Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-487/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı ASC (Ləğv prosesindədir) nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı, Cavabdeh1, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1836,44 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1381,24 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 277,94 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1260,77 ABŞ dolları cərimə borcunun, cəmi isə 4756,39 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 377 saylı İstehlak Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı ASC-yə 1836,44 ABŞ dolları əsas, 1381,24 ABŞ dolları faiz borcu, əsas borca illik 5% hesablanmış 277,94 ABŞ dolları borcu 1260,77 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4756,39 ABŞ dolları borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış İKM 377 nömrəli Kredit Müqaviləsinə əsasən kreditor borcluya 24 ay müddətinə, illik 28 % olmaqla 1900 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 377 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan 1836,44 ABŞ dolları əsas borcu, 1381,24 ABŞ dolları faiz borcu, əsas borca illik 5% hesablanmış 277,94 ABŞ dolları, 1260,77 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı 797 nömrəli, xx.xx.2017ci il tarixli xəbərdarlıq məktublarının surətləri və müvafiq poçt qəbzlərindən görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli İstehlak Kredit müqaviləsinə əsasən kredit borcunun ödənilməsini qısa vaxt ərzində təmin etməyi, əks təqdirdə müqavilənin şərtlərinə və Azərbaycan Respublikasını qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 09/590 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli İKM 377 saylı İstehlak Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə bitən müddətə, yəni xx.xx.2017-ci il tarixinə banka olan borcu əsas borc üzrə 1838,38 ABŞ dolları, faiz borcu üzrə 988,38 ABŞ dolları, müqavilə bitən müddətdən sonra illik 5 faizlə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək banka olan borcu- əsas borc üzrə 1838,38 ABŞ dolları, faiz borcu üzrə 1257,20 ABŞ dolları məbləğində müəyyən olunur. Ekspertiza xərclərinə dair Bildirişə əsasən Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 09/590 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməli əsas kredit borcu 1836,38 ABŞ dolları, faiz borcu 988,38 ABŞ dolları, müqavilə bitən müddətdən sonra illik 5 faizlə hesablanmış faiz borcu 268,82 ABŞ dolları müəyyən edilmişdir. Belə olan halda, iddia üzrə cavabdehdən əsas borca görə 1836,38 ABŞ dolları, faiz borcu üzrə 988,38 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 268,82 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalıdır. Odur ki, məhkəmə iddia tələbində göstərilən cərimə borcunun 1260,77 ABŞ dolları məbləğində deyil, 200 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda digər cavabdeh X4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Cavabdeh1 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək, qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış İKM 377 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017-ci il tarixdə bitir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixində, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş 3 illik iddia müddəti ərzində vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli İKM 377 nömrəli İstehlak Kredit Müqaviləsi üzrə, ödəniş gününə qüvvədə olan məzənnə ilə 1836,38 (min səkkiz yüz otuz altı dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc, 988,38 (doqquz yüz səksən səkkiz dollar otuz səkkiz sent) ABŞ dolları faiz borcu, 268,82 (iki yüz altmış səkkiz dollar, səksən iki sent) müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 3293,58 (üç min iki yüz doxsan üç dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-487/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-487/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver