında paylaşılmış xəbər və elanlardan rahatlıqla əldə etmək olar və dövlət səviyyəsində müdaxilələr nəticəsində həmin gəmidəki, eyni zamanda hazırkı iddia tələbinin predmeti olmayan daha 2 gəmidəki heyət dövlət tərəfindən diplomatik əlaqələr qurularaq yalnız 24 mart 2025-ci il tarixdə girovdan azad edilmişdir. Gəmilər isə hələ də girov altında qalmaqda davam edir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar cavabdehin heç bir təqsiri mövcud deyil və buna görə də, iddiaçıya hər hansı maddi və mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. Eyni zamanda, iddiaçının iddia etdiyi maddi zərərin əksinə, onun səfərdə olduğu bütöv müddət ərzində ona əmək müqaviləsi ilə müəyyən edilmiş əsas əmək haqqı, əmək haqqına əlavələr, ağır şəraitdə işləməyə görə əlavə, xarici sularda üzməyə görə əlavə və birdəfəlik mükafatlar müntəzəm olaraq hər ay üçün ödənilmiş və müqaviləyə əsasən əmək haqqısı 891,60 manat olduğu halda, ona həmin müddət üzrə aylıq təxmini 2.100-2.400 manat aralığında əmək haqqı ödənilmişdir (müvafiq sənədlər hazırkı etiraza əlavə edilir). Bu faktlara, həmçinin aşağıda qeyd etdiklərinə görə, hesab edir ki, iddia ərizəsi tam əsassızdır və təmin edilə bilməz. Belə ki, cavabdehin iddia edilən maddi və mənəvi zərərin vurulmasında heç bir hüquqazidd və təqsirli əməli mövcud deyil və vurulması iddia edilən zərərlə cavabdehin hərəkətləri, fəaliyyəti arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Göründüyü kimi, mülki qanunvericiliyin, əmək qanunvericiliyinin müddəalarına və məhkəmə təcrübəsinin formalaşdırılması barədə plenum qərarlarına əsasən, maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən yalnız o zaman söhbət gedə bilər ki, iddia edilən zərərin vurulmasında cavabdehin təqsiri sübuta yetirilsin. Mübahisə predmeti olan baş vermiş fors-major hadisədə isə nəinki onların, heç gəminin əsl sahibi olan şirkətin belə təqsiri mövcud deyil və belə olan halda zərərvuran kimi tanınmaqları və hər hansı təzminat ödəməkləri olduqca absurd olar. Eyni zamanda, iddiaçı tərəfindən iddia edilən maddi zərərlə bağlı onun hansı xərcləri çəkməsi və iddia edilən mənəvi zərərin vurulması, hansı növ mənəvi iztirab və əzabın çəkilməsi sübuta yetirilməmişdir. İddiaçı isə iddia ərizəsində “maddi zərər” istəyirsə, hansı məbləğdə maddi zərər çəkməsini sübuta yetirməlidir. Eyni zamanda, onun səfərdə olduğu bütün müddət ərzində əmək haqqısı və ona əlavələr ona tam şəkildə ödənilmişdir. Həmçinin, tələb etdiyi mənəvi zərərin müəyyən edilməsi üçün də keçirdiyi mənəvi iztirabları, sarsıntını və s. sübut etməlidir. Səfərdə olduğu müddət ərzində iddiaçının öz vəzifə öhdəliklərini yerinə yetirməməsi, heyətin yeməklə və s. təmin edilməsi kimi xidməti borcunu yerinə yetirməməsi kimi halların olduğu barədə onlara qarşı şirkətdən dəfələrlə məlumat verilmişdir. Məhkəmə zəruri hesab etdiyi təqdirdə, müvafiq gəminin kapitanının və digər heyət üzvlərinin məhkəmədə şahid kimi dindirilməsini təmin edə bilərlər. Həmçinin, həmin gəmidə olan heyətin heç bir üzvü hər hansı işgəncə, mənəvi əzab çəkmək kimi şikayətlər etməmiş, baş vermiş bu fors-major hadisəsini qəbul etmiş və xidməti vəzifələrini səbrlə sonacan yerinə yetirib məsələnin həllini gözləmişlər, çünki baş vermiş hadisədə heç bir şirkətin hər hansı formada təqsiri olmadığını tam şəkildə dərk etmişlər. Yalnız iddiaçı absurd formada hansısa maddi və mənəvi zərər çəkilməsini bildirir, lakin təbii ki, belə hal olmadığı üçün bu halı da sübuta yetirə bilmir. İddiaçı tərəfindən təqdim edilmiş analiz nəticələri heç bir halda göstərici deyil, həmin analizlərdə qeyd olunan dəyərlərin sırf həmin səfərdən sonra yaranıbyaranmaması qeyri-müəyyəndir və həmin sənədlərə əsasən, mənəvi zərərin çəkilməsinin sübut olunmasından söhbət gedə bilməz. Birləşdirilmiş iş üzrə cavabdeh “X8” QSC məhkəməyə birinci iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilən hallarla oxşar etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı2 Cavabdeh QSC ilə əmək müqaviləsi bağlayaraq 09 sentyabr 2024-cü il tarixdən etibarən gəmidə “mətbəx styuardı” vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı 01 yanvar 2023-cü il tarixli CCS/C/001/23 saylı Xidmət Müqaviləsinə əsasən, sonuncuya məxsus gəmilərdə və digər obyektlərdə iaşə xidmətlərini yerinə yetirir. Eyni zamanda, Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı 01 iyun 2022-ci il tarixli CCS/C/007/22 saylı Xidmət Müqaviləsinə (hər iki müqavilə hazırkı etiraza əlavə edilir) əsasən, Cavabdeh QSC "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının tapşırıqlarına əsasən, onun gəmilərində xidmət göstərmək məqsədilə, müqavilənin 1 saylı Əlavəsində göstərilən ixtisaslara malik personalını sonuncuya təqdim etməyi öhdəsinə götürmüşdür. Yəni, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq onun rəsmi işçisi və personalı qismində cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı xidmət müqavilələri əsasında sonuncu şirkətə məxsus gəmilərdə əmək fəaliyyətini yerinə yetirmək üçün göndərilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində də onun iş yerinin “gəmi” olması qeyd edilmişdir. İddiaçının göndərildiyi sonuncu dəniz səfəri isə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus gəmi ilə 19 sentyabr 2024-cü il tarixdə başlanılan Bakı-Abu Dabi səfəri olmuşdur. Həmin gəmi 07 noyabr 2024-cü il tarixdə Eritreya Respublikası tərəfindən saxlanılmış və hərəkətinə məhdudiyyət qoyularaq gəmi personal ilə birlikdə girov götürülmüşdür. Bu barədə məlumatı media və kütləvi informasiya vasitələrində, dövlət orqanlarının bəyanatlarında paylaşılmış xəbər və elanlardan rahatlıqla əldə etmək olar və dövlət səviyyəsində müdaxilələr nəticəsində həmin gəmidəki, eyni zamanda hazırkı iddia tələbinin predmeti olmayan daha 2 gəmidəki heyət dövlət tərəfindən diplomatik əlaqələr qurularaq yalnız 24 mart 2025-ci il tarixdə girovdan azad edilmişdir. Gəmilər isə hələ də girov altında qalmaqda davam edir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar cavabdehin heç bir təqsiri mövcud deyil və buna görə də, iddiaçıya hər hansı maddi və mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. Eyni zamanda, iddiaçının iddia etdiyi maddi zərərin əksinə, onun səfərdə olduğu bütöv müddət ərzində ona əmək müqaviləsi ilə müəyyən edilmiş əsas əmək haqqı, əmək haqqına əlavələr, ağır şəraitdə işləməyə görə əlavə, xarici sularda üzməyə görə əlavə və birdəfəlik mükafatlar müntəzəm olaraq hər ay üçün ödənilmiş və müqaviləyə əsasən əmək haqqısı 891,60 manat olduğu halda, ona həmin müddət üzrə aylıq təxmini 2.100-2.500 manat aralığında əmək haqqı ödənilmişdir (müvafiq sənədlər hazırkı etiraza əlavə edilir). Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, birinci və birləşdirilmiş iş üzrə iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" şirkətinin Azərbaycan filialı tərəfindən istismar olunan "CMS Pəhləvan", "CMS İgid" va "CMS-3" gamilərinin xx.xx.2024-cü il tarixində Eritreya Dövləti tərəfindən saxlanılmasının tafarrüatları barədə” məlumatından görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan "CMS Pəhləvan" (X5 nömrəsi: 9753789), "CMS İgid" (X5 nömrəsi: 9702168) və "CMS- 3" (X5 nömrəsi: 9684639) gəmilərinin Süveyş kanalı istiqamətindən Əbu-Dabi şəhərinə səfər edərkən xx.xx.2024-cü il tarixində hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Eritreya Dövlətinin ərazi sularına daxil olduğundan Eritreyanın səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə adıçəkilən şirkətin xx.xx.2024-cü il tarixli CMS/FQ/262- 2024 nömrəli rəsmi müraciəti daxil olmuşdur. Müraciətdə gəmilərin VHF (16-cı kanal) vasitəsilə Eritreya Dövlətinin liman qurumları ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz olduğundan Eritreyanın 12 dəniz mili olan ərazi sularına məcburi giriş etməsi və qarşı tərəfin səlahiyyətli qurumunun girişin icazəsiz olması əsas gətirilərək gəmiləri saxlaması, habelə gəmi heyəti üzvlərinin sənədlərinin müsadirə edilməsi barədə məlumat əksini tapmışdır. Bununla əlaqədar, rəsmi müraciət daxil olduqdan dərhal sonra "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmilərinin heyət üzvlərinə yaranmış vəziyyətlə bağlı köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə işçi qaydada məlumatlar ötürülmüş və rəsmi məktublar ünvanlanmışdır. Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin xx.xx.2024-cü il tarixli müvafiq cavab məktubunda zəruri konsulluq və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasındakı və Rusiya Federasiyasındakı səfirliklərinin təlimatlandırılması və qarşı tərəfə rəsmi notanın ünvanlanması barədə məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olan 18 nəfər gəmi heyəti üzvü (hər gəmidə 6 dənizçi olmaqla} ilə yanaşı, gəmi heyəti üzvü hesab olunmayan "Seagull Maritime UK" mühafizə şirkətinin Şri-Lanka vətəndaşı olan 6 nəfərdən ibarət hərbiləşdirilmiş mühafizə qrupu (hər gəmidə 2 nəfər olmaqla) barədə cari ilin 21 noyabr tarixində Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə X2, X3 Təşkilatındakı daimi nümayəndəliyinə, Böyük Britaniya və Şimali İrlandiya X1nə rəsmi məktubla ətraflı məlumat təqdim edilmişdir. Məsələ ilə əlaqədar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və X4 Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna ünvanlanmış xx.xx.2024cü il tarixli məktubunda Azərbaycan Republikasının Dövlət bayrağı altında üzən hər üç gəminin saxlanılması ilə bağlı təcili dəstəyin göstərilməsi xahiş edilmişdir. Eyni zamanda, saxlanılan gəmi heyəti üzvlərinin bəzilərinin səhhətində problemlərin müşahidə olunduğu və onların yetərli qida və su əldə etməkdə çətinlik çəkdikləri barədə məlumatların narahatlıq yaratması və bu vəziyyətin tezliklə və müsbət həl olunması məqsədilə gəmilərin və heyət üzvlərinin saxlanılması ilə bağlı konkret səbəblərin aydınlaşdırılması, saxlanılan heyət üzvlərinin təhlükəsizliyinin və rifah halının təmin olunması məqsədilə onlarla rabitə kanalının qurulmasına dəstək göstərilməsi, Eritreyanın səlahiyyətli qurumları tərəfindən aparılan istintaqla bağlı hər hansı yeniliklər və işin gedişatı haqqında məlumatların təqdim edilməsi və təyin olunmuş agent vasitəsilə onlara qida və su kimi zəruri məhsulların çatdırılması üçün köməkliyin göstərilməsi qarşı tərəfdən xahiş edilmişdir. Müraciətə cavab olaraq, X7 Britaniya və Şimali lrlandiya X1 28 noyabr tarixində qeyd edilən məktubun Eritreyanın aidiyyəti dövlət orqanlarına ünvanlanması barədə e-poçt üzərindən bildiriş göndərmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin saxlanılması ilə bağlı yaranmış vəziyyətin həlli istiqamətində Xarici İşlər Nazirliyi, habelə müvafiq diplomatik nümayəndəliklərlə mütəmadi olaraq əlaqə saxlanılır və bu istiqamətdə sıx əməkdaşlıq edilir. İş materiallarında olan Cavabdeh QSC (“İcraçı”) ilə “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı (“Sifarişçi”) arasında bağlanılmış CCS/C/001/23 saylı, 01 yanvar 2023-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, İcraçı Sifarişçinin gəmilərində və ya digər obyektlərdə (bundan sonra “Xidmətlərin göstərilmə yeri”) Müqavilənin Əlavələrində müəyyən edilmiş iaşə xidmətlərini (bundan sonra “Xidmətlər” adlandırılacaq) Müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən göstərməyi, Sifarişçi isə Xidmətlərin yerinə yetirilməsinin müqabilində İcraçıya Müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məktuba əlavə edilmiş "xxxx" Şirkətinin Dövlət Dəniz və Liman Agentliyinə ünvanladığı gəmi heyətinin siyahısında iddiaçılar İddiaçı1 və İddiaçı2 adları qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, CCS-034-19 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh MMC-yə gəmi struktur bölməsinə mətbəx stüardı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli (xx.xx.2019-xx.xx.2020-ci il) bağlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh MMC-nə gəmi struktur bölməsinə mətbəx styuardı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli (xx.xx.2024-xx.xx.2025-ci il) bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin iş yerinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən İddiaçı2 (FİN xxxxxxx) Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi (müqavilənin statusu: qüvvədədir; sənədin nömrəsi: xxxxxxx000202; iş yeri: əsas; müqavilənin bağlanma növü: müddətli; aylıq əmək haqqı: 891,6 manat; vəzifənin adı: aşpaz) xx.xx.2019-cu il tarixinə qüvvədədir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/6/2025-00691 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/6/-00653 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 54.1-ci maddəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. 195-ci maddəsinin c) bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239.1-ci maddəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.5-ci maddəsinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdən görünür ki, iddia tələbləri cavabdeh tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə dair öhdəliklərin pozulmasına əsaslanır. İddiaçılar əmək müqaviləsi ilə nəzərdə tutulmuş sağlam və təhlükəsiz şəraitdə işləmək hüquqlarının pozulduğuna istinad edərək, onlara dəymiş mənəvi və maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdeh şirkətinin işçiləri qismində "xxxx" Şirkətinin gəmisi ilə Bakıdan Əbu-Dabiyə səfər etmələri işin mübahisəsiz halı olsa da, onların həmin gəmidə olarkən (işləyərkən) cavabdehin təqsiri üzündən sağlamlıqlarının pozulması, onların maddi və mənəzi ziyana məruz qalmaqları iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçıların işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilər olmaqları öz təsdiqini tapmışdır. Belə olduğu halda istehsalatda baş vermiş peşə xəstəliyində işəgötürənin təqsiri müəyyən olunduqda, müvafiq təhqiqatın aparılması yolu ilə dəymiş zərərin əvəzi bununla bağlı toplanılmış sığorta ödənişləri hesabına ödənilməlidir. Hazırki iddia tələbləri sığorta ödənişin verilməsi halları ilə bağlı olmadığından, məhkəmə qeyd olunan hallar üzrə yoxlama aparmır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçıların təsvir etdiyi vəziyyətdə, yəni üçünçü şəxsin sahibliyində olan gəminin səfərdə olması zamanı işçilərin sağlam və təhlükəsiz əmək şəraitinə olan hüquqlarının pozulmasına yol verilərsə, nəzərə alınmalıdır ki, cavabdeh işçilərlə bağladığı müqavilə üzrə özünün risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, cavabdeh təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməməsinə görə o şərtlə məsuliyyət daşıyır ki, qeyd olunan pozuntu onun cavabdeh olduğu haldan irəli gəlsin (onun risk dairəsinə daxil olsun) və o, müqavilə bağlanarkən həmin halı qabaqcadan nəzərə ala bilsin. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi nəticəsində iddiaçıların maddi və mənəvi zərərə məruz qalmaqları iş materialları ilə öz təsdiqini tapmadığından, birinci və birləşdirilmiş iş üzrə iddia təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia tələbləri də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Birinci iş üzrə İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə 20.000 manat pul məbləğinin, 61 manat mediasiya xərcinin, 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat məbləğin, cəmi 20.461 (iyirmi min dörd yüz altmış bir) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı – vurulmuş maddi və mənəvi zərərə görə 20.000 manat pul məbləğinin, 61 manat mediasiya xərcinin, 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat məbləğin, cəmi 20.461 (iyirmi min dörd yüz altmış bir) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4792/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4792/2025
05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver