Məhkəmə qərarları › İş №2(011)-483/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-483/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-483/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 59 saylı mənzil İddiaçı məxsusdur. Cavabdeh uzun illərdir iddiaçı ilə qonşudur. İddiaçının mənzilinin üstündə yerləşən 61 saylı mənzil cavabdehə məxsusdur.

2. Cavabdeh öz mənzilinə və onun istismar vəziyyətinə nəzarət etmir. Cavabdeh tərəfindən iddiaçının mənzilinə dəfələrlə su axıdılmışdır ki, bunun nəticəsində iddiaçının həm mənzilinə, həm də mənzilin içərisindəki əşyalara maddi ziyan vurulmuşdur. Mətbəx, dəhlizin tavanı və elektrik xətləri zədələnmişdir. Bir dəfə də cavabdeh iddiaçının mənzilinə su axıtdığı zaman ona 100 manat ödəniş edərək məsələnin bağlanmasını xahiş etmişdir. Lakin cavabdehin bu cür hərəkətləri davam etdirməsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə vadar etmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 59 saylı mənzilə vurulmuş ziyana görə 3000 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 öz izahatında qeyd etmişdir ki, hal-hazırda icraatda olan mülki iş davam edə-edə cavabdeh yenə də onların mənzilinə su axıtmaqdadır. Evi təmir edirlər, lakin yenə də su axma nəticəsində mənzilə və əşyalara əhəmiyyətli dərəcədə ziyan vurulur. İddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, dəfələrlə qonşunun qapısını döymüşdür ki, sözünü desin, lakin qapını açan olmamışdır. Mənzilə və əşyalara vurulmuş ziyan onun özünün sağlamlığına da təsir göstərir, o, əsəb-stress keçirir. Hətta dünən və əvvəlki günlərdə də mənzilinə su axıtmağa davam edir. İddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, keçən məhkəmə iclasından sonra iddiaçı tərəfə müraciət etmişdir. Onların evinə gedərək bildirmişdir ki, dəymiş ziyanı ödəməyə razıdır. Hətta onlara təklif etmişdir ki, usta çağırılsın və dəymiş ziyan hesablansın. Ustaya müraciət etmiş, öz evini göstərmişdir, çünki təxmini onlara vurulmuş ziyan eynidir və usta ona bildirmişdir ki, orada təxmini 100-150 manatlıq iş vardır. Boruda su qalmışdır, o da qonşunun şaxtasına axmışdır, burada onun heç bir günahı yoxdur. Su pilləkanların arasında partlamışdır, bunun iddiaçının mənzilinə heç bir aidiyyatı yoxdur. Ən çoxu 200 manat ödəməyə razıdır, qalan heç bir məbləğlə və irəli sürülmüş iddia tələbi ilə razı deyildir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. 132 №li Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, mənzil 59-un mülkiyyətçisi İddiaçı MTK-ya ərizə ilə müraciət edərək yaşadığı mənzilin mətbəxinin tavanından su axıntısının olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq həmin gün-xx.xx.2023-cü il tarixdə mənzilə baxış keçirilmişdir. İddiaçı şifahi şəkildə MTK sədrinə üst qonşusunun onun mətbəxinə su axıtdığını bildirmişdir. Müşahidə ilə məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, mənzil 59-un mətbəxinin tavanına suyun axıdılması yuxarıda yaşayan qonşunun 61 saylı mənzilindən gəlməsi məlum oldu. 61 saylı mənzilindən axıdılan suyun nəticəsində 59 saylı mənzilin mətbəxinin tavanı, divarı və döşəməsi islanmışdır. Mənzilin mülkiyyətçisi İddiaçı maddi ziyan vurulmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 may 2024-cü il tarixli 3-16-16/2-10/9181 №li məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, tədqiq olunan 59 saylı mənzilin dəhliz və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və.s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 61 saylı mənzildən su axıldığı, nəticədə 59 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 61 saylı mənzilin su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 59 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 59 saylı mənzilə su sızması 61 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 2-ci və 3-cü suallar üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1659,0 manat məbləğində müəyyən olunmuşdur.

10. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər materiallar.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Məhkəmənin mövqeyi:

14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

16. MM-in 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

17. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının bu dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Adıçəkilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

18. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının mənzilinə su sızması məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 may 2024-cü il tarixli 3-16-16/2-10/9181 №li məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən cavabdehin mənzili olan 61 saylı mənzilin su kanalizasiya xətləri gizli şəkildə olduğundan, iddiaçının mənzili olan 59 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 59 saylı mənzilə su sızması 61 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Yəni alınmış ekspert rəyində, iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı, lakin bunun texniki səbəbini müəyyənləşdirmənin mümkün olmadığı göstərilmişdir. (§9)

19. Eyni zamanda məhkəmə iclasında cavabdeh izahat verərkən əvəllər də onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması hallarının mövcud olduğunu etiraf etmişdir. Sonuncu məhkəmə baxışı zamanı da su sızma halının təkrarlandığı qeyd edilmişdir.

20. İddiaçının su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması hissəsini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə baxışının son iclası zamanı hər iki tərəf su axıdılma halının təkrarlandığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh mənzilindəki su xətlərini təmir etməlidir. Məhkəmə digər zəruri tədbirlərin hansı hərəkətlərdə ehtiva edildiyini müəyyən edə bilmədiyindən, iddia tələbi bu hissədə qeyri-dəqiq olduğundan iddia tələbini bu hissədə təmin etmir.

21. Məhkəmə iddia tələbini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 59 saylı mənzilə vurulmuş ziyana görə 3000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 may 2024-cü il tarixli 3-16-16/2-10/9181 №li məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1659,0 manat məbləğində müəyyən olunmuşdur. (§9)

22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 61 saylı mənzilindəki su xətlərini təmir etməli, cavabdehdən 1659 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddiaçı iddia ərizəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq yəni, 36,59 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

25. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 1659 (min altı yüz əlli doqquz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. Cavabdeh üzərinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, 61 saylı mənzilindəki su xətlərini təmir etdirmək öhdəliyi qoyulsun.

4. 36,59 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar