Məhkəmə qərarları › İş №2(011)-4865/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4865/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4865/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh3 (bundan sonra - Borclu) Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (bundan sonra birlikdə - Zaminlər) “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" ASC (bundan sonra - Bank) ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixdə 1071 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyini Borclu tam icra etmədiyinə görə onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restruktruzasiya müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtinə görə tərəflər Borclunun xx.xx.2013-cü il tarixli, 1071 saylı kredit müqaviləsi üzrə Bankdan aldığı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci tarixli, 570 saylı Fərmanın icrası ilə əlaqədar Bankdan iddiaçıya ötürülmüş kredit borcu üzrə ödənilməyərək vaxtı keçmiş 9225,07 ABŞ dolları əsas, 3802,43 ABŞ dolları faiz, cəmi 13027,5 ABŞ dolları borcun olmasını təsdiq edirlər, həmin kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4360,85 ABŞ dolları vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılması, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl Borcluya hesablanmış və ödənilməmiş 3802,43 ABŞ dolları faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir, Borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 7413,45 manat əsas borcunu və ona illik 1%lə hesablanmış (borc gecikdirildiyi halda, borc qalığına illik 2%-lə) halda faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə ödəniş cədvəlinə əsasən ödəniş müddəti 60 ay, aylıq ödəniş isə 126,72 manat müəyyən edilmişdir.

2. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən zaminlər borclunun kreditor qarşısında ödənilməli olan 7413,45 manat borcun tam ödənilməsinə məsuliyyət daşıyır.

3. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərdən əsas borc üzrə 5259,83 manat, faiz borcu üzrə 30,65 manat olmaqla cəmi 5290,48 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 72,90 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh3 dair sənədlər S- AVK-SHA-32 saylı, 22 avqust 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh3 ilə İddiaçı QSC arasında 07 dekabr 2020-ci il tarixli 1 Nfe-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1 % olmaqla 36 ay müddətinə 7413,45 manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasında iştirak etməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

8. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit və bank hesabı orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

17. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, borclu ilə Bank arasında arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 36 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, 7413,45 manat məbləğində kredit cavabdehə verilmişdir.

18. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

19. İşin mübahisəsiz halıdır ki, Bank ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

20. Məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

21. Məhkəmə həmçinin iddianın 72,90 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 5259,83 manat məbləğində əsas, 30,65 manat faiz borcu olmaqla, cəmi 5290,48 manat pul, ödənilmiş 72,90 manat dövlət rüsumu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar