Məhkəmə qərarları › İş №2(011)-4861/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4861/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4861/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “xarici valyutada olan kreditin əsas məbləğinin devalvasiya nəticəsində yaranmış faiz və dəbbə pulunun ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikasının Maliyyə bazarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 895.37 manat məbləğində borcunun restrukturizasiya olunaraq bankın elektron sistemi üzrə iddiaçıya hesablanmış faizlərin silinməsi və sonradan 320 manat ödəmə etməsini nəzərə almaqla qalan məbləğin 6 aya bölünərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. O, izahatında cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonu olmasını bildirdi. Məhkəmə iclasında iddiaçı işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 31-dir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Xətai rayonunun inzibati ərazisinə aid olduğu göstərilsə də, iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 31-dir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı mülki işə Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “xarici valyutada olan kreditin əsas məbləğinin devalvasiya nəticəsində yaranmış faiz və dəbbə pulunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar